AZ

Kim haqlıydı: ƏLİ, yoxsa MÜAVİYYƏ?-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR

Şiəliyin “məzlumiyyət və şəhadət” üzərində qurulmuş romantik idealizmi ilə funksional Əməvi realizminin qarşılıqlı müqayisəsi uzun illərdir yaxından tanıdığım bir nəfər var – şiə məzhəbinə məxsus mömin şəxsdir. Əksər dindaşından fərqli olaraq, qarşı fikrə tolerans yanaşması, mədəni və həlim təbiətli olması ona olan hörmətimi artırır. Onun üstün cəhətlərindən biri də odur ki, nağıllara əsaslanmır, oxumağı sevir; islam tarixi ilə yanaşı, dünyəvi elmlərə də maraq göstərir. Polemika zamanı da radikal dindarlar kimi dirəşmir, opponentini diqqətlə dinləyir, onunla razılaşmasa da, etirazını mədəni şəkildə “məsələni araşdıraram, amma hələlik öz fikrimdə qalıram” deməklə bildirir.
İran və İsrail-ABŞ koalisiyası arasında savaş başladığı gündən bəri Rasim (ad şərtidir) demək olar ki, hər gün yanıma gəlir və mövzuyla bağlı geniş müzakirələr aparırıq. Bu gün də gəlmişdi; əsas müzakirə mövzumuz islam dinində sünni-şiə qarşıdurması, Ömərin peyğəmbər qızı Fatimənin ölümündə günahlandırılması, Əli ibn Əbu Taliblə Müaviyyə ibn Əbu Süfyan arasındakı ziddiyyətlər üzərində qurulmuşdu.
Müzakirənin qızğın vaxtı mən şiə qaynaqlarında geniş təsvir olunan bir məsələyə toxundum. Şiələrin iddiasına görə, Məhəmməd ibn Abdullah (müsəlmanların peyğəmbər hesab etdiyi şəxs) öldükdən sonra Ömərin təklifi ilə icmanın irəli gələnləri – səhabələr (o dövrün parlamentarları) Əbu Bəkri xəlifə seçmək üçün toplaşırlar; ancaq Əli orada iştirak etmir, çünki o, Əbu Bəkrə biət etmək fikrində deyilmiş. Bu səbəbdən Ömər ibn Xəttab onun evinə gəlir; hədə yoluyla ondan Əbu Bəkrin xeyrinə biət almaq istəyir, hətta peyğəmbər qızı Fatiməni qapı ilə divar arasına elə sıxır ki, o, aldığı xəsarətdən qısa müddət sonra ölür. Guya Fatimə hamilə imiş, bətnindəki oğlu Möhsin anasından əvvəl ölür. Bu iddialar bəzi şiə qaynaqlarında (Əllamə Məclisi, “Biharul-Ənvər”; Əli ibn Hüseyn əl-Məsudi, “İsbatul-Vəsiyyə”; Sibt ibn Cövzi, “Təzkirətul-Xəvas”; İbn Quluveyh, “Kamiluz-Ziyarət” və s.) geniş təsvir olunsa da, Əlinin hansı mövqeyi tutduğu barədə heç nə deyilmir.
Mən Rasimə məsələ ilə bağlı aşağıdakı iki sualı ünvanladım:
– birincisi, o dövrdə USM (Ultrasəs Müayinəsi) və DNT testləri mümkün deyildi. Bu texnoloji yeniliklər XX əsrin ixtirasıdır. Elə isə hardan bildilər ki, Fatimənin bətnindəki uşaq oğlandır, hətta ona Möhsin adı da taxıblar?
– ikincisi, İslam aləmində bir kişinin başqa birinin xanımına əl qaldırması onun namusuna və qeyrətinə toxunmaq qədər ciddi məsələdir. Ömər Əlinin evinə gələndə o özü də evdəymiş; arvadına əl qaldırılır, döyülür, təhqir olunur, amma Əli susur. Əcəba, bütün müsəlmanların haqq və hüquqlarını qorumaq iddiasında olan birisi öz xanımını başqa kişinin zorakılığından niyə qorumayıb, bəs onun qeyrəti harda qaldı?
Rasim birinci suala ətraflı cavab verə bilməyəcəyini, bunu ancaq peyğəmbərin qeybə dair xəbəri ilə əlaqələndirdiyini söylədi (məsələyə bu cür yanaşmanın özü mübahisəyə açıqdır; Məhəmməd qeybdən necə xəbər tutub, məgər Allahın işi-gücü qurtarmışdı ki, Məhəmmədin ailə məsələləri ilə uğraşırdı?) İkinci suala cavabında isə məni bu günə qədər bilmədiyim bir mənbə ilə tanış etdi. Doğrudan da belə bir qaynaq var. Bu, Süleym ibn Qeys əl-Hilali adlı şəxsin “Kitab Süleym ibn Qeys” kitabıdır. Bu kitab şiə dünyasının ən qədim hədis toplularından hesab olunur. Burada Ömər ibn Xəttabın evin qapısını yandırdığı, Fatiməni qapı ilə divar arasında sıxaraq qabırğasını qırdığı və bu hadisənin onun bətnindəki körpəsi Möhsinin tələf olmasına (siqt) səbəb olduğu təfsilatı ilə yazılıb. Həmçinin kitabda “Əli niyə öz arvadını müdafiə etmədi” sualına da cavab var.
Süleym ibn Qeysin yazdığına görə, Əlinin o an silaha əl atmamasının səbəbi fiziki gücsüzlük və ya qeyrət çatışmazlığı ilə bağlı deyil, daha böyük məqsədlər üçün olub: guya Əli Öməri öldürmək istəyib, ancaq həmin an peyğəmbərin vəsiyyətini xatırlayıb. Nə idi peyğəmbərin vəsiyyəti? İbn Qeysin rəvayətinə görə, peyğəmbər vəfatından əvvəl Əliyə tapşırıbmış ki, əgər haqqını müdafiə etmək üçün kifayət qədər köməyi (ən azı 40 nəfər sadiq tərəfdarı) olmazsa, İslam dininin tamamilə məhv olmaması üçün səbir etsin və qılınca əl atmasın.
Belə bir iddia təbii ki, uydurmadır. Şiələr bu uydurma ilə Əlini fövqəladə biri kimi göstərir, səbr etməsini guya “İslamın parçalanma təhlükəsi” ilə əlaqələndirir, bütün bunları da peyğəmbərin vəsiyyətinə bağlayırlar. Onlar deyir ki, həmin vaxt yeni qurulmuş İslam dövləti daxildən (mürtədlər) və xaricdən (Bizans və Sasani imperiyaları) təhlükə altında idi. Əli daxildəki qarşıdurmanın dini tamamilə yox edəcəyini bildiyi üçün guya fərdi namusunu deyil, islam dininin gələcəyini üstün tutaraq, bu “acını udmuşdur”.
Süleym ibn Qeys öz kitabında yazır ki, Əli bir anlıq qəzəblənmiş, məsələyə müdaxilə etmiş, hətta Ömərin üzərinə atılayıb onu yerə yıxmış, amma peyğəmbərin vəsiyyətini xatırlayaraq onu öldürməmişdir. O bunu Quranda bəhs olunan Harun peyğəmbərin vəziyyətinə bənzədir. Harun da qövmünün bütə tapındığını gördüyü halda, daxili parçalanma yaratmamaq üçün Musa gələnə qədər səbir etmişdi.
Bütün bu iddialar tənqidə tab gətirmir. Birincisi ona görə ki, şiə qaynaqlarından daha qədim olan sünni mənbələrində hadisə tamamilə fərqli təsvir olunur. Bu mənbələrdə (konkret olaraq Təbəridə) göstərilir ki, Əli və daha iki-üç nəfər onun evində toplaşıbmış. Onlar Əbu Bəkrin xəlifə seçilməsinə qarşı idilər. Təbəri öz kitabında Ömərin beyət üçün ora gəldiyini və evi yandırmaqla təhdid etdiyini təsdiqləsə də, fiziki hücum və ya Fatimənin döyülməsi haqda bir kəlmə də olsun yazmır, əksinə, təhdiddən sonra içəridəkilərin beyət üçün çıxdığını qeyd edir.
Şiə mənbələrinin iddialarının əsassızlığını sübut edən aşağıdakı dəlilləri göstərə bilərik:
– birincisi, guya Əli daxili savaşın qarşısını almaq üçün susub. Əgər o, doğrudan da peyğəmbərin vəsiyyətinə əməl edibsə (40 nəfər tərəfdarın olmazsa, qılınca əl atma), deməli, islam cəmiyyətində o qədər də nüfuz sahibi deyilmiş; belə olduğu təqdirdə 3-4 nəfərlə milyonları idarə edən hakim qrupa qarşı necə dura bilərdi ki, nəticədə bu, islamın parçalanmasına gətirib çıxarardı? Bu fakt Əlinin xəlifəlik xülyasının nə qədər absurd olduğunu göstərir;
– ikincisi, Əli ilə Ömər arasında yaxın qohumluq əlaqələri vardı. Ömər daha sonra Əlinin qızı Ümmü Gülsümlə evlənmiş, Əli də bəhs olunan hadisədən sonra başqa qadınlardan doğulan övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını qoymuşdu. Bütün bunlar onların arasında siyasi anlaşmazlıq olsa da, qanlı düşmənçiliyin olmadığını göstərir.
Xülasə, şiəlikdə bu, İslamın qorunması naminə edilən ən böyük fədakarlıq kimi, sünnilikdə isə tarixi həqiqəti əks etdirməyən bir iddia kimi dəyərləndirilir. Bu iki fərqli baxış bucağından hansı tərəfin dəlillərini tarixi baxımdan daha inandırıcı hesab etmək olar? Bu suala cavab almaq üçün bir məqama xüsusi olaraq diqqət etmək lazımdır. Əgər Əlinin haqsızlığa qarşı qılınc qaldırması üçün ən az 40 nəfər tərəfdarı yox idisə, onun milyonlara rəhbərlik iddiası absurd deyilmi? Məsələnin siyasi və məntiqi tərəfinə aydınlıq gətirmək üçün ən doğru yanaşma məhz budur.
Şiələr Əlinin “tərəfdar azlığı” və “rəhbərlik iddiası” arasındakı ziddiyyəti şiə teologiyasındakı “İmamət” anlayışı ilə izah edirlər. Şiə inancına görə, Əlinin rəhbərlik istəyi şəxsi hakimiyyət həvəsi deyil, ilahi bir vəzifə idi. Bu arqumenti onlar bir neçə bəndlə izah edirlər:
– legitimlik çoxluqla deyil, təyinatla ölçülür: Şiəlikdə rəhbər (İmam) xalqın seçimi ilə deyil, Tanrının təyinatı (Qədir-Xum hadisəsi) ilə müəyyən olunur. Yəni, bir nəfər tərəfdarı olmasa belə, inanca görə o, qanuni rəhbərdir (bu, bir növ sürgündə olan kralın öz taxtını haqqı hesab etməsinə bənzəyir);
– mənəvi status məsələsi önə sürülür. Şiələrə görə, Əli milyonlara rəhbərlik edə biləcək ləyaqətdə biri idi, lakin rəhbərliyi ələ keçirmək üçün müsəlmanların bir-birini qırmasını (vətəndaş müharibəsini) istəmirdi (görəsən, Əlinin tərəfdarları çox olsaydı və o, silah gücünə “haqqını geri almaq istəsəydi” müsəlmanlar bir-birini qırmayacaqdı? – F.N.). Şiə mənbələri deyir ki, o, xalqı “oyatmağa” çalışırdı, amma zorla hakimiyyətə gəlmək İslamın mahiyyətinə zidd olardı;
– şiələr deyir ki, 40 nəfər simvolik rəqəmdir: Bu rəqəm rəhbərlik etmək üçün yox, silahlı müqavimətə başlamaq üçün lazım olan minimum “sadiq nüvə” hesab olunurdu. Yəni, “mən rəhbər olmağa layiq deyiləm” demirdi, “haqqımı zorla geri almaq üçün kifayət qədər sadiq hərbi gücüm yoxdur, ona görə də qan tökmürəm” deyirdi.
Bu tezislərin özündən yeni ziddiyyətlər ortaya çıxır. Şiələrin bədbəxtçiliyi məhz ondadır ki, dünyəviliklə ruhaniliyi bir-birinə qatır və nəticədə ortaya ziddiyyətlər çıxır. Ən əsası da, hakimiyyətin legitimliyini çoxluğun qərarı ilə deyil, mənbəsi bəlli olmayan ilahi təyinatla əlaqələndirirlər. Sünni mənbələri isə məhz məntiqi əsas götürərək deyirlər ki, əgər Əli ibn Əbu Talib bu qədər tənha və gücsüz idisə, deməli, cəmiyyətin böyük əksəriyyəti digər xəlifələri könüllü seçmişdi və ortada bir “zorakılıq” yox idi. Sünni yanaşmasına görə, Əli ilk üç xəlifəyə məsləhətçi olmuş, onlarla dostluq etmiş və proseslərin təbii axarı ilə razılaşmışdı.
Ortaya belə bir maraqlı sual da çıxır: bir liderin “haqlı olduğunu bilib, lakin qan tökülməməsi üçün susması” onu zəifliyidir, yoxsa bu, mənəviyyat nümunəsidir?
Məncə, həm “ali mənəviyyat nümunəsi”, həm də Əliyə “ilahi vəzifə verilməsi” boş söhbətlərdir. Əlahəzrət məntiq onu göstərir ki, əgər sənin heç bir tərəfdarın yoxdursa, buna müqabil rəhbərlik iddiası ortaya qoyursansa, bu, sənin iddianla imkanlarının tərs mütənasib olduğunu göstərir. İkincisi, “allahın seçdiyi”ni əhali tərəfindən 5-10 adam qəbul etmirsə, deməli o dinin təməli düzgün qoyulmayıb. Üçüncüsü, məsələ heç də ilahi vəzifə, ali təyinat filan deyil, sadəcə, qohumlar arasında hakimiyyət davası gedirdi. Və bu davada praqmatiklər, güclü siyasi iradə ortaya qoyanlar xəyalpərəstlər və macəraçılar üzərində qalib gəldilər. Biz bunu Müaviyyə-Əli və Yezid-Hüseyn arasındakı mübarizədə açıq şəkildə görürük.
***
Mən əməviləri sevmirəm, hətta nifrət edirəm desəm, heç də yalan olmaz. Çünki qatı ərəb milliyyətçisi idilər, başqa etnoslara yuxarıdan aşağı baxırdılar. Onların bu milliyyətçiliyindən – “Məvali siyasəti”ndən (ərəbcə “azad edilmiş kölə” və ya “sonradan müsəlman olan qeyri-ərəb”) ən çox zərər görən biz türklər olmuşuq. Məsələn, Talkan, Cürcan,
ıəBuxara, Səmərqənd, Xarəzm, Baykənd kimi qətliamlar əməvilərin türk xalqına qarşı sistemli dövlət siyasətinin nəticəsi idi. Ancaq biz hal-hazırda bu məsələni müzakirə etmirik.
“Məvali siyasəti”nə görə Əməvilər tarixə bir qara ləkə olsalar da, dövlət anlayışı məsələsində ələvilərdən çox irəlidə idilər və ərəblər üçün ölçüyəgəlməz xidmətlər göstəriblər. Ərəblərdə dövlət anlayışı məsələsi Müaviyyənin adıyla bağlıdır. O, yalnız 5-ci xəlifə olsa da, mərkəzləşmiş dövlətin təməllərini məhz o atdı. Müaviyə bədəvilərdən ərəb milləti yaratdı; onları çadırlardan çıxarıb modern şəhər həyatı ilə tanış etdi. Onun dövründə dövlət bütün infrastrukturu, siyasi sistemi, nizami ordusu, hesab-kitabı tutulan xəzinəsi, maliyyə sistemi, qanunları ilə ortaya çıxdı. Əli və tərəfdarları isə dövlət işindən anlamayan cahillər və macərapərəstlərdən ibarət kütlə idi. Təbii ki, onların təşkilatlanmış sistemi olan qrupa məğlub olması da qaçınılmaz idi.
Məsələyə dini deyil, real-politik və tarixi baxımdan yanaşan hər kəs mənim bu söylədiklərimi tarixin səhifələrindən görə bilərlər. Bu, bir çox müstəqil tarixçinin bölüşdüyü mövqedir. Hadisələrə “ilahi missiya” pərdəsini kənara qoyub baxsaq, Əli-Müaviyyə qarşıdurması, dediyimiz kimi, hakimiyyət savaşı mənzərəsini ortaya qoyur. Bu savaş rasionalistlərin qələbəsi ilə nəticələndi. Niyə? Bunun bir çox səbəbi vardı:
– birinci növbədə dövlətçilik təcrübəsi əsas rol oynadı. Əməvilər (xüsusən Müaviyə) köhnə mərkəzi idarəetmə sisteminə, Şam kimi inkişaf etmiş bir bazaya və diplomatiya bacarığına malik idilər. Onlar dövləti bir dini icma kimi deyil, bir imperiya kimi idarə etməyi öyrənmişdilər, bilirdilər;
– Əlinin idarəetmə tərzi yanlış idi. O, iqtidara gəldikdə, köhnə kadrları (məsələn, Müaviyəni) dərhal işdən çıxarmaq və radikal bərabərlik prinsipi tətbiq etmək istədi. Siyasi nöqteyi-nəzərdən bu, çox riskli addım idi və daxili xaosa (Cəməl, Siffeyn döyüşləri) yol açdı;
– “dövlət anlayışı” baxımından Əli tərəfdarları daha çox idealist, Əməvilər isə praqmatik idilər;
– tərəflərin güc balansı da mühüm rol oynadı. Əməvilərin ərəb milliyyətçiliyi həm də o dövrün şərtləri daxilində ordunu və elitanı vahid bir mərkəzdə toplamaq üçün effektiv vasitə idi. Bu, onlara xilafəti İspaniyadan Hindistana qədər böyük bir coğrafiyada genişləndirməyə imkan verdi. Əli və oğulları isə bunu bacarmadılar.
***
Məncə, İslamın bir din olaraq qalması deyil, bir imperiya kimi böyüməsi üçün Əməvilərin qəddar praqmatizmi olmasaydı, bu gün İslam coğrafiyası belə geniş ola bilməzdi. Əli tərəfdarlarının romantik idealizmi və kompromissiz olması (ərəb cəmiyyəti içərisində) onların siyasi təcrübəsizliyi ilə yanaşı, həm də dini fanatizmindən qaynaqlanırdı. Bu da onları bəri başdan məğlub duruma salırdı.
Müaviyə isə tam fərqli biriydi. Onun tarixdəki rolunu dəqiq xarakterizə etmək üçün Əli və oğullarına münasibətindən öncə dövlət anlayışına münasibətinə diqqət etmək lazımdır. O, İslam xilafətini sadəcə bir dini icma olmaqdan çıxarıb, Bizans imperiyası üslubunda mərkəzləşdirilmiş bir dövlətə çevirən adamdır. Müaviyənin uğurunun bir neçə sütunu var idi ki, bunlar Əli tərəfində yox idi:
– DÖVLƏT APARATI: Müaviyə hələ Şamda vali olduğu zaman Bizansdan qalan idarəetmə təcrübəsini mənimsədi. Divanlar (nazirliklər), vergi sistemi və ilk dəfə olaraq nizami bir ordu qurdu;
– SOSİAL KEÇİD: yuxarıda da qeyd etdiyim kimi, Müaviyə bədəvi ərəbləri bir məqsəd ətrafında birləşdirib onlara “hakim millət” şüurunu aşıladı. Bu, köçəri həyatdan oturaq şəhər mədəniyyətinə və bürokratiyaya keçid idi;
– REALİST SİYASƏT: Əli “haqq və ədalət” deyərək prinsipial davranırmış kimi görünmək istərkən, Müaviyə “siyasi mənfəət” və hətta rüşvət (insanları pulla öz tərəfinə çəkmək) daxil olmaqla bütün vasitələrdən istifadə edirdi. İmperiya qurmaq və mənsub olduğu xalqı “hakim millət” statusuna qaldırmaq üçün “dövlət anlayışı” məhz bu soyuqqanlılıqdır.
Əməvilərin qurduğu bu sistem olmasaydı, İslam dini böyük ehtimalla Ərəbistan yarımadasında lokal bir inanc sistemi kimi qalacaq və ya daxili çəkişmələrdə boğulub gedəcəkdi. Müaviyənin bu “millət quruculuğu” və dövlətçilik uğuru bəlkə də kimlərsə tərəfindən qəbul edilməyə bilər; onun mənəvi-etik dəyərləri ikinci plana atması islama zidd hərəkət kimi alqılana bilər. Amma tarixi zərurət bunu tələb edirdi və bu gün dünya xəritəsində 22 ərəb dövlətinin olması onun tam haqlı olduğunu göstərir.
Müaviyənin dövlət anlayışı ilə bağlı İslam tarixindən bir rəvayəti xatırlatmaq istəyirəm:
– Bir gün köməkçilərindən biri Müaviyyənin yanına gəlib deyir ki, bəs filankəs cümə namazlarına gəlmir, hətta onun, ümumiyyətlə, namaz qılmadığı haqqında iddialar var. Müaviyyə köməkçisindən soruşur ki, namaz qılmayan o adam vergi ödəyirmi, dövlətin yürütdüyü siyasətə qarşı hər hansı bir təbliğat aparmır ki və s. Köməkçisi bu suallara müsbət cavab verir: dövlətin siyasətini ən çox müdafiə edənlərdəndir, vergisini vaxtlı-vaxtında ödəyir, hətta filan səfər üçün orduya yüklü miqdarda ianə də veribmiş. Müaviyə təbəssümlə deyir: “O adama daha çox pul qazanması üçün şərait yaradılmalıdır. Dövləti ayaqda tutan o cür imkanlı adamlardır. Məni onun vergi ödəyib-ödəməməsi daha çox maraqlandırır. Namaz qılmırsa, bundan mənə nə? Bu, onunla allahı arasında olan məsələdir. Mən qəti şəkildə Allahın işinə qarışmıram! Namaza görə cəzanı allah verəcək. Mən dövlət məsələləri ilə mükəlləfəm.
Diqqət edirsiniz cavaba? Bu, əsil dövlətçilik mövqeyidir – dinin dövlətdən ayrı olduğunu ortaya qoyan bir mövqedir. Bu, onun Əbu Süfyan soyundan gəlməsi ilə bağlı məsələdir. Çünki Əməvilər islamdan öncə də Məkkənin və qüreyşilərin irəli gələn tayfalarından idi, oxuyub-yazmağı bilirdilər, idarəetmədən xəbərləri vardı. Sitat gətirdiyiniz bu hadisə (və buna bənzər digər tarixi rəvayətlər) Müaviyənin “Din dövlət üçün deyil, dövlət din üçündür” prinsipini necə tərsinə çevirdiyini, müasir mənada sekulyar (dünyəvi) idarəçilik elementlərini necə tətbiq etdiyini göstərir. Bu yanaşma Əməvilərin (Bəni-Ümeyyənin) qədim kökündən gələn bir xüsusiyyətdir – onlar aristokratik idarəçilik genləri daşıyırdılar. Dediyimiz kimi, Əbu Süfyanın soyu İslamdan əvvəl də Məkkənin ticarətini, diplomatiyasını və xarici əlaqələrini idarə edirdi. Onlar üçün “nizam-intizam” və “iqtisadiyyat” hər zaman mənəviyyat populizmindən daha öncə gəlirdi.
Praqmatizm Müaviyə üçün əsas prioritet idi. O başa düşürdü ki, namaz fərdin daxili inanc məsələsidir, amma vergi (maliyyə) dövlətin onurğasıdır. Əli ibn Əbu Talibin tərəfdarları “ədalətli bölüşdürmə” deyə-deyə xəzinəni boşaldıb daxili münaqişələrə girərkən, Müaviyə mərkəzi büdcəni gücləndirərək sabitlik yaratdı.
Onun dövlətin gücü və əhalinin rifahı üçün məsələyə bu merkantilist baxışı qalib gəlməsində mühüm rol oynadı. Əməvilər dövlətə bir şirkət və ya bir imperiya kimi baxırdılar. Onların “oxuyub-yazan”, savadlı elitası Bizans və Sasani irsini mənimsəyərək dövləti institusionallaşdırdı.
Müaviyyənin “Allahın işinə qarışmıram” məntiqi, əslində, İslam tarixindəki ilk real-politik addımdır. O, dini, dövləti birləşdirən bir vasitə deyil, dövlətin maraqlarına xidmət edən bir elementə çevirdi. İslam dünyasının bu gün yaşadığı problemlərin əsil səbəbi, məncə, Əməvilərin bu praqmatik dövlətçilik modelinin sonradan dini fanatizmə məğlub olmasıdır.
Hesab edirəm ki, oxucular “bir cəmiyyəti idarə etmək üçün “Əlinin idealizmi” yox, “Müaviyənin realizmi” daha effektiv üsuldur” fikri ilə razılaşarlar. Çünki dövlətçilik anlayışında Müaviyyənin bəhs etdiyimiz realist yanaşması, əslində, modern dövlətçilik prinsiplərinə çox yaxındır. Onun tətbiq etdiyi siyasi model – dini inancı fərdi müstəviyə endirib, vergi, ordu və qanun kimi dövlət sütunlarını mərkəzə qoymaq – bu gün bir çox inkişaf etmiş ölkənin (həm də ərəb ölkələrinin) uğur formuludur.
Müaviyənin “Ərəb milliyyətçiliyi” (“Məvali siyasəti”) o dövr üçün bir birləşdirici faktor olsa da, uzun vədədə digər başqa millətlərin (farslar, türklər, bərbərlər) narazılığına və Əməvi sülaləsinin süqutuna səbəb oldu. Lakin qeyd etdiyimiz o “dövlətçilik nüvəsi” – yəni emosiyadan və dini utopiyadan uzaq, soyuqqanlı idarəetmə həqiqətən də bu gün İslam coğrafiyasının ən böyük ehtiyac duyduğu şeydir.
Şəxsən mən belə hesab edirəm ki, Əməvilər dövrünün qatı ərəb milliyətçiliyi (“Məvali siyasəti”) xüsusiyyətini çıxsaq, yerdə qalan hər şey dövlətçilik nöqteyi-nəzərindən mükəmməl bir sistemdir. İslam aləmi düşdüyü xaos durumundan yalnız Müaviyyənin yürütdüyü realist siyasətlə xilas ola bilər. Məsələn, bu gün yüksək səviyyədə inkişaf etmiş bir çox ərəb dövləti məhz bu siyasəti yürüdür. Bir də geriyə dönüb İrana, İraka, Yəmənə, HƏMAS təşkilatına, Fələstinə baxın. Real siyasətdən uzaqlaşıb, gərəksiz prinsipiallığa söykənən bu dövlətlər və siyasi-terror təşkilatları nəyə nail olub? QAN, ÖLÜM, CƏHALƏT, XARABA QALAN ŞƏHƏRLƏR!!! Başqa nə? Heç nə…
Əli tərəfdarlarının (şiəliyin) “məzlumiyyət və şəhadət” üzərində qurulmuş romantik idealizmi ilə müqayisədə, Əməvi realizmi daha funksionaldır. Bu gün bir çoxları üçün Müaviyə “mənfi qəhrəman” olsa da, dövlət adamı kimi onun mirası hələ də araşdırılmağa layiqdir. O, tarixə ərəb dövlətçilik sisteminin banisi kimi düşüb…
Seçilən
36
veteninfo.az

1Mənbələr