Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
90deqiqe.Az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın idmançıların mübarizəsi ilə başlayıb.
Turnirin açılış mərasimindən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından iştirakçıları salamlayıb. O bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir və ölkədaxili yarışlar idmançıların inkişafında mühüm rol oynayır.
Vitse-prezident əlavə edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində federasiya rəhbərliyi idmançıların hazırlıq prosesinə xüsusi həssaslıqla yanaşır.
İlk yarış günündə qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova (53 kq) qalib olub. O, iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərib.
Digər çəki dərəcələrində Türkanə Eminova (58 kq) 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub. Milena Hüseynli (63 kq) isə 98 kq (43 kq + 55 kq) nəticə ilə qalib adını qazanıb.
Qeyd edək ki, çempionatda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.