AZ

İran ətrafında baş verənlər bütün regionu alova çəkə bilər

Türkiyə regionda sabitlik və sülhün qorunmasını xarici siyasətinin əsas prioritetlərindən biri kimi görür. Ankara hazırda İran ətrafında baş verən gərginliyin tədricən daha geniş coğrafiyaya yayılması ehtimalını ciddi narahatlıqla izləyir və hesab edir ki, qarşıdurma tez bir zamanda dayandırılmalı, tərəflər yenidən diplomatik danışıqlara qayıtmalıdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Banqladeşin xarici siyasət üzrə müşaviri Xalilur Rahmanla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Ankara regionda sülhün bərqərar olması üçün səylərini davam etdirsə də, bu, Türkiyənin öz milli təhlükəsizliyi ilə bağlı məsələlərdə geri addım atacağı anlamına gəlmir.

Hakan Fidan çıxışı zamanı Türkiyənin cənubu üzərində daha bir İran ballistik raketinin zərərsizləşdirildiyini də xatırladıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Tehranla əlaqə saxlanılıb. Türkiyə tərəfi belə hadisələri qəbuledilməz saydığını bildirib və hər hansı təxribatlara uymayacağını vurğulayıb.

Nazir əlavə edib ki, Ankara regionda davam edən bu müharibənin bir hissəsinə çevrilmək istəmir. O, həm İrana qarşı hücumların, həm də İranın region ölkələrinə yönələn hərbi addımlarının dərhal dayandırılmasının vacibliyini qeyd edib.

Hakan Fidanın fikrincə, İran ətrafında yaranmış gərginlik yalnız təhlükəsizlik müstəvisində deyil, qlobal iqtisadi sabitlik baxımından da ciddi risklər yaradır.

 


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr