AZ

Koxlear implantlı şəxslərə dövlət dəstəyi: Azərbaycanda ilk milli forum

Azərbaycanda ilk dəfə olaraq “Milli Koxlear İmplant Forumu 2026” təşkil olunub.

“İki sahil” xəbər verir ki, Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi tərəfindən təşkil edilən forum Nizami Kino Mərkəzində Beynəlxalq Koxlear İmplant Günü münasibətilə keçirilib.

Dövlət Himni ilə açıq elan edilən forumda nazirliklərin səlahiyyətli nümayəndələri çıxış edərək ölkədə koxlear implant sahəsində həyata keçirilən dövlət siyasəti və əldə olunan nəticələr barədə məlumat veriblər.

Forum iki panel üzrə davam edib.

Birinci paneldə Milli Məclisin deputatları - Elçin Mirzəbəyli, Günay Ağamalı, Vüqar İskəndərov, Pərvanə Vəliyeva və Aydın Mirzəzadə iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

İkinci panel isə tibb mütəxəssislərinin iştirakı ilə keçirilib. Paneldə genetika həkimi Həmidə Abbasova, pediatr-neonatoloq Sahilə Mirzəyeva, audioloq İlahə Aslanova, LOR cərrah Tacəddin Muradov, nevroloq Günel Süleymanlı, implant mütəxəssisi Mədət Sadıqov, defektoloq-loqoped Adilə Mürsəlova, ümumi cərrah Təranə Məmmədova və Afət İsrafilova çıxış edərək koxlear implant və reabilitasiya prosesləri barədə geniş məlumat veriblər.

Forumun əsas məqsədi ölkəmizdə koxlear implant daşıyıcılarının həyat keyfiyyətinin yüksəldilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi və cəmiyyətin bu mövzuda maarifləndirilməsidir.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda koxlear implant əməliyyatları ilə bağlı sosial və tibbi yanaşma 2015-ci ildən etibarən mərhələli şəkildə tətbiq olunmağa başlayıb. 2020-ci ildən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta sisteminə daxil edilməsi bu sahədə yeni mərhələnin başlanğıcı olub. Bu addım yalnız əməliyyatın həyata keçirilməsi ilə məhdudlaşmayaraq, koxlear implantlı uşaqların və böyüklərin sonrakı inkişafına da real dəstək göstərilməsinə imkan yaradıb.

Forumda çıxış edənlər koxlear implantlı şəxslərə göstərilən dövlət qayğısının daha da gücləndirilməsinin minlərlə ailənin və uşaqların gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə qəbul edilən qərarlar sosial yönümlü və humanist dövlət siyasətinin mühüm göstəricilərindən biridir.

Seçilən
4
3
ikisahil.az

4Mənbələr