AZ

Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı?

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10 A ünvanında yaşayan bir qrup sakin yaşadıqları evlərindən çıxarılıblar. Qeyri- yaşayış təyinatlı ərazidə illərdir sənədsiz yaşayan sakinlər çıxarılma barədə öncədən məlumatlı olmadıqlarını iddia ediblər.

Baş verənlər barədə Publika.az-a müraciət edən Oruc Şirinov deyib ki, 20 ildən çoxdur ki, sözügedən ərazidəki evlərdən birində yaşayıb: "Mən o vaxt evi Şahvələd adlı şəxsdən 5 min ABŞ dollarına aldım. Amma sonra məlum oldu ki, Nəriman Həsənov adlı şəxs təyinatı qeyri-yaşayış sahəsi olan bu ərazini vaxtilə icarəyə götürüb və hissə-hissə müəyyən şəxslərə satıb. Onlardan biri də Şahvələd olub. Ev 2 otaqlı və çox pis vəziyyət idi, zamanla oranı abadlaşdırdım, mənzil halına saldım, ətrafına başqa tikililər də əlavə etdim”.

Şikayətçi iddia edib ki, 2003-2004-cü illərdə Nərimanın torpaq satdığı şəxslər onu şikayət edib. Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq üstündə həbs olunub.

Nəriman isə amnistiyaya düşüb həbsdən çıxandan sonra ərazidə yaşayan sakinləri evlərindən çıxarıb, ora sahiblənmək istəyib.

“Halbuki əlində yalnız texniki pasport var idi. Mən və qonşularım Nərimanı məhkəməyə verdik. Məhkəmə qərarına görə, Nəriman ərazidən çıxarılacaq ailələrə təzminat ödəməlidir. Amma o heç bir ailəyə təzminat vermədi. Biz də aldığımız mənzildə yaşamağa davam etdik. 2012-ci ildə isə Nəriman bizi aldatmağa nail oldu, beləki, bəzi şəxslər gəlib sənədləşmə işlərinin aparılacağını dedilər, evi ölçdülər. Biz düşündük ki, nəhayət kupça veriləcək. Amma sən demə, bu vasitə ilə Nəriman ərazinin onun mülkiyyətində olması barədə sənəd əldə etdi. O vaxtdan indiyə kimi vaxtaşırı məhkəmə proseslərimiz olur. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin qərarı belə oldu ki, mən əvvəl aldığım 2 otaqdan çıxsam da öz tikdiyim yerdə qalıb yaşaya bilərəm. Amma bu gün evimizə gələn icra məmurları qərarı heçə sayıb məni öz tikdiyim evdən də çıxartdılar. Bütün əşyalarımız içəridədir, bizim isə gedəcək yerimiz yoxdur”,- deyə o, qeyd edib.

Seçilən
26
publika.az

1Mənbələr