Türkiyə və Azərbaycan idmançıları arasında hər zaman şirin rəqabət olub.
Sportinfo.az xəbər verir ki, bunu "report"un Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatına ezam olunan əməkdaşına açıqlamasında Türkiyənin yunan-Roma güləşi millisinin baş məşqçisi Muttalip Yerlikaya bildirib.
O, yarışda hər iki ölkənin güləşçilərinin çıxışı barədə fikirlərini bölüşüb:
"Azərbaycanla hər zaman şirin bir rəqabətimiz olub. Nə qədər qarşılaşsaq da, həmişə "iki dövlət, bir millət" prinsipi ilə bir-birimizi dəstəkləyirik. Onlar qalib gələndə biz sevinirik, uduzanda üzülürük. Yarışın əvvəlində Azərbaycan üçün də işlər bir az çətin getmişdi, amma sonradan toparlandılar. Biz isə bunu edə bilmədik. Ümid edirəm ki, növbəti turnirlərdə, xüsusən də böyüklərin Avropa çempionatında fəxri kürsünün ilk iki pilləsini Azərbaycan və Türkiyə bölüşər".
Mütəxəssis növbəti yarışlarda millinin heyətində dəyişikliklər edəcəyini də vurğulayıb:
"Burada çox yaxşı görüşlər keçirə bilmədik, məğlubiyyətlərimiz çox oldu. Yalnız Azat Sarıyer yarımfinala çıxmışdı, Danimarka təmsilçisinə uduzdu. Halbuki ondan finala yüksəlməsini gözləyirdik. Çox zəif nəticə göstərdi. Hazırlığımız pis deyildi, lakin yarışın əvvəlindən işlər qaydasında getməyəndə komanda şəklində toparlanmaq çətin olur. Heyətdə müəyyən dəyişikliklər edərək dünya çempionatında daha yaxşı nəticə göstərəcəyik. Ötən il Azərbaycan komandası birinci, biz isə ikinci olmuşduq. İnşallah, hər iki ölkə üçün xeyirlisi olar".