AZ

Məmur bəylərin ən çox qorxduğu nədir?. .


Əvvəlcə deyim ki, indi insanlarımızın çoxunun ağlında bir sual var: görəsən, iki möhtəşəm bayram ərəfəsində əfv olacaq, ya olmayacaq? Adətən belə şeylər olanda əvvəldən söz-söhbət başlayır. Həm də sonuncu böyük amnistiya, səhv etmirəmsə, bir neçə ay bundan əvvəl oldu, üstəlik, deyəsən, onun icrası hələ tam başa çatmayıb, ona görə güman, belə tezliklə daha bir fərman olmaz.

O vaxt hətta kiçik bir yazı da yazmışdım və həm də qeyd etmişdim ki, bu, amnistiya həm sevindirir, həm də düşündürür. Sevincli tərəfi hamıya aydın məsələdir. Düşündürücü məqamsa bu, idi ki, beynimdə kiçik hesablama aparmışdım ki, əgər bu qədər adam əfv olunursa, deməli həbsdə olanların sayı bundan bir neçə dəfə artıq olmalı və ən azı filan qədər təşkil etməlidir–doğrusu, təxmini ədəd artıq yadımda deyil.

Bunu ona görə təxmin etməyə çalışmışdım ki, Avropa strukturları ilə əlaqə olan zamanlarda onların ekspertləri daim deyirdilər ki, əhaliniz o qədər böyük deyil və belə kiçik cəmiyyətçün bu qədər məhbus çoxdur. Ona görə qanunlarınıza baxın, bəlkə onlar zəruri olandan daha sərtdir?..
Sonralar bəlkə də belə iradlar ucbatından Avropayla münasibətlər soyudu və bütün bunlar tamam yaddan çıxdı və unuduldu. Amma özüm hüquqşünas olmasam da azı beynəlxalq sənədlərlə, eləcə bizim hüquqi aktlarla tanışam və dəfələrlə yazmışam ki, qanunlarımızda “lazeyka”lar çoxdur, onlar mümkün qədər birmənalı olmalıdır, bizdəsə “və”, “və yaxud” kimi ibarələr çoxdur, bu, da hüquqi sepkulyasiya üçün zəmin yaradır: bəli, hakimlərin “bığ”ının altından keçsən cəza az da ola bilər, hətta bəzən məsələni daha yüngül cəzayla, cəriməylə də bitirmək olar...

O ki qaldı qanunlarımızın nə qədər sərt olmasına, birmənalı deyə bilmərəm. Amma bu yaxınlarda lap təsadüfən bir məhkəmə işi haqqında oxudum. Bəli, adama düz 12 il cəza verildi! Dostlar, çox deyilmi? Axı hər işə görə adama 10-15 il cəza vermək çox sərt qərardır! Bunu adətən çox ağır cinayət törətmiş adama verərlər! Burada yadıma illər öncə bir gəncə də verilmiş cəza düşür. Sonradan həmin gənc deyəsən, əfv olundu. Amma ona bu qədər cəza – səhv etmirəmsə, düz 13 il verilməməlidi axı!
Düz xatırlayıramsa, gənc harasa-nəsə yazıbmış! Özü də qeyri-adi bir təhqir - filan yox, bir növ etiraz xarakterli bir şey! Buna görə adama belə ağır cəza vermək olardımı? Axı bu, ən azı gəncdir, necə deyərlər, uşaq, ağlıkəsməzdir!

Məsələnin hüquqi tərəfinə gəldikdə, bunu uzağı yüngül xuliqanlıq kimi dəyərləndirmək və 10-15 sutka iş vermək və yaxud da hansısa ictimai işə cəlb etmək olardı. Amma gəncə, nə az, nə çox, düz 13 il iş vermişdilər! Xoşbəxtlikdən deyəsən, sonra əfvə düşdü...

Hərdən mənə elə gəlir ki, kimlərsə qəsdən insanları daha çox cəzalandırmaq istəyir ki, onlarda qorxu yaransın. Niyə lazımdı bu? Nəyə nail olacağıq bununla?
İnanın, bəzən adama elə gəlir ki, bəzi məmurlarımızı lap “qarabasma” təqib edir. Bir misal çəkəcəm. Çox da uzaq keçmişin söhbəti deyil. Bir dəfə rəsmi “araşdırma-tədqiqat” mərkəzlərimizdən birinin materialı dərc olunmuşdu saytların birində. Əlbəttə, maraqlı idi və tez baxdım, görüm, bunlar nə araşdırır, necə araşdırırlar? İnanmazsınız, elə ilk səhifədə başlayırdı ki, bəs filankəs belə etdi, elə etdi! Bəli, müxalifətçilərdən biri haqda söhbət gedirdi!..

Qərəz, təəccüb qaldım ki, əcaba, bu “araşdırma” kiminçündür, təbliğat üçündür, yoxsa ki, xidməti istifadə üçün? Axı gülünc bir şey idi və heç bir reallığı əsk etdirmirdi!
Şəxsən mən illər öncə bizim müxalifət partiyalarını necə deyər, qiymətləndirməyə çalışmış və yazmışdım ki, ölkədə güclü müxalifət institutu deyilən məsələ qalmayıb, uzağı, hansısa “dissident klubları”ndan danışmaq olar. Həmişə olduğuğu kimi bu sözümü də “demokratiaya və insan haqları üzrə böyük mütəxəssislər” dərhalca mənimsədilər və necə deyərlər, öz ideyaları kimi xeyli “fırlatdılar”...
Olsun, söhbət bunda deyil. Mənim dediyim başqa detal onların diqqətindən yayınmışdı. Yazmışdım ki, güclü müxalif siyasi təsisatlar qalmayıb, amma insanların tanıdığı güclü narazı fiqurlar var, bir növ, bizim də dissidentlərimiz var və müəyyən, əlverişli situasiyada onlar həqiqətən liderlərə çevrilə bilərlər, necə ki, bu, keçmiş sovet-sosialist düşərgısində olmuşdu: SSRİ-də Saxarov, Qamsaxurdia, Kostava, Landsberqis, Çornovil, bizim Əbülfəz bəy, hətta özbək Məhəmməd Saleh kimi adamlar şərait yaranan kimi yeni hərəkatların liderlərinə çevrildilər. Eyni sözü Avropada da Havel, Valensa, nə bilim, Adam Mixnik kimi adamlar haqqında demək olardı.

Əlbəttə, ölkədə sistemli şəkildə demokratik islahatlar başlasa, buna ehtiyac olmayacaq, çünki qəhrəmanlara heç də həmişə ehtiyac olmur və yaxşı olar ki, olmasın da, cəmiyyət onlarsız keçinsin, ona görə ki, kritik- ekstremal vəziyyətlər heç də ürəkaçan məsələ deyil.
Mənə elə gəlir, bəzi məmurları qorxudan da elə budur, məhz bu səbəbdən hazırda real, hiss ounacaq siyasi gücə malik olamayan insanlar onların gözünə az qala, əjdaha kimi görünür, ona görə də çox sərt qərarlar qəbul edir, insanları ciddi nəzarət altında saxlamağa çalışırlar.
İş o yerə çatıb ki, bəzi məmurlarımız hətta quru sərhədlərinin qapalı qalmasını da böyük strategiya adlandırırlar. Amma dünyada hansı ölkə üçün təhdid yoxdur? Onlar neyləməlidir? Hamı qapını-pəncərni bağlayıb evdən bayıra çıxmamalıdır?

Söhbət çoxdan “fırladılır”, sanki pandemiya bəhanə oldu. İndi əllərinə başqa arqument düşüb: İran...
Olsun, İranı başa düşdük! Amma “gücləndirilmiş rejim” anlayışı da var axı! Yenə də deyilrik ki, İranı başa düşdük! Gürcüstandan da bizə böyük təhlükə var? Yoxsa rusların şimaldan bura hücum etmək planları haqqında məlumatlar var? Bu “ideya”ya bizimkilər necə aludə olubsa, o gün baxıram, guya hətta Saakaşvili də həbsdən Gürcüstandakı azərbaycanlıların hamısının fundamentalistlərə-ekstremistlərə çevrilməsindən və Azərbaycançün təhlükəli olmasından yazır. Guya Azərbaycan buna görə Gürcüstanla sərhədləri bağlamağa məcbur olub!
Təsəvvür edirsinizmi? Odur, Allah bilir, bəzi məmurlarımızın ağlına daha hansı “ideya”lar gələcək; cəmiyyəti də, cənab Prezidenti də hələ çox çaşdırmaqda, yanlış məlumatlandırmaqda davam edəcəklər. Çoxdan baxdığım film idi, ya oxuduğum bədii əsər idi, bilmirəm, adı yadımda qalıbdır: “bu qatar səni hara aparır?”

Odur ki, məmurlarımıza da xitabən deyərdik ki, camaatı incitməyin, Vallah faydasızdır! Bu sıravi “qaradərili” demokratın sözünə inanın: heç bir hakimiyyət öz xalqından, cəmiyyətindən güclü ola bilməz. Amma nə səbəbə görəsə, hamı buna öz təcrübəsində əmin olmaq istəyir! Öldürün məni, amma bunu başa düşə bilmirəm ki, bilmirəm...

Seçilən
2
50
musavat.com

10Mənbələr