AZ

Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… FOTO

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın mərkəzində "tikinti işgəncəsi" pik həddə çatıb. Özünü qanunlardan üstün hesab edən "Bizim MTK" adlı tikinti şirkəti sakinlərə qarşı mənəvi və fiziki terror tətbiq edir.

3 ilə yaxındır ki, eyni mənzərə, eyni şikayətlər, lakin dəyişməyən biganəlik! Sözügedən şirkət nəinki sakinlərin gündəlik rahatlığını pozur, hətta insanların ən təməl haqqı olan istirahət hüququnu əlindən alır.

“Bizim MTK” Yasamal rayonu Həzən bəy Zərdabi 69 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının bir addımlığında ağır texnika işlədir. Dünən gecə saat 23:00 -02:00 aralığında davam edən səs- küy, buldozerin səsi sanki sakinlərin yuxusuna qənim kəsilmişdi. Gecənin yarısı başlayan söküntü işləri hələ də davam edir.

 Yüksək səs-küydən diksinərək oyanan azyaşlı övladlarımın psixologiyası pozulub. Tez- tez səsə oyanır, qorxduqlarını dilə gətirirlər. 

 Hələ binada yaşayan təzyiqi olan, yataq xəstəsi olan yaşlı insanları demirəm.  Vəziyyət kritik həddə çatıb.

  Gecələr buldozerin səs-küyündən evlərin divarları titrəyir. Gündüzlər uşaqlar binanın həyətinə çıxa bilmir, insanlar öz evlərində dustaq həyatı yaşayırlar. 

Dəfələrlə şirkətin məsul şəxslərinə etirazımızı bildirib, narazılıq etsək də, vəziyyət dəyişmir. "BİZİM MTK" nə tikintisini yekunlaşdırır, nə də ərazidən əl çəkir. İllərdir toz-torpaq, səs- küy və daimi gərginlik içərisindəyik. 

Maraqlıdır ki, yaşayış binasının bir addımlığında gecə saatlarında ağır texnikanın işləməsinə necə icazə verilir? Qanunvericiliyə görə, yaşayış ərazilərində gecə saatlarında səs-küylü tikinti işlərinin aparılması məhdudlaşdırılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşayış binalarının yaxınlığında axşam saat 23:00-dan səhər 08:00-a qədər sakinlərin dincliyini pozmaq, yüksək səslə müşayiət olunan işlər görmək qadağandır. Görünən odur ki, bəzi tikinti şirkətləri sakinlərin rahatlığını və qanunun tələblərini nəzərə almaq niyyətində deyil. "BİZİM MTK" üçün qanun deyil, qazanc və qrafik daha önəmlidir.

Bina sakinləri olaraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırır, gecə saatlarında tikinti və söküntü işlərinin dayandırılmasını, həmçinin uzun illərdir davam edən tikinti prosesinin nəhayət başa çatdırılmasını tələb edirik. 

Şəhərin mərkəzində insanların rahat yaşamaq hüququ tikinti şirkətlərinin maraqlarından üstün tutulmalıdır. Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə səslənirik: bu özbaşınalığa kim son qoyacaq? 

"BİZİM MTK"-nın özbaşınalığı bununla da bitmir. Şirkət sakinlərin nəinki yuxusuna, həm də nəfəs aldığı yaşıl sahələrə qənim kəsilib. Binanın ön və arxa həyətindəki həmişəyaşıl və meyvə ağacları gizli şəkildə kəsilib.

​Ağacların yerində yalnız kötüklər qalmışdı.

Dünənki söküntüdə isə ağaclardan geriyə qalan kötüklərin yeri də itirilib.

 "BİZİM MTK" tikinti meydançasını genişləndirmək üçün təbiət qatilliynə əl ataraq, sakinlərin ekoloji hüquqlarını da ayaq altına alıb. Bu, sadəcə tikinti deyil, bu, bir ərazinin həm insanına, həm də təbiətinə qarşı aparılan "terror" siyasətidir.

Sakinlər olaraq bu vəhşiliyə biganə qalmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik. Nazirliyin əməkdaşları gəlib, əraziyə baxış keçirdilər, kötükləri sayıb, şəkillərini çəkdilər.Və bitdi!

Hələlik onlardan da bir cavab çıxmayıb!

Sakinlərin isə səbri artıq tükənib. İnsanların sağlamlığını və əsəblərini korlayan bu "gecə terroru” dərhal dayandırılmalı, şirkət barəsində ciddi hüquqi tədbirlər görülməlidir! 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
sherg.az

1Mənbələr