ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Novruz bayramına sayılı günlər qaldığı üçün çərəzlərə, meyvə qurularına tələbat da artıb. Ancaq görünür, təkcə tələbat yox, məhsulların qiymətləri də yüksəlib. Qiyməti ilə alıcıları ən çox təəccübləndirən çərəzlərin başında püstə gəlir. Hazırda bazarlarda və mağazalarda püstənin bir kiloqramı təxminən 65–70 manat arasında satılır. Bu isə bir çox alıcı üçün kifayət qədər yüksək qiymət hesab olunur və görənləri sözün əsl mənasında heyrətləndirir.Əslində, hər il bayram ərəfəsində çərəzlərin, xüsusilə də püstənin qiymətində artım müşahidə olunur. Bayram süfrələrinin ayrılmaz hissəsi olan çərəzlərə tələbatın artması satıcıların qiymətləri yüksəltməsinə səbəb olur. Lakin bu il püstənin qiymətinin daha da bahalaşması alıcılar arasında suallar yaradıb.
MÖVZU İLƏ BAĞLI:Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
Maraqlıdır ki, püstənin qiymətinin belə yüksək olması təkcə bayramla bağlıdır, yoxsa buna başqa amillər də təsir edir?Bizim.Media mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin fikirlərini öyrənib. O bildirib ki, püstə dünyada məhdud və bahalı olan çərəzdir:“Püstənin bazarda 65–70 manata qədər bahalaşmasının əsas səbəblərindən biri həqiqətən də bayram dövründə tələbatın kəskin artmasıdır. Bununla yanaşı, püstənin yüksək qiymətinin başqa səbəbləri də var. Əvvəla, püstə dünyada nisbətən bahalı və məhdud istehsal olunan çərəz növlərindən biridir. Məhsuldarlıq hər il eyni olmur və bəzi illərdə məhsul az olduqda qlobal bazarda qiymətlər yüksəlir. Digər tərəfdən, daşınma xərcləri, logistika, idxal rüsumları və ticarət zəncirindəki vasitəçilər də son satış qiymətinə təsir göstərir”.Akif Nəsirli qeyd edib ki, əgər məhsul əsasən xaricdən gətirilirsə, valyuta məzənnəsi və beynəlxalq bazarda qiymət artımı da daxili bazarda qiymətin yüksəlməsinə səbəb ola bilər.Bəs püstə Azərbaycanda yerli məhsuldurmu? “Azərbaycanda püstə ağacları bəzi bölgələrdə yetişdirilir və təbii halda da rast gəlinir. Xüsusilə Abşeron yarımadasında və bəzi quraq iqlimli ərazilərdə püstə ağacları mövcuddur. Lakin ölkədə püstə istehsalı sənaye miqyasında geniş yayılmayıb və daxili tələbatı təmin edəcək səviyyədə deyil. Buna görə də bazarda satılan püstənin böyük hissəsi idxal məhsuludur”, - deyə iqtisadçı bildirib.O, həmçinin püstənin idxal edildiyi ölkələri də açıqlayıb: “Statistik məlumatlara görə, Azərbaycan püstəni əsasən bir neçə ölkədən idxal edir. Əsas tədarükçülər İran və Türkiyə hesab olunur və idxalın böyük hissəsi məhz bu iki ölkənin payına düşür. Bundan başqa, püstə ABŞ, Özbəkistan və müəyyən həcmdə Qırğızıstandan da gətirilir. Məsələn, son illərin statistikası göstərir ki, ölkəyə yüzlərlə ton püstə idxal olunur və tədarükdə İran və Türkiyə ən böyük paya malikdir.Bu səbəbdən bazarda püstənin qiyməti təkcə yerli bazarın vəziyyətindən deyil, həm də beynəlxalq bazardakı qiymətlərdən və idxal xərclərindən birbaşa asılı olur. Bayram dövründə isə tələbatın artması bu qiymət artımını daha da sürətləndirə bilir”.Nəzrin Mirzəyeva, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.