Sosial şəbəkələrdə əxlaq normalarına zidd davranışlar inzibati məsuliyyət yarada bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə hüquqşünas Ramil Vəliyev sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bir neçə il əvvəl aparıcı Tarix Əliyevin verilişində də bu mövzuya toxunaraq sosial şəbəkələrdə söyüş və nalayiq hərəkətlərin xırda xuliqanlıq kimi qiymətləndirilə biləcəyini qeyd edib:
“Bir neçə il əvvəl sosial şəbəkələrdə söyüş, əxlaq normalarına uyğun olmayan hərəkətlər xırda xuliqanlıq olaraq inzibati məsuliyyətə səbəb olduğunu bildirmişdim. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsində açıq-aşkar sosial şəbəkə üzərindən xuliqanlıq edilməsi qeyd edilməmişdir.
Amma 2025-ci ilin dekabr ayında İXM edilmiş dəyişikliklərə əsasən, sosial şəbəkədə əxlaq normalarına zidd hərəkətlər edilməsinə görə 500-1000 manat cərimə və ya 1 aya qədər həbs, təkrar törədildikdə isə 1000-2000 manat cərimə və ya 2 aya qədər həbs nəzərdə tutulur”.
R.Vəliyev bildirib ki, bəzi şəxslər sosial şəbəkələrdə daha çox pul qazanmaq məqsədilə bu cür davranışlara yol verirlər:
“Həmin şəxslər ancaq öz maddi maraqlarına görə sosial şəbəkədə pul qazanmaq, tiktokda hədiyyə almaq üçün belə hərəkətlər edirlər, amma cəmiyyətdə necə fəsadlara səbəb olduqlarını, millətin mənəviyyatını düşünmürlər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız