Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ötən gün qol vurduqdan sonra açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda sonuncu qolun müəllifi olan forvard bunları deyib:
“Bu gün mənim üçün emosional bir an idi, çünki son həftələr və aylar çətin dövr olmuşdu. Belə bir oyunda, möhtəşəm atmosfer qarşısında ilk qolumu vurmaq məni çox xoşbəxt etdi. Xüsusilə də uzun zədədən sonra meydana qayıtdığıma görə.
Azarkeşlər mənə çoxlu mesajlar yazdılar və mənə inandıqlarını göstərdilər. Derbi oyunlarının atmosferi digər oyunlardan fərqlənir”.
Hücumçu baş məşqçi Torsten Lieberxnextlə münasibətlərindən də söz açıb:
“Mən məşqçi ilə yaxşı əlaqədəyəm. Xüsusilə zədəli olanda insan komandadan bir qədər uzaq qalır. Ondan soruşdum ki, çox oynamaq üçün nəyi daha yaxşı edə bilərəm? Məşqçi məşqlərdəki performansımdan razıdır. Hətta cəmi beş dəqiqə oynasam belə, ən yaxşısını edirəm və özümü göstərməyə çalışıram”.
"Cebheinfo.az"