AZ

Çexiya ABŞ-dən qaz tədarükü ilə bağlı uzunmüddətli razılaşma əldə etdi

BAKI, 15 mart. TELEQRAF

Çexiya ABŞ terminallarında hər il 1,4 milyard kubmetr qazın rezervasiyası ilə bağlı uzunmüddətli müqaviləni ilkin şəkildə razılaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çexiya Respublikasının Sənaye və Ticarət naziri Karel Havliçek ABŞ-yə səfərini başa vurduqdan sonra açıqlama verib.

Onun sözlərinə görə, razılaşmanın əsas məqsədi ölkənin enerji mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirməkdir. Nazir bildirib ki, müqavilə ABŞ terminallarında hər il 1,4 milyard kubmetr qazın rezervasiyasını nəzərdə tutur.

Havliçek qeyd edib ki, dövlətin nəzarətində olan "ČEZ Group" artıq qaz rezervasiyası ilə bağlı müqavilənin detalları üzərində müzakirələr aparır.

Onun sözlərinə görə, bu addım Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına yönəlib və ölkənin ümumi qaz tələbatının təxminən 20-30 faizinin təmin edilməsinə imkan verəcək.

Çexiya mediası xatırladır ki, hazırda ölkə qazı əsasən Norveçdən və dəniz yolu ilə Niderlanddakı LNG terminalı vasitəsilə alır. Gələcəkdə isə mayeləşdirilmiş təbii qazın Almaniyadakı terminal vasitəsilə də ölkəyə çatdırılması planlaşdırılır.

Seçilən
22
teleqraf.com

1Mənbələr