"Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib.
- "Sabah" hazırda Premyer Liqada turnir cədvəlində liderdir. Komandanın 24 turdan sonrakı performansını necə dəyərləndirirsiniz?
- Komanda çox yaxşı irəliləyir. Həqiqətən də əla performans göstərirlər. Deyərdim ki, görünür çempionluğa doğru gedirlər. Matçları inamlı şəkildə qazanırlar. Onlar bunu stabil olaraq edirlər.
- "Sabah" çempionluq mübarizəsində əsas rəqibi olan "Qarabağ"la 3:3 oynadı. Halbuki qələbəyə çox yaxın idilər...
- "Sabah" "Qarabağ"la başabaş mübarizə aparır. Oyunları ilə bunu sübut edirlər. Son matçda da çox yaxşı mübarizə apardılar. Sadəcə hesab 0:3 olduqdan sonra artıq qələbə qazandıqlarını düşündülər. Bu da komandada boşluqların yaranmasına gətirib çıxardı. "Qarabağ" da bundan maksimum istifadə etdi. Lakin ümumilikdə "Sabah" həmin oyunu da çox yaxşı səviyyədə keçirmişdi.
- Maraqlıdır ki, "Sabah" ölkə kubokunun yarımfinalda da "Qarabağ"la qarşılaşacaq. Həm liqada, həm də kubok yarışında bu iki komandanın mübarizəsində hansı tərəfin qalib ayrılacağını düşünürsünüz?
- Həqiqətən də çox maraqlı oyunlar olacaq. Bu iki komandanın mübarizəsi onsuz da maraqlı idi. Hər iki turnirdə rəqib olmaqları marağı daha da artırır. Hansı tərəf daha istəkli, daha əzmkar olacaq, o da bu oyunlardan qalib ayrılacaq.
- "Sabah" hazırda Premyer Liqada liderdir, dediyiniz kimi, oyunları yaxşı oynayaraq inamlı qalibiyyətlər əldə edir. Bəs sizcə onların əsas üstünlüyü nədədir?
- Uğurlu nəticələr varsa, görülən iş də var. "Sabah" həqiqətən də komanda oyununu oynayırlar. Baş məşqçi Valdas Dambrauskasın da işi göz qabağındadır. Stabillik var, inamlı oynayırlar. Üstəlik, hücumda çox yaxşı təsir bağışlayırlar.
- Uzun illər belə fikir var ki, "Qarabağ" avrokuboklardakı çıxışını başa vurduqdan sonra daxili yarışlarda daha qarşısıalınmaz olur. Sizcə, belə də olacaq?
- Təbii ki, indi "Qarabağ"ın oyunlara hazırlaşmaq üçün daha çox zamanı var. Üstəlik, onlar indi çempionat görüşlərinə də əsas heyətlə çıxırlar. Rotasiya vaxtı deyil. Çempion olmaq istəyirlərsə, var güclərini ortaya qoymalıdırlar.
- "Sabah" çempionluğu qazanarsa, avrokuboklarda da liqa mərhələlərində oynaya bilər?Yoxsa, daha çox güclənməlidir?
- Avrokuboklarda nəticə qazanmaq üçün güclənməyə həmişə ehtiyac var. "Sabah" hazırda Premyer Liqada çempionluq mübarizəsi aparır, "Qarabağ"la xal fərqi də var. Hazırda yəqin ki, çempionata və kuboka fokuslanıblar. Hər halda, mövsümün sonuna qədər maraqlı mübarizə gedəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi