AZ

Həkimlər “incidilir”, İcbari Tibbi Sığorta Agentliyi susur: bonuslar niyə ödənilmir?

Azərbaycanda dövlət tibb müəssisələrində çalışan həkimlərə ödənilməsi nəzərdə tutulan bonuslar aylardır gecikdirilir.

NOCOMMENT.az
-a daxil olan məlumatlara görə, bəzi tibb mərkəzlərində çalışan həkimlərə verilən əlavə ödənişlər artıq 5 aya yaxındır hesablarına çatmayıb.

Məlumata əsasən, tək paytaxtda deyil, Sumqayıt şəhərindəki tibb mərkəzlərində də həkimlərin bonusları keçən ilin oktyabr ayından bəri ödənməyib.

Daha bir problem isə, ödənilən bonusları əməkhaqqı ilə eyni gündə ödənilməsi, bununla da daha çox vergi tutulmasına şərait yaradılmasıdır

Mənbələr bildirir ki, bəzi müəssisələrdə, o cümlədən Klinik Tibb Mərkəzində bonuslar əməkhaqqı ilə eyni gündə verildiyi üçün daha yüksək vergi tutulur, bu da həkimlərin gəlirlərini azaldır.

Həkimlərin əlavə ödənişlərinin gecikməsi təkcə maddi vəziyyətə təsir etmir. Qeyd edilir ki, bu vəziyyət peşəkar həkimlərin motivasiyasını azaldır, iş yükü ilə bağlı stressi artırır. Nəticədə bəzi həkimlər daha stabil maliyyə və karyera imkanları üçün özəl klinikalara, hətta xaricə üz tutmağa meyllənir ki, bu da əhali üçün dövlət xəstəxanalarında professional həkim çatışmazlığına səbəb ola bilər.

Bundan əlavə, qeyd edək ki, bonusların ödənilməməsi xəstələrin seçim imkanlarını da məhdudlaşdırır.

Həkimlərin haqsızlıq və iş şəraitindən narazı olmaları onların xəstələrə göstərdiyi xidmətin səviyyəsinə də təsir edə bilər. Bu isə dövlət tibb sektorunun ümumi fəaliyyətinə ziyan vura bilər.

Həkimlərin maddi durumunun sabitləşdirilməsi, bonus ödənişlərinin vaxtında həyata keçirilməsi və iş şəraitinin yaxşılaşdırılması sahədəki narazılıqların aradan qaldırılması üçün vacibdir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi sorğu göndərilsə də, hələ ki cavab verilməyib.

Tunar
NOCOMMENT.az

Seçilən
2
1
nocomment.az

2Mənbələr