AZ

“Sinifdənxaric oxu” dərsinin ləğvi: “Şagirdlərin söz ehtiyatı zəifləyir” - müəllimlər NARAZIDIR

Şagirdlərin dil bacarıqlarının qiymətləndirilməsində əsas göstəricilərdən biri onların söz ehtiyatının səviyyəsidir. Dünyanın bir çox ölkəsində müxtəlif yaş mərhələlərində şagirdlərin bildiyi sözlərin sayı xüsusi metodlarla müəyyən edilir. Bu göstərici adətən onların oxu vərdişləri və mütaliə səviyyəsi ilə sıx əlaqələndirilir.

Xüsusilə ibtidai və orta təhsil pilləsini başa vuran şagirdlərin söz ehtiyatı dil inkişafının mühüm göstəricilərindən biri hesab olunur. Bu baxımdan, Azərbaycanda şagirdlərin orta hesabla neçə söz bildiyi və bu göstəricinin hansı meyarlar əsasında müəyyənləşdirildiyi maraq doğuran məsələlərdəndir.

Vaxtilə ibtidai siniflərdə tədris olunan “Sinifdənxarici oxu” dərsliyinin ləğv olunması şagirdlərin oxu vərdişlərinə və söz ehtiyatına necə təsir göstərib?

AzEdu.az mövzu ilə bağlı ibtidai sinif müəllimlərinin fikirlərini öyrənib.

Ağsu rayonu Sarvan kənd orta məktəbin İbtidai sinif müəllimi, “Örnək müəllim” Fatimə Hüseynova qeyd edib ki, hazırda məktəblərdə “sinifdənxaric oxu dərsləri” əvvəlki kimi ayrıca dərs kimi keçirilmir:

179636

“Yeni kurikulum sistemində bu dərslər artıq fərqli formada təşkil olunur. Hazırda bu fəaliyyətlər əsasən Azərbaycan dili və ədəbiyyat dərslərinin tərkibində oxu fəaliyyəti kimi həyata keçirilir. Şagirdlərə əlavə bədii mətnlər təqdim edilir, həmin mətnlər dərs zamanı oxunur və müzakirə olunur.

Eyni zamanda mütaliə və layihə tapşırıqları vasitəsilə şagirdlər müxtəlif kitablar oxuyur, daha sonra oxuduqları əsərlər haqqında təqdimatlar hazırlayır, esse yazır və müzakirələr aparırlar.

Bundan əlavə, məktəblərdə həftəlik və ya aylıq oxu saatları, eləcə də müxtəlif sinifdənxaric tədbirlər təşkil edilir. Beləliklə, əvvəlki kimi ayrıca “sinifdənxaric oxu" saatı olmasa da, oxu və mütaliə fəaliyyəti Azərbaycan dili dərsləri və əlavə tədbirlər çərçivəsində davam etdirilir. Başqa sözlə, bu fəaliyyətlər mütaliə, layihə və əlavə oxu tapşırıqları şəklində Azərbaycan dili dərslərinə inteqrasiya olunub.

"Sinifdənxaric oxu" fəaliyyəti müxtəlif üsullarla təşkil edilə bilər. Xüsusi günlərdə və ya sərbəst dərs saatlarında şagirdlərlə birlikdə oxu saatları keçirilir. Bu məqsədlə sinif otağında xüsusi oxu guşəsi yaradılır ki, şagirdlər həmin mühitdə rahat şəkildə kitab oxuya və hekayələri dinləyə bilsinlər.

Hava şəraiti əlverişli olduqda oxu saatlarının açıq havada, təbiət qoynunda keçirilməsi də mümkündür. Bu isə uşaqlara müsbət təsir göstərir və onların kitaba marağını artırır.

Seçilən kitablar əsasən uşaqların yaş xüsusiyyətlərinə uyğun uşaq ədəbiyyatı nümunələrindən ibarət olur. Bu əsərlər şagirdlərin özlərini hekayələrdə tapmasına, həmçinin onların mənəvi və estetik zövqünün formalaşmasına kömək edir".

Şəmkir rayon Düyərli 2 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi, “Örnək müəllim” Rufanə Rzazadə söyləyib ki, dərs dediyi illərdə "Sinifdənxaric oxu" kitabı olmayıb:

179635

“Lakin düşünürəm ki, belə bir dərslik şagirdlərin söz ehtiyatının zənginləşməsinə, oxu vərdişlərinin formalaşmasına və mətn üzərində işləmə bacarıqlarının inkişafına müsbət təsir göstərə bilərdi. Bununla yanaşı, hazırkı Azərbaycan dili dərsliklərində yer alan mətnlər də müəyyən dərəcədə bu funksiyanı yerinə yetirir və şagirdlərin oxu bacarıqlarının inkişafına xidmət edir.

Şagirdlərin mütaliəyə marağını artırmaq məqsədilə məktəbdə oxu guşəsi yaradılıb. Bu guşə həm kitaba marağı artırır, həm də oxu vərdişlərinin formalaşmasına müsbət təsir göstərir. Marağı daha da gücləndirmək üçün əlavə mətnlərdən ibarət monitorinq testlərindən də istifadə olunur.

Bu testlərdəki kiçikhəcmli mətnlər şagirdlərin diqqətini cəlb edir və onların mətn üzərində işləmə bacarıqlarının inkişafına kömək edir. "Sinifdənxaric oxu" kitabının tədrisə qaytarılmasına gəlincə, bunun müəyyən qədər faydalı ola biləcəyini düşünürəm - təxminən 60 faiz təsir göstərə biləcəyini hesab edirəm. Çünki hazırda oxu bacarıqlarını və mütaliəni inkişaf etdirən müxtəlif vəsaitlər də mövcuddur".

V.Məmmədov adına Çiyni kənd tam orta məktəbində İbtidai sinif müəllimi, “Örnək müəllim” Sevlanə Xalıqovanın sözlərinə görə, hazırda şagirdlər üçün nəzərdə tutulmuş dərslik və vəsaitlərdə onların marağına səbəb ola biləcək kifayət qədər nağıl, informativ və bədii mətnlər, müxtəlif oxu materialları yer alır:

179634

“Şagirdlərin tanış olduqları mətnlərdə yeni eşitdikləri sözlər isə “söz boğçası” bölməsində öz izahı ilə təqdim olunur. Lakin ibtidai siniflərdə oxu vərdişi əsasən təkrar oxu və maraqlı mətnlər vasitəsilə formalaşdığı üçün “Sinifdənxaric oxu” dərsliyinin olmaması müəyyən boşluq yarada bilər. Çünki əvvəllər oxu üçün ayrıca dərs saatı ayrılır, mətnin müzakirəsinə, sual-cavab mərhələsinə daha geniş vaxt verilirdi.

Hazırda isə əsasən Azərbaycan dili dərsliyində proqram üzrə yer alan mətnlər üzərində işlənilir. Şagirdlərin mətnə və mütaliəyə marağını artırmaq üçün dərs zamanı müxtəlif interaktiv üsullardan istifadə olunur. Məsələn, mətn üzrə sual-cavab, mətnin davamını təxəyyülə əsasən qurmaq, mətnin hissələrini müəyyən etmək, rollu oxu, mətni bir şəkillə ifadə etmək və s. kimi metodların tətbiqi şagirdləri daha fəal edir və onların dərsə marağını artırır.

Fikrimcə, “Sinifdənxaric oxu” dərsliyini müasir tədris modelinə uyğun şəkildə yenidən qurmaq mümkündür. Dərsliyin əvəzinə tədris proqramına əsasən həftəlik bir və ya bir neçə “dinləmə saatı” təşkil oluna bilər. Bu saatlarda uşaqlar sinif otağından fərqli, daha rahat və sərbəst mühitdə fəaliyyət göstərə bilərlər. Bunun üçün məktəbdə ayrıca bir otaq təşkil edilə bilər. Uşaqların oxuyacaqları nağıl və digər oxu materialları isə rəngarəng, şəkilli açıqcalar formasında hazırlanaraq onlara təqdim oluna bilər.

Yeni tədris modelində şagirdi yormadan, əyləncəli metodlarla öyrətmək məqsədi güdülür. Buna görə də müəyyən tədris materialları ilə təmin olunmaq vacibdir. Məsələn, şagirdlər oxuduqları nağılları daha canlı şəkildə təqdim edə bilsələr, bunun üçün nağıl qəhrəmanlarının geyimləri, istifadə etdikləri sehrli və ya digər atributlar da təqdim olunsa, bu onların marağını daha da artırar.Bundan əlavə, sinif daxilində kiçik kitab rəflərindən ibarət bir kitabxana da təşkil etmək olar.

Hər həftə bir şagird fərqli kitab seçərək onu oxuya və digər şagirdlərə təqdim edə bilər.Oxuduqlarını canlı şəkildə təqdim etmək, müəyyən bir obraz yaratmaq, sevdiyi qəhrəmanın libasında çıxış etmək uşaqların oxuya və mütaliəyə marağını artıracaq, eyni zamanda onların dil bacarıqlarını, düşüncəsini və təxəyyülünü inkişaf etdirəcək”.

Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi, “Örnək müəllim” Könül Bağırova bildirib ki, əvvəlki dövrlərlə müqayisədə, "Sinifdənxaric oxu" dərslərinin keçirildiyi illərlə bugünkü vəziyyəti müqayisə etdikdə müəyyən fərqlər aydın şəkildə görünür:

179633

"Bir müəllim kimi müşahidə edirəm ki, həmin dövrdə şagirdlərin dünyagörüşü daha geniş olur, söz ehtiyatı zənginləşir, oxu bacarıqları isə daha sürətli və ifadəli şəkildə formalaşırdı. Uşaqlar mətnləri daha aydın və ifadəli oxuya bilir, fikirlərini rahat şəkildə ifadə edirdilər. "Sinifdənxaric oxu" uşaqların dünyagörüşünün genişlənməsində mühüm rol oynayırdı. Şagirdlər müxtəlif mövzular haqqında məlumat əldə edir, hadisələri və insanları daha yaxşı anlamağa başlayırdılar.

Dərslikdənkənar mətnlər və nağıllar oxuduqca yeni sözlər və ifadələr öyrənilir, bu isə onların söz ehtiyatının zənginləşməsinə və danışıq bacarıqlarının inkişafına müsbət təsir göstərirdi. Eyni zamanda, oxu texnikası da inkişaf edirdi: şagirdlər daha sürətli, daha anlaşıqlı və ifadəli oxumağı öyrənirdilər. Oxunan mətnlər sinifdə müzakirə olunur, uşaqlar həmin mətnlərə münasibət bildirir, obrazları qiymətləndirir və hadisələri təhlil edirdilər.

Müsbət və mənfi obrazlar üzərində fikir mübadiləsi aparılır, hadisələrin ardıcıllığı müəyyən edilir və nəticələr çıxarılırdı. Bu proses şagirdlərin müstəqil fikir yürütmə bacarığını da inkişaf etdirirdi. Digər tərəfdən, "Sinifdənxaric oxu" şagirdlərin kitab oxumağa marağını artırırdı. Onlar əlavə kitab və vəsaitlərə müraciət etməyə daha həvəsli olur, mütaliə onların gündəlik fəaliyyətinin bir hissəsinə çevrilirdi".

Bu dərsin yenidən tədrisə qaytarılması şagirdlərin inkişafına böyük müsbət təsir göstərə bilər:

"Çünki bu gün açıq şəkildə müşahidə olunur ki, bir çox uşaqların söz ehtiyatı və ifadə imkanları əvvəlki dövrlərlə müqayisədə zəifdir. Bəzən sadə bir şəkil və ya söz əsasında cümlə qurmaq tapşırığı verildikdə, uşaqlar yalnız sadə və məhdud cümlələrlə kifayətlənirlər ki, bu da onların söz bazasının yetərli olmadığını göstərir.

"Sinifdənxaric oxu" dərsləri olduğu dövrdə isə uşaqlar fikirlərini daha sərbəst və aydın ifadə edə bilirdilər. Bu fərq müasir müəllimlər tərəfindən də aydın şəkildə müşahidə olunur. Elm və texnologiya sürətlə inkişaf etsə də, mütaliənin verdiyi üstünlükləri kompüter və ya telefon əvəz edə bilmir. İnformasiya texnologiyalarından istifadə faydalı olsa da, kitab oxumaq uşağın dünyagörüşünü genişləndirir, təhlil bacarığını inkişaf etdirir, sürətli və ifadəli oxu vərdişlərini formalaşdırır və söz ehtiyatını zənginləşdirir.

"Sinifdənxaric oxu" zamanı oxunan hər bir mətn sinifdə müzakirə olunur. Şagirdlər həmin mətnə münasibət bildirir, obrazların xarakterini təhlil edir və müsbət-mənfi xüsusiyyətləri qiymətləndirirdilər. Bu isə onların düşünmə və təhlil bacarıqlarının inkişafına böyük töhfə verirdi.

Bir müəllim kimi mən də şagirdlərimin mütaliəyə marağını artırmağa çalışıram. Onları yaş səviyyəsinə və maraq dairəsinə uyğun nağıl, macəra və sehrli mövzulu kiçik həcmli əsərlər oxumağa təşviq edirəm. Hətta sinifdə ay ərzində ən çox kitab oxuyan şagirdi seçir və kiçik hədiyyələrlə mükafatlandırıram. Bu isə digər şagirdlərin də kitab oxumağa marağını artırır.

Düşünürəm ki, "Sinifdənxaric oxu" yenidən tədris proqramında ayrıca yer alsa, bu fəaliyyət daha sistemli və səmərəli şəkildə həyata keçirilə bilər. Bir müəllim kimi bu dərsin tədrisimizə qayıtmasını çox istər və bundan böyük məmnunluq duyaram. Çünki mütaliənin və kitabın uşaqların inkişafına verdiyi töhfəni heç nə əvəz edə bilməz. Ümid edirəm ki, bu fikirlər ibtidai sinif müəllimlərinin mövcud ehtiyaclarını və baxışlarını müəyyən dərəcədə əks etdirir və bu mövzuda aparılan müzakirələr üçün faydalı olacaq".

Seçilən
5
azedu.az

1Mənbələr