İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 30-cu turunda "Aston Villa" üzərində qazanılan qələbə (3:1) ilə adını klubun şanlı tarixinə yazdırıb. O, "qırmızı şeytanlar"ın sükanı arxasında çıxdığı ilk altı ev oyununun hər birində qalib gələn ilk məşqçi ünvanına sahib çıxıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Kerrikin "Old Trafford"dakı möhtəşəm seriyası hələ 2021/2022 mövsümündə, müvəqqəti baş məşqçi postunda olduğu vaxt "Arsenal" üzərində qazanılan 3:2 hesablı qələbə ilə başlayıb. Bu mövsüm kluba geri dönən mütəxəssis doğma meydanda ardıcıl olaraq "Mançester Siti" (2:0), "Fulhem" (3:2), "Tottenhem" (2:0), "Kristal Palas" (2:1) və nəhayət, "Aston Villa"nı (3:1) məğlub etməyi bacarıb.
Hazırda "Mançester Yunayted" 54 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşaraq Çempionlar Liqasına vəsiqə yolunda mühüm addım atıb.
Qeyd edək ki, Maykl Kerrikin yetirmələri növbəti turda, martın 20-də səfərdə "Bornmut"un qonağı olacaqlar.
Milli.Az