AZ

Qlobal Bakı Forumunda Orta Dəhliz müzakirəsi

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

XIII Qlobal Bakı Forumu çərçivəsində “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı” mövzusunda keçirilən panel müzakirələri regionun geoiqtisadi gələcəyini müəyyən edən əsas nəqliyyat marşrutlarından biri kimi Orta Dəhlizin əhəmiyyətini bir daha ön plana çıxardı. Avropa ilə Asiya arasında yeni ticarət və logistika imkanlarının formalaşması fonunda bu marşrutun strateji rolu iştirakçılar tərəfindən geniş şəkildə müzakirə edildi. Panelə Boris Tadiç moderatorluq edib.

Müzakirələrdə Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçall, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Rəşid Alimov, Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev və Lazar Komănesku iştirak edərək Orta Dəhlizin regional və qlobal perspektivləri barədə fikirlərini bölüşüblər.

Panel çərçivəsində səsləndirilən fikirlərdən aydın olub ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi Avrasiyada yeni inteqrasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu yaxınlaşma xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, region ölkələri yeni nəqliyyat marşrutlarının açılması ilə qlobal bazarlara çıxış imkanlarını artırmağa çalışırlar. Bu baxımdan Zəngəzur dəhlizi kimi layihələr də regional iqtisadi əlaqələrin genişlənməsi üçün mühüm perspektivlər vəd edir.

Müzakirələr zamanı Orta Dəhlizin qlobal ticarət sistemindəki üstünlükləri də xüsusi vurğulanıb. Bildirilib ki, Şərqdən Qərbə yükdaşımaları ənənəvi dəniz marşrutları ilə həyata keçirildikdə bu proses təxminən 40–50 gün çəkir. Lakin Orta Dəhliz vasitəsilə həmin yük axınını cəmi 12–15 gün ərzində çatdırmaq mümkündür. Bu isə logistika xərclərinin azalması və ticarət dövriyyəsinin sürətlənməsi baxımından mühüm üstünlük yaradır.

Panel iştirakçıları həmçinin Azərbaycanın Orta Dəhliz çərçivəsində həyata keçirdiyi infrastruktur layihələrinin regionun gələcək inkişafında mühüm rol oynadığını qeyd ediblər. Xüsusilə nəqliyyat, enerji və rəqəmsal infrastrukturların paralel şəkildə inkişaf etdirilməsi Avrasiya məkanında yeni iqtisadi inteqrasiya modelinin formalaşmasına xidmət edir. Bu kontekstdə Trans-Xəzər Fiber Optik Kabeli layihəsi xüsusi diqqət çəkir. Layihə həyata keçirildiyi təqdirdə Asiya ilə Avropa arasında saniyədə 300 terabit həcmində yüksək sürətli rəqəmsal əlaqə yaradaraq regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsini başlada bilər.

Müzakirələrdə Cənubi Qafqazın geosiyasi mövqeyi və region dövlətlərinin artan roluna da diqqət çəkilib. Qeyd olunub ki, region ölkələri artıq yalnız tranzit məkan kimi deyil, eyni zamanda, regional əməkdaşlığın və strateji qərarların formalaşdığı yeni güc mərkəzi kimi çıxış etməyə başlayır. Bu proses nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında daha sıx strateji tərəfdaşlıq modeli formalaşır.

Panel iştirakçıları Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinin qlobal sabitlik üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, enerji təhlükəsizliyi və logistika marşrutlarının şaxələndirilməsi müasir beynəlxalq münasibətlər sistemində milli təhlükəsizliyin əsas elementlərindən biri hesab olunur. Bu baxımdan Qafqaz və Mərkəzi Asiya regionlarının sabitliyi yalnız regional deyil, həm də daha geniş Avroatlantik məkan üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında strateji əlaqə nöqtəsində yerləşərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının qovşağında mühüm rol oynayır. Bu baxımdan xüsusilə Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa ölkələrinin Asiya bazarları ilə əlaqələrinin genişlənməsi üçün önəmli alternativ nəqliyyat xətti kimi diqqət çəkir. Dəhlizin inkişaf etdirilməsi yalnız ticarət və logistika imkanlarını artırmaqla məhdudlaşmır, eyni zamanda, region dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə də töhfə verir.

Bir müddət öncə, dövlət başçısının Davos İqtisadi Forumunda “Qlobal qapılar” layihəsi çərçivəsindəki çıxışı, Orta Dəhlizinin artan önəmini birbaşa əks etdirirdi. Belə ki, Azərbaycan Prezidentinin sözləri ilə desək, “Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir”. Ümumiyyətlə, “Qlobal qapılar” layihəsi Avropa İttifaqının dünya miqyasında davamlı, təhlükəsiz və etibarlı infrastruktur əlaqələrinin qurulmasını hədəfləyən strateji təşəbbüsüdür.

2021-ci ildə Avropa Komissiyası və Avropa İttifaqının Ali Nümayəndəsi rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz əlaqələri gücləndirməyə, eyni zamanda, bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərini möhkəmləndirməyə yönəlmiş yeni Avropa strategiyasını - “Qlobal Qapılar” təşəbbüsünü irəli sürüb. Həmin ildən etibarən Avropa komandası (Team Europe) tərəfdaş ölkələrin ehtiyaclarına cavab verən, yerli icmalar üçün uzunmüddətli faydalar təmin edən dayanıqlı və yüksək keyfiyyətli layihələri dəstəkləmək məqsədilə 306 milyard avrodan çox investisiya səfərbər edib.

2025-ci ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi nəzərəçarpacaq dərəcədə artaraq bu marşrutun Avrasiya nəqliyyat sistemində getdikcə daha mühüm rol oynadığını göstərir. Azərbaycan Dövlət Statistika Komitəsi və beynəlxalq hesabatların məlumatlarına görə, ötən il ərzində Azərbaycanın ərazisindən keçən əsas nəqliyyat dəhlizləri ilə ümumilikdə 32,6 milyon ton yük daşınıb.

Bu göstəricinin mühüm hissəsi Şərq-Qərb istiqamətində fəaliyyət göstərən Orta Dəhlizin payına düşür. Belə ki, həmin marşrut üzrə daşımaların həcmi 16,9 milyon ton təşkil edib. Dəhlizin əsas seqmentlərindən biri sayılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axını da artım tendensiyası nümayiş etdirərək 4,5–5,2 milyon ton səviyyəsinə yüksəlib.

Statistik göstəricilər konteyner daşımalarının da dinamik inkişaf etdiyini göstərir. 2025-ci il ərzində Orta Dəhliz vasitəsilə təxminən 77 min TEU (iyirmi futluq ekvivalent) konteyner daşınıb ki, bu da marşrutun beynəlxalq logistika şəbəkəsində artan rolunu əks etdirir.

Nəqliyyat növləri üzrə bölgüyə nəzər saldıqda isə yük axınlarının əsas hissəsinin dəmir yolu vasitəsilə həyata keçirildiyi görünür. Belə ki, il ərzində 14,3 milyon ton yük dəmir yolu ilə daşınıb. Avtomobil nəqliyyatının payı 11,1 milyon ton, dəniz daşımalarının həcmi isə 7,2 milyon ton təşkil edib.

Bu göstəricilər Orta Dəhlizin Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsində və regionun tranzit potensialının gücləndirilməsində getdikcə daha mühüm logistik platformaya çevrildiyini aydın şəkildə nümayiş etdirir.

Beləliklə, XIII Qlobal Bakı Forumundakı panel müzakirələr, qlobal nizamdakı göstəricilərə əsasən Orta Dəhliz tədricən Avrasiyanın qlobal ticarət xəritəsində əsas logistika arteriyalarından birinə çevrilir. Region ölkələrinin həyata keçirdiyi infrastruktur layihələri və artan əməkdaşlıq isə bu marşrutun gələcəkdə daha geniş iqtisadi və strateji imkanlar yaradacağını göstərir.

N.ABDALOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr