AZ

“Ermənistanda iki siyasi xətt formalaşıb...” Paşinyan cəmiyyət mövqe qoymağa çağırır

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik də artır. Seçkilər ərəfəsində əsas mübarizənin Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası ilə Rusiyaya yaxın mövqedə olan müxalif siyasi qüvvələr arasında getdiyi məlumdur.

Müzakirələrin əsas mövzusu isə Ermənistanın gələcək kursu – sülh yolu ilə inkişaf, yoxsa Qarabağ məsələsi ətrafında qarşıdurmanın davam etdirilməsi ilə bağlıdır.

Paşinyan özünün “Facebook” səhifəsində yayımladığı videoçıxışında bildirib ki, qarşıdan gələn seçkilər əslində Ermənistan cəmiyyətinin bu məsələdə dəqiq seçim etməsi üçün imkandır. Onun sözlərinə görə, iyunun 7-də seçicilər qərar verməlidirlər: Ermənistan Qarabağ münaqişəsini davam etdirəcək, yoxsa bu mərhələni bağlayacaq.

Baş nazir iddia edib ki, hazırda ölkədə iki əsas siyasi xətt formalaşıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi qüvvə “sülh tərəfdarıdır”, müxalifət isə Qarabağ hərəkatının davam etdirilməsini müdafiə edir.

Paşinyan çıxışında II Karegin (dünya ermənilərinin katolikosu Ktriç Nersisyan) və keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan kimi siyasi fiqurların da ikinci mövqeyə yaxın olduğunu bildirib.

Baş nazirin sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsi faktiki olaraq yeni müharibə riskini artırır və Ermənistan cəmiyyəti bu məsələdə aydın mövqe ortaya qoymalıdır.

Paşinyan eyni zamanda ölkədə Konstitusiya islahatlarının zəruriliyinə də toxunub. O bildirib ki, Ermənistan Konstitusiyasında Ermənistanın Müstəqillik Bəyannaməsi sənədinə istinad olunması düzgün deyil. Onun fikrincə, həmin sənəd “müstəqillik bəyannaməsindən daha çox konflikt bəyannaməsi” xarakteri daşıyır.

Baş nazir Qarabağ ermənilərinin geri qayıdışı mövzusundan siyasi manipulyasiya vasitəsi kimi istifadə edən qüvvələri də tənqid edib. O bildirib ki, Ermənistanın gələcəyi yalnız sülh və regional əməkdaşlıq yolu ilə təmin edilə bilər.

“Sülh şəraitində Ermənistan daha da möhkəmlənəcək, müstəqillik və suverenlik güclənəcək. Kim bunu istəyirsə, mənim arxamca gəlsin”, - deyə Paşinyan çıxışını yekunlaşdırıb.

Müşahidəçilərin fikrincə, seçkilərin nəticəsi Ermənistan cəmiyyətinin sülh gündəliyinə nə dərəcədə hazır olduğunu da göstərəcək. Ekspertlər hesab edirlər ki, prosesə xarici amillər, xüsusilə Rusiyanın mümkün təsiri də mühüm rol oynaya bilər.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
azpolitika.info

1Mənbələr