Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev ötən çıxışlarının birində qeyd edib ki, ziyalıların söz deməsi üçün şərait yaradılmalıdır.
” Ziyalı niyə susur, niyə qorxur? Çünki tənqid etsə, radikal müxalifət damğası vurub onu sıradan çıxara bilərlər” -,deyə deputat əlavə edib.
Millət vəkli haqlıdır. Məmurların tənqidi fikrə belə münasibətini ziyalılar daim hiss ediblər.
Öz təcrübəmdən deyə bilərəm: təhsilin ilbəil çökdüyünü görür, narahat olur, prosesləri təhlil edir, çıxış yolları təklif edirəm. Bu səbəbdən son 25 ildə yüksək vəzifəli təhsil məmurları məndən narazı olublar, sanki, onlar təhsilin inkişafında yox, çökməsində maraqlıdırlar.
Ziyalı üçün dövlət və milli mənafe məmurun “rəğbətindən” daha mühümdür. Bu səbəbdən ziyalı öz mövqeyindən dönməməli, həqiqəti deməlidir.
İnkişafa sədd yaradan problemlər qarşısında susqunluq, biganəlik, indi bəziləri üçün “karyera yüksəlişi” üçün açar, xüsusi “bacarıq” kimi qiymətləndirilir. Bu biganəlik qorxulu virus kimi yayılır, artıq pandemiya halını almışdır.
Bu proseslər sonda cəmiyyəti çürüdür, səvh inkişaf yoluna sürükləyir. Sonda isə dövləti zəiflədir. Ona görə də ziyalı cəmiyyətin viruslara qarşı immuniteti, vaksini olmalı, cəmiyyətin sağalması üçün çalışmalıdır. Təbii ki, bu çətindir, problemlər və onları yaradanlar çoxdur, amma başqa yol da yoxdur.
Əsl ziyalılar üçün dağıdıcı məmurun “molodes”ini eşitməkdənsə, xalqın, ictimaiyyətin minnətdarlığını eşitmək daha dəyərlidir.
Belə məmurlar ziyalının düzgün mövqeyi qarşılığında, ona qadağalar qoyur, maneələr törədir, layiq olduğunu, haqq etdiyini vermir, öz aləmində ondan qisas alırlar.
Məmurlar tənqidi fikir bildirən ziyalılara fəxri ad, layihə, qrant v.s. haqq etdiklərini qərəzli şəkildə vermir, utanmadan, ictimaiyyəti saymadan öz naşı dostlarına, qohumlarına, yerlilərinə, tabeliyində işləyənlərə paylayırlar. Bu isə cəmiyyətdə ictimai etimadı zəiflədir, haqlı narazılıqlar yaradır.
Razi müəllimin dediyi kimi, bəzən məmurlar haqqı deyən ziyalı barədə “müxalifətə meylli birisi” kimi rəy formalaşdırmağa çalışır, guya “milli nailiyyətləri kiçiltməyə cəhd edir” kimi əsassız fikirlər deyirlər.
Ziyalı, ölkə rəhbərinin ictimai nəzarət çağırışlarına cavab olaraq naşı, tamahkar məmurları tənqid və ifşa etməli, onların səhvlərini ictimailəşdirməli, milli mənafe naminə düz yola dəvət etməlidir.
Təəssüf ki, elə məmurlar da var ki, onlara heç nə təsir etmir. Belə məmurlar xalqdan, cəmiyyətdən uzaq olub, hökumət və dövlət qarşısında məsuliyyət hissini itiriblər.
Ziyalı məmurun səriştəsizliyini, səhv kadr və maliyyə siyasətini, ifşa etməlidir.
Öz təcrübəmdən deyə bilərəm ki, son 25 ildə məmurlara verdiyimiz təkliflər nəzərə alınsaydı, bu ümumi işin xeyrinə olardı, dövlətə, cəmiyyətə faydalı olardı. Həm də belə məmur cəmiyyətdə bir az nüfuz qazanardı, el gözündə az da olsa, yüksələrdi.
Təəssüf ki, bu gün bir çox ziyalılar cəmiyyətdə gördüyü neqativ hallara qarşı səslərini çıxartmır, özlərini görməzliyə vururlar. Bunun səbəbini Razi Nurullayev düzgün çox təyin edib.
Ayrı-ayrı sferalarda acı həqiqəti daim səsləndirənlər də yox deyil. Milli təhlükəsizliyin əsası olan, dövlətin müqəddəratını həll edən sahələrdə – elm, təhsil, səhiyyə v.s. neqativləri cəsarətlə səsləndirmək, problemlərin həlli yollarını təklif etmək lazımdır.
Millət vəkili daha sonra yazır: “Ziyalı niyə susur, niyə qorxur? Çünki tənqid etsə, radikal müxalifət damğası vurub onu sıradan çıxara bilərlər… Xalq qələbə çalmış, Qarabağa qayıdan xalqdır və artıq fərqli düşünməyə başlayır. Biz də cəmiyyətə siqnallar ötürməliyik ki, ölkəmiz və cəmiyyətimiz dəyişir, daha sərbəst və demokratikləşirik.
Sağlam tənqid xalqın və dövlətin mənəvi inkişafına xidmət edir və bu, iqtidara deyil, həm də dövlətə və xalqa xidmət deməkdir. Mənim öhdəliyim dövlətə və xalqa xidmət etməkdir. Tənqid edən ziyalı və ya müxalifətçi dövlətin və prezidentin düşməni deyil. O, yalnız siyasətə və ya icraata qarşı çıxır ki, bu da əslində dövlət üçün faydalıdır”.
Deputat daha sonra əlavə edib ki, tənqidi fikir radikal və təhqir dolu çıxışları zəiflədərək daha məntiqli və konstruktiv müzakirəyə yol açır: “Ziyalılara mediada sərbəstlik verilməli, tənqidlərini ifadə etmələri təmin olunmalı, bunun üçün onları hücuma məruz qoymamalıdırlar”.
Bu ərəfədə başqa bir deputat, Fariz İsmayılzadə də bu məzmunda bir fikir bildirmişdi:
“Səsləndirilməyən problem, heç vaxt həll edilməyəcək.” Bəli. Problemləri həll edilməyən cəmiyyət bəs inkişaf edə bilərmi? Təbii ki, yox.
İlham Əhmədov
Dosent
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.