Biz də qələm adamıyıq, o da. Biz də nəsə yazırıq, o da. Amma bizim ondan, onun bizdən çox ciddi fərqi var. Onun yazdıqlarına, bizdən fərqli olaraq, böyük anlamda əsər demək lazımdır.
Yazır o. Hər anlamda yazır, sözlə tablo cızır, ürəklərdə özünə yer edir, sevilir, sevdirir.
Artıq 23 mart 2026-cı ildə 80 yaşı qatlayıb dizinin altına qoyan Seyran Səxavətdən söz edirəm.
Aramızda ciddi sayılacaq yaş fərqi olsa da şəxsən məndən heç də yaşlı sayılmaz. Şuxdur, dikdir, həyat doludur, cəmiyyət içində sevilir, sayılır, hələ daha neçə yuvarlaq yubileyləri yola verəcək əzmdədir Seyran Səxavət.
Çox müsbət aurası var. Hələ bu müdriklik yaşını nəzərə alsaq, əslində onun tayları bəzən ağır aura ilə adamın üstünə gəlir. Amma Seyran Səxavəti görmək nədir, adını belə eşitmək adama əlavə müsbət enerji bəxş edir, eynini açır.
Mənə də münasibəti, özü demiş, hansısa səbəbdən çox yüksəkdir. Hətta bir dəfə cəmiyyət içində dedi ki, “bilmirəm bu Azər Həsrəti niyə çox istəyirəm, amma çox istəyirəm”.
Məni də çox dəyərləndirir Ustad. Sağ olsun, var olsun. Belə ustadların adi bir sözü belə bizim kimi insanlar üçün, obrazlı desək, tütyə kimidir. Hələ-hələ indiki qarışıq dünyada. Elə bir dünyada ki, burada öndə gedənlər bir qayda olaraq arxadan gələnlərin uğurlarını görmək belə istəmir, bacardıqca onları arxada saxlamağa çalışır.
Seyran Səxavət isə, əksinə, arxadan gələnlərin önə keçməsini arzulayan, bacara bildiyi qədər buna yardımçı olmağa çalışan böyük Şəxsiyyətlərimizdəndir.
Bilənlər bilir, şəxsim yetərincə dünyanı gəzmiş-görmüş, müxtəlif millətlərdən olan insanlarla dostluq edən, adam tanıyan birisiyəm. Yəni məni yalançı səmimiyyətlə ram etmək alınmaz. O baxımdan gerçək səmimiyyəti olanları dərhal aşkarlayır, özüm üçün ən yüksək dəyərləri topladığım mənəvi sandığın ən ülvi yerində əbədi məskun edirəm.
Seyran Səxavət də o sandıqdakılardan biridir. Birlikdə yol getməmişik, heç bir stəkan su da içməmişik, amma uzaqdan-uzağa mənəvi bağlarımız yaranıb. O qədər yaxın bağlardır ki, sanki bu böyük şəxsiyyətlə bir kənddə doğulmuşuq, bir eldə boya-başa çatmışıq, illərlə çörək kəsmişik…
Haşiyə: Hələ COVID-19 pandemiyası başlamamış anidən ağlıma bir ideya gəlmişdi. Müasir yazarlarımızdan Kənan Hacının kitab təqdimatında iştirak edərkən söz mənə veriləndə yeni kitab haqqında danışmaqla bərabər dedim ki, “bugündən “Kəndə kitab” kampaniyasına başlayıram”. İdeya da bu idi ki, Xaçmazdakı doğma Dədəli kəndimin kitabxanası üçün müəlliflərdən imzalı kitablar toplayım, onları xüsusi olaraq həmin kitabxanada sərgiləyək. Elə ilk kitabı da orada Kənan Hacıya imzalatdırdım: “Müəllifdən Dədəli kənd kitabxanası üçün”. Beləcə bir xeyirli kampaniya başlatmış oldum. Bu kampaniya haqqında Seyran Səxavətə deyəndə qayıtdı ki, “mən sizin kitabxanaya bir deyil, bir neçə yüz kitab hədiyyə edəcəyəm”. Yəni belə böyük ürək sahibidir dəyərli yubilyarımız.
…Seyran Səxavəti adətən tədbirlərdə görürəm. Bacardıqca hal-əhval tuturam, bu dəyərli aydınla kəlmə kəsib az da olsa aydınlanmağa çalışıram. Bu cür adamların sadəcə varlığı, hələ bizim kimi insanlarla səmimiyyəti belə ovqatımızı yüksəltməyə bəs edir.
Bugünlərdə Seyran Səxavətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında geniş bir görüş də keçirilib. Baxıram, media bu görüşün bütün müsbət enerjisini cəmiyyətə ötürdükcə ötürür. Həmin o ovqat bitmir, tükənmir, elə ardı gəlir ki, gəlir.
Görüşdə iştirak edənlərin paylaşımları, xoş sözləri, Ustad haqqında təəssüratları, bu ortamda iştirakdan duyduqları xoşbəxtlik hər nəyə desən dəyər. Belə ovqat yaradan adamlar doğrudan da bir nemətdir; cəmiyyət üçün, özəlliklə də çox vaxt neqativlərdən əziyyət çəkən fərdlər üçün. Nə qədər ki, ətrafımızda, aramızda Seyran Səxavətlər var, olacaq, bizim də yaşam həvəsimiz coşub-daşacaq.
…Əslində bu yazını adəti üzrə Ustadın yaradıcılığı haqqında yazmağı düşünürdüm. Amma baxıram ki, yaradıcılıq bir kənarda qaldı, şəxsiyyəti üzərində kökləndim.
Təsadüfdürmü?
Deyil əlbəttə. Çünki istənilən şəxsin yaracılığı şəxsiyyətindən qaynaqlanır. Şəxsiyyət yaradıcılıqdan öndə gəlməlidir. Belə olanda yaradıcılıq da səmimi və faydalı olur. Seyran Səxavətdə olduğu kimi. Həm yaradıcılığı, həm də şəxsiyyəti böyük və bütöv olan insandır Seyran Səxavət.
…Deyirlər ki, hər şeyin ilki insana əziz olur. Məsələn, ailədə övladın ilki, bir şairin ilk şeiri, yazıçının ilk kitabı, məktəblinin aldığı ilk əla qiymət, ilk sevgi kimi…
Bu yubiley işığında bizim də ağlımızdan Seyran Səxavətin bir ilkinə geri dönmək keçdi.
1962-ci ildə cəmi 16 yaşı olan Seyran Səxavətin mətbuatda işıq üzü görmüş ilk şeirinin adı da əlamətdir. “İki arzu” idi o qısa şeirin adı.
Mənbələr bu adda şeirin o dövrlərdə yetərincə məşhur olan və Füzulidə nəşr edilən “Qızıl Araz” qəzetində çıxdığını göstərir. Yeri gəlmişkən, mən hələ onda dünyaya gəlməmişdim; Ustad isə “İki arzu”sunda yazıb qəzetdə dərc elətdirdiyi şeirdə deyirdi:
Sual verdi sevgilim
Bir gün üz tutub mənə,
Nədir arzun həyatda,
Cavan oğlan, desənə?
Dedim həyatda yalnız
İki arzum var, ay qız:
Biri sənət dağının
Zirvəsinə ucalmaq,
Biri də ki, səninlə
Ömür sürüb qocalmaq.
Məncə Ustadın 16 yaşında şeir dili ilə izhar etdiyi hər iki arzu çin olub. Hər halda özü bunun necə olduğunu daha doğru ifadə edə bilər. Amma ən azından biri ilə bağlı bir ictimai fəal olaraq şəxsən mən hətta hökm də verə bilərəm: Seyran Səxavət sənət dağının zirvəsinə yüksəlib! Özü də indi deyil, çox-çox illər öncədən!
Heç şübhə etmirəm ki, onun ikinci arzusu da çoxdan, lap çoxdan çin olub!
Zirvədəki Seyran Səxavət indi oradan hər tərəfi seyr edir, hər şeyi hər birimizdən daha yaxşı görür, yeri gələndə göstərir. Ustad zirvədədir, arzusuna çatıb. Amma deyirlər ki, arzudan arzu doğar. Əminəm ki, Seyran Səxavətin də arzularından arzular doğub, doğur, doğacaq və hələ daha neçə-neçə zirvələri fəth edəcək o.
Enerjisi boldur, cəmiyyətdə ona tələbat – sevgi də boldur. Yəni yaşaması, yaratması, öz müsbət ovqatını ətrafa ötürməyə davam etməsi üçün səbəblər tükənməzdir.
Nə deyirik? Çox yaşa, Ustad! 80 arxada qalır, biz 100-ə hazırlaşaq indidən. Gün o gün olsun ki…
Gün o gün olsun ki, 100 yaşlı Seyran Səxavət şəxsən özümə, “bilmirəm niyə, amma mən bu Azər Həsrəti çox istəyirəm” desin. Hə, hə, desin. Danışdıqmı, Ustad?
Düz 20 il sonra görüşürük, bunu deyirsiniz.
Sözümüz sözdür, görüşərik.
Bolluca təbriklər, böyük Ustad Seyran Səxavət!
AZƏR HƏSRƏT,
ƏMƏKDAR JURNALİST