AZ

Bakıda 200 min yeni mənzil planı – qiymətlərə necə təsir edəcək?

Bakıda 2040-cı ilə qədər təxminən 200 min yeni mənzilin inşası planlaşdırılır. 

Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi yaşayış sahəsinin 20,8 kvadratmetrdən 25 kvadratmetrə çatdırılması nəzərdə tutulur. Əhali artımı ilə bağlı aparılan proqnozlara görə, 2040-cı ilə qədər Bakıda əlavə təxminən 142,8 min mənzilə tələbat yaranacaq.

Day.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Xəzər Xəbər-ə bildirib ki, mənzillərə olan tələbat və qiymətlər 2030-cu ilə qədər artan xətt üzrə davam edəcək. Onun sözlərinə görə, 2030-cu ilə qədər paytaxt ərazisində mövcud olan qəzalı vəziyyətdəki köhnə sovet tipli yaşayış binalarının və fərdi yaşayış evlərinin böyük hissəsinin sökülməsi gözlənilir. Bu proses nəticəsində müəyyən dövrdə mənzillərin sayının azalması və tələbatın artması səbəbindən daşınmaz əmlak bazarında qiymət artımı müşahidə oluna bilər.

Ekspert qeyd edir ki, 2030-cu ildən sonra paytaxtın kənar ərazilərində yeni çoxmənzilli yaşayış binalarının inşası daha da genişlənəcək. Bu isə əmlak bazarında yeni tikinti şirkətlərinin və əmlakçıların fəaliyyətə başlamasına, rəqabətin artmasına səbəb olacaq. Rəqabətin güclənməsi nəticəsində isə qiymətlərin stabilləşməsi, hətta bəzi hallarda süni şəkildə artırılmış qiymətlərin azalması mümkündür.

Əhalinin mənzil tələbatını ödəmək üçün tikiləcək yeni yaşayış binaları və evlər üçün təxminən 9 min hektar ərazi nəzərdə tutulur. Bu sahədə təxminən 200 min mənzilin inşası mümkün hesab olunur.

Elcan Turan 
Day.Az

Seçilən
39
day.az

1Mənbələr