“Mersedes”in 19 yaşlı pilotu Andrea Kimi Antonelli “Formula-1” üzrə Çin Qran-prisində qazandığı möhtəşəm qələbə barədə təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, gənc italiyalı pilot yarışın son anlarında böyük gərginlik yaşadığını gizlətməyib.
O, qalib gələrək İtaliyanı yenidən zirvəyə daşıdığı üçün qürur duyduğunu bildirib:
“Dünən İtaliyanı yenidən podiumun ən yüksək pilləsinə qaytarmaq istədiyimi demişdim və bu gün biz bunu bacardıq. Yarışın sonunda təkərləri kilidlədiyim an az qala infarkt keçirəcəkdim, buna baxmayaraq, yaxşı yarış oldu. Bu, hələ başlanğıcdır, biz hücuma davam edirik”.
Antonelli komanda yoldaşı Corc Rassellin ustalığını da xüsusi qeyd edərək, ondan çox şey öyrəndiyini vurğulayıb:
“Corc inanılmaz pilotdur, hər cəhətdən çox güclüdür. Onu üstələmək üçün böyük səy göstərmək lazımdır. Onunla birlikdə işləmək mənim üçün əla fürsətdir, ondan çox şey öyrənirəm. Növbəti yarışları səbirsizliklə gözləyirəm. Görək gələcəkdə nələrə nail ola biləcəyik”.