Bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş media brifinqi keçirilib.
Brifinqdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Forumun əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə təşkil olunan belə mühüm tədbir regionun qlobal şəhər inkişafında artan rolunu nümayiş etdirir.
Forumun hazırlıq prosesinin sürətlə davam etdiyini vurğulayan Komitə sədri artıq 169 ölkədən təxminən 15 min iştirakçının qeydiyyatdan keçdiyini diqqətə çatdırıb və bunu foruma artan beynəlxalq marağın göstəricisi kimi qiymətləndirib.
Qeyd olunub ki, Forum çərçivəsində bir sıra yeni təşəbbüslər təqdim ediləcək ki, onlardan biri də Liderlərin Zirvə Görüşüdür. Bu görüşdə dövlət və hökumət başçıları şəhər inkişafı və mənzil məsələlərini strateji prioritetlər kimi müzakirə edəcəklər.
Sonda Anar Quliyev qlobal şəhərsalma gündəliyinin geniş müzakirəsinə şərait yaradacaq bu mühüm tədbirdə bütün maraqlı tərəflərin fəal iştirakına ümidvar olduğunu bildirib.



