AZ

Bakıda 20 manat borc mübahisəsi qanlı bitdi - Cinayət işi

Dostunun ona borc verdiyi 20 manatı istədiyi üçün bıçaqlayan Xəyal Hüseynovun cinayət işinin bəzi detalları məlum olub. 

Milli.Az "Unikal"-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, 2025-ci ilin yanvarında Xəyal Hüseynovun tanışı Elnur Məmmədov onun yaşadığı ünvana gəlib borc verdiyi 20 manat pulunu söz verdiyi vaxtda geri qaytarmadığına görə iradını bildirib. 

Belə olan halda, tərəflər arasında sözlü mübahisə yaranır. Elnurun onun ünvanına nalayiq sözlər deməsini bəhanə edən Xəyal köşkdə olan məişət təyinatlı bıçağı götürüb Elnurun üzərinə hücum çəkir və onu öldürmək qərarına gəlir. 

Xəyal Hüseynov əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Elnur Məmmədovu qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr yetirməklə yerə yıxıb. 

Sonra onun üzünə sıyrıq atıb, döş qəfəsinə, qoltuqaltı və boyun nahiyələrinə ümumilikdə 6 bıçaq zərbəsi vurub. 

Həmin vaxt orada olan Səbuhi Əliyev davaya müdaxilə edərək Xəyalın hərəkətlərinin qarşısını alıb və bu anda Elnur Məmmədov Xəyalın bıçaq zərbələrindən yayınaraq dərhal hadisə yerindən qaçıb. 

Bununla da Xəyal Hüseynova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (Xuliqanlıq, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılır. 

Milli.Az

Seçilən
25
4
milli.az

5Mənbələr