ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Traktor”un İran çempionatında yarışan adi bir futbol komandası olmadığı hamıya bəllidi. Bu komandanın az qala hər oyunu Güney Azərbaycan türklərinin haqq davasına xidmət edir, soydaşlarımız Azərbaycanın vahidliyi ilə bağlı şüarlar səsləndirir. Son vaxtlar personası çox dartışılan Həmid Herisçi Təbrizi təmsil edən futbol klubunun necə yaranması ilə bağlı maraqlı açıqlama verib. Sən demə, bu ideya onun atasının – məşhur inqilabçı və alim Qafar Kəndlinin beyninin məhsuludu: “İran kommunistləriylə növbəti görüşü zamanı Rumıniya kommunistlərinin lideri Nikolae Çauşesku (1974-89 aralığında Rumıniyaya rəhbərlik edib, güllələnib – red.) onları şəhər kənarındakı qədim qəsrə dəvət edir. Həyətdəki nəhəng qoz ağacının dibində bir dəstə hind quşu gəzişir, qozaların nə vaxt qopub yerə düşəcəyi nadir anı səbirsizliklə gözləyirlər. Nahar zamanı Çauşesku bu mənzərəni qonaqlarına göstərib: - Hindquşları bu qoz ağacını güdür, biz isə elə həmin quşları. Payına beş qoza düşmüş hind quşunun çəkisi sonra xeyli artır. Həmin quşu vaxtında gözaltı etmək hər igidin işi deyil, - sözlərini deyir.- Əsl rumun həmin quşu seçir, güdür, itirmir, sonra öz qonaqlarının süfrəsinə göndərir. Lakin, o rumun igidini güdən bir başqa qüvvə də var ki, orda bütün bu halqa qapanır. Bu, rumın qızıdı, o, həmin hindquşunun boğazını üzən igidi seçir, güdür, itirmir – deyən Çauşesku azca gülümsəyib keçir əsas mətləbə:- Alman yoldaşlarımız sizə siyasi baxımdan dəstək verir, lakin bu azdı, gərək İranda böyük bir saneyə mərkəzi inşa edək, inqilabi proletariatı məhz orda yetişdirək, mən şahın saqqızını oğurlamışam, İranda nəhəng traktorqayırma karxanası tikməyə boyun olmuşam. Deyin, İranın hansı bölgəsi inqilabi ənənələrlə zəngindi, biz də karxananı orda inşa edək, yerli proletariat sinfini təşəkkül etdirib İranda inqilaba başlayaq?İran inqilabçıları üzərinə çökmüş dərin sükutu birincu Qafar Kəndli pozur:-Traktorqayırma karxanasını Təbrizdə inşa etmək lap düzgün olar, əvvəla, bura İranın inqilab yuvasıdı, ikincisi Təbriz insanı peşəkardı, texnikaya başqalarından tez yiyələnəcək, Azərbaycan isə İranın əsas kənd təsərrüfatı bölgəsidi, traktor kəndə gəlsə, bütün Azərbaycan kəndliləri şəhər proletariatına qoşulacaq, fəhlə ilə kəndlilərin vahid cəbhəsi yaranacaq.Tezliklə bütün bunlar həyata keçirilir, Rumıniyanın dəstəyi ilə Təbrizdə nəhəng “Traktorsazi” karxanası tikilir, 50 min fəhləni işlə təmin edir. İran islam inqilabı da elə ordanca başlayır 1978-ci ildə. Çauşesku yanılmır. Bu karxanada təşkilatlanmış Təbriz proletariatı indi də mübarizənin ön sıralarındadı – “Traktor”un hər qələbəsi Təbrizdə görünməmiş nümayişlərlə davam edir, “Azərbaycan oyaqdı, inqilaba dayaqdı!” kimi şüarların ardı-arası kəsilmir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.