AZ

“Çempionlar Kuboku nə qədər inkişaf etdiyimizi göstərdi” - Brianna Freyzerin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Banqkokda keçirilən Çempionlar Kubokunda gümüş medallara sahib olub. Öz inamlı oyunu ilə xüsusilə Brianna Freyzer yadda qalıb. O, turnirin ən məhsuldar ikinci oyunçusu olub və simvolik komandaya daxil edilib. Komanda üçün ilin ilk startının necə keçdiyi barədə Freyzer İdman.Biz-ə danışıb.

- Yığma Çempionlar Kubokunda debüt etdi və gümüş qazandı. Əldə olunan nəticə sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Bu nəticə bizim üçün çox böyük əhəmiyyət daşıyır. Biz bura özümüzə və komanda olaraq gördüyümüz işə böyük inamla gəlmişdik. Belə səviyyədə Azərbaycanı təmsil etmək böyük şərəfdir və finalda oynamaq nə qədər inkişaf etdiyimizi göstərdi.

- Sizcə, finala yüksəlməyin əsas açarı nə oldu?

- Komandamızın daxili uyğunluğu və fiziki hazırlığı. 3x3 basketbolda hər şey çox sürətli baş verir və oyunlar kifayət qədər sərt keçir. Buna görə oyunçular arasında ünsiyyət və qarşılıqlı etibar çox vacibdir. Çətin anlarda birlikdə olduq və inamla oynadıq.

- Siz turnirin simvolik komandasına daxil edildiniz. Bu tanınma sizin üçün nə deməkdir?

- Bu, mənim üçün xoşdur. Amma düzünü desəm, bu, bütün komandanın əməyidir. Hər kəs bu turnirə öz töhfəsini verdi və komanda yoldaşlarım olmasaydı, mən belə oyun göstərə bilməzdim. Birlikdə əldə etdiyimiz nəticə ilə çox qürur duyuram.

- Niderland yığmasına qarşı final asan olmadı. Bu oyundan sonra hansı nəticələr çıxardınız?

- Rəqib əla oyun keçirdi və qələbəyə layiq idi. Bu isə bizim üçün əlavə motivasiyadır. Ən güclü komandalarla oynamaq nəyin üzərində işləməli olduğumuzu və gələcəkdə necə daha yaxşı ola biləcəyimizi anlamağa kömək edir.

- Niderland yığması təkcə Çempionlar Kubokunu qazanmadı, həm də olimpiya lisenziyası uğrunda keçiriləcək turnirə vəsiqə əldə etdi. Artıq indidən Yay Oyunlarının seçmə mərhələsində iştirak hüququnu təmin edə bilmədiyiniz üçün təəssüf hissi yoxdur?

- Banqkokda bu vəzifəni yerinə yetirmək çox yaxşı olardı. Təəssüf ki, bunu bacarmadıq. Amma ruhdan düşmürük, qarşıda bizi çox maraqlı çağırışlar gözləyir. Əlbəttə, əsas məqsədimiz Los-Anceles Olimpiadasına lisenziya uğrunda mübarizəni davam etdirməkdir. Hələ şansımız olacaq və bundan mütləq istifadə edəcəyik.

- Komandanı qarşıda hansı turnirlər gözləyir?

- Biz inkişaf etməyə və ən yüksək səviyyədə rəqabət aparmağa davam etmək istəyirik. Məqsəd həm hər bir turnirdə, həm də hər bir oyunda qələbə uğrunda mübarizə aparmaqdır. Qarşıda Dünya Seriyasının mərhələləri var və onlardan üçü Azərbaycanda keçiriləcək. Maksimum nəticə göstərməyə çalışacağıq.

İdman.Biz
Seçilən
28
1
idman.biz

2Mənbələr