AZ

Fransada bələdiyyə seçkilərinin birinci turu başlayıb

Paris, 15 mart, AZƏRTAC

Fransada 2026-cı il bələdiyyə və icmalararası seçkilərinin birinci turu başlayıb. Ölkə üzrə seçicilər bələdiyyə şurasının üzvlərini və icmalararası qurumlarda şəhərləri təmsil edəcək nümayəndələri seçəcəklər.

AZƏRTAC xəbər verir ki, 68 kommunada heç bir namizəd siyahısı təqdim olunmadığı üçün səsvermə keçirilmir.

Seçki məntəqələri adəti üzrə səhər saat 8:00-da açılıb və axşam 18:00-da bağlanacaq. Bəzi kommunalarda isə səsvermə saat 20:00-dək davam edə bilər.

Paris, Lion və Marsel şəhərlərində isə eyni gün təşkil olunan ayrıca səsvermə ilə rayon şuralarının üzvləri də seçiləcək.

900 mindən çox namizəd

Birinci tur üçün ümumilikdə siyahılarda 904 min 42 namizəd yer alır. Seçki keçirilməyəcək 68 kommunada isə bələdiyyələrin idarə olunması üçün xüsusi nümayəndə heyəti təyin ediləcək.

Fransada bələdiyyə seçkiləri Fransız Polineziyası və Yeni Kaledoniya istisna olmaqla, siyahı üzrə və gender balansı prinsipi əsasında keçirilir. Bu sistemdə qalib siyahıya əlavə mandat üstünlüyü verilir.

Birinci turda qalib gəlmək üçün siyahılardan biri verilmiş səslərin mütləq çoxluğunu toplamalıdır. Seçkinin etibarlı sayılması üçün minimal səs həddi nəzərdə tutulmur. Bu səbəbdən yalnız bir siyahının iştirak etdiyi kommunalarda seçki yalnız bir turda başa çatacaq. Bu il kommunaların təxminən 68 faizində yalnız bir namizəd siyahısı təqdim edilib.

İkinci tur 22 martda keçiriləcək

Bir neçə siyahının təqdim olundu və onlardan hər hansı birinin mütləq çoxluğu əldə etmədiyi kommunalarda ikinci tur keçiriləcək. Bu səsvermə martın 22-nə planlaşdırılıb.

Əgər siyahılardan biri birinci turda səslərin mütləq çoxluğunu qazanarsa, o zaman həmin siyahı bələdiyyə şurasındakı yerlərin yarısını bonus kimi əldə edir. Paris, Lion və Marsel kimi şəhərlərdə isə bu bonus 25 faiz təşkil edir. Qalan yerlər proporsional sistem əsasında bölüşdürülür.

İkinci turda iştirak etmək üçün siyahıların ən azı 10 faiz səs toplaması tələb olunur. 5 faizdən çox səs qazanan siyahılar isə ikinci turda iştirak edən digər siyahılarla birləşdirilə bilər.

Seçkilərin rəsmi nəticələri Fransanın Daxili İşlər Nazirliyinin internet səhifəsində dərc ediləcək.

Seçilən
27
1
azertag.az

2Mənbələr