AZ

“Şəffaflıq üçün qapalı test üsuluna üstünlük verilməlidir” - TƏKLİF

"Biz universitetlərin giriş qapısını geniş, çıxış qapısını isə dar tutmalıyıq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov 11 illik buraxılış imtahanlarından narazılıqlarla bağlı danışarkən bildirdi.

"Məqsəd olaraq qarşımıza nə qoymuşuq? Bu imtahanı keçirməklə nə əldə etmək istəyirik? Abituriyentləri ələkdən keçirib böyük əksəriyyətini demotivasiya etmək, yoxsa onları növbəti təhsil mərhələsinə keçirmək? Bu səbəbdən hesab edirəm ki, imtahanlarda və ümumilikdə qiymətləndirmə sistemində yanaşmamızı və fəlsəfəmizi dəyişmək daha doğru olar. Abituriyentləri onların ağıl, inkişaf və məntiq səviyyəsinə uyğun tapşırıqlarla imtahan etmək lazımdır. Bu sahənin mütəxəssisləri imtahan suallarını mütləq yoxlamalıdır. Hər bir sualın cavabı da açıqlanmalıdır ki, həqiqətən bu qədər müddətdə həmin sualın cavablandırılması mümkündürmü. Əgər imtahan real şəraitdə, məntiqi yanaşma ilə, hər kəsin yerinə yetirə biləcəyi formada, çətin, orta və asan səviyyələrə uyğun olaraq pedaqoji yanaşmalar əsasında hazırlanıbsa, bu halda səslənən narazılıqlar sadəcə abituriyentlərin şikayəti hesab edilə bilər. Abituriyent hər zaman şikayət edə bilər. Lakin həqiqətən sualların cavablandırılması qeyri-mümkündürsə və səslənən iradlar əsaslıdırsa, o zaman imtahanın formasına və ümumi yanaşmasına yenidən baxmaq lazımdır", - deyə müsahibimiz əlavə etdi.

Onun sözlərinə görə, əgər imtahanda çoxlu yazı tələb edən suallar yer alırsa, bu halda faktiki olaraq əvvəlki sistemə qayıtmış oluruq:

"Keçmişdə olduğu kimi, bilet çəkib cavab vermək, yazılı və ya şifahi şəkildə geniş cavab təqdim etmək modelinə doğru geri dönmüş oluruq. Bu isə həm abituriyent üçün çətinlik yaradır, həm də yoxlayan tərəf üçün mürəkkəb prosesə çevrilir. Açıq sualların yoxlanılması böyük resurs tələb edir. Prosesi daha asan, şəffaf və ədalətli etmək üçün qapalı test üsuluna üstünlük vermək lazımdır. Qapalı testlər indiyə qədər də tətbiq olunur, lakin onların daha müasir formaları mövcuddur. Bu testlər yalnız bilik səviyyəsini deyil, müxtəlif səriştələri də ölçə bilir. Qiymətləndirmə sistemi həmin istiqamətə doğru inkişaf etməlidir ki, yoxlama prosesi daha asan, şəffaf və ədalətli olsun. Azərbaycan dili üzrə imtahanda çoxlu açıq və mətn tipli suallar verildikdə, abituriyent üç saat ərzində uzun mətnlər yazmalı olur. Belə halda həmin cavabların yoxlanılması da çox çətinləşir və qiymətləndirmə müəyyən mənada yoxlayan şəxsin subyektiv rəyindən asılı qalır.

Yoxlayan şəxs əlbəttə ki, kimin işini yoxladığını bilmir. Buna baxmayaraq, bu proses çox vaxt aparır və nəticədə qiymətləndirmə müəyyən dərəcədə şəxsi yanaşmaya əsaslana bilər. Bu isə şəffaflıq və ədalət baxımından risk yaradır. Bu səbəbdən açıq sualları həddindən artıq geniş formada təqdim etmək düzgün deyil. Açıq suallar daha çox strukturlu və müəyyən qəliblər daxilində hazırlanmalıdır. Açıq sualın cavabı yarım səhifə və ya bir neçə paraqraf həcmində ola bilər, lakin bir neçə səhifəlik yazı tələb edilməməlidir. Əks halda bu, köhnə imtahan sistemindəki inşa yazılarına bənzər forma alır. Qiymətləndirmə prosesində bu məqamlar xüsusilə nəzərə alınmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr