Bir zamanlar bədən quruculuğu dünyasının ən güclü adlarından sayılan Ronnie Kolemanın həyatı və sağlamlıq mübarizəsi yenidən gündəmə gəlib.
Moderator.az xəbər verir ki, 1998-2005-ci illər arasında bədən quruculuğu arenasına hökm edən Ronnie Koleman həmin dövrdə ardıcıl 8 dəfə Mr. Olympia çempionu olaraq tarixə düşüb. Dünyanın ən prestijli bodibildinq titulunu qazanan idmançı inanılmaz gücü ilə məşhur idi. Onun məşqlərdə 360 kiloqram qaldıraraq "Light weight, baby!" deməsi isə illər sonra belə xatırlanan simvolik anlardan biri olub.
Lakin bir vaxtlar "insanüstü" görünən gücün arxasında ağır fəsadlar gizlənirmiş. Uzun illər davam edən həddindən artıq məşqlər idmançının bədənində ciddi zədələr buraxıb. Fıtıqlar, sinir sıxılmaları və şiddətli ağrılar onun gündəlik həyatının bir hissəsinə çevrilib.
Koleman uzun müddət ağrılara baxmayaraq məşqlərini davam etdirib və əməliyyatları təxirə salıb. Lakin karyerasının sonlarına doğru bədəni artıq bu yükə tab gətirməyib. Məşhur idmançı ümumilikdə 13 əməliyyat keçirib. Bunlardan 8-i onurğasında, 3-ü boynunda, 2-si isə qalçalarında aparılıb.
Bəzi hallarda qoyulan vintlərin qırıldığı və onurğa birləşmələrinin yenidən əməliyyat olunmalı olduğu da bildirilir. Mütəxəssislər bunun bir hissəsinin tibbi səhvlərlə bağlı ola biləcəyini istisna etməsə də, əsas səbəbin illərlə bədənin sərhədlərini zorlayan məşqlər olduğu qeyd edilir.
Bir vaxtlar dünyanın ən güclü adamlarından biri sayılan Ronnie Koleman bu gün bir neçə addım atarkən belə ağrı hiss edir. Buna baxmayaraq o, ruhdan düşmür. Əfsanəvi idmançı hələ də hər gün məşq edir, sosial mediada və kameralar qarşısında gülümsəyərək pərəstişkarlarına motivasiya verməyə davam edir.
Onun həyat hekayəsi idman dünyasında həm gücün, həm də dözümlülüyün simvolu kimi yadda qalır.
(milli.az)