BAKI, TurkicWorld
Orta Dəhliz Hörmüz boğazı bağlanacağı təqdirdə konteyner daşımaları üçün əsas marşrutlardan birinə çevrilə bilər.
TurkicWorld xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Marketinq və tarif siyasəti departamentinin marketinq şöbəsinin müdir müavini Ziya Məmmədov sosial şəbəkə hesabında yazıb.
"Hörmüz boğazı qlobal konteyner ticarəti üçün əsas dəniz "dar boğazlarından" biridir. Onun bağlanması halında Asiya, Yaxın Şərq və Avropa arasında konteyner tədarük zəncirləri gecikmələr və logistika xərclərinin artması ilə üzləşə bilər.
Belə bir vəziyyətdə alternativ multimodal marşrutların əhəmiyyəti artır. Onlardan biri Orta Dəhlizdir ki, bu marşrut Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirir", – deyə o bildirib.
Qeyd olunur ki, bu dəhliz üzrə konteyner daşımaları adətən aşağıdakı mərhələləri əhatə edir:
- Mərkəzi Asiya ərazisindən keçən 4256 km dəmir yolu xətti;
- Xəzər dənizi üzərindən təxminən 508 km dəniz marşrutu;
- Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya uzanan dəmir yolu xətti.
"Regionun əsas nəqliyyat infrastrukturlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionu üzrə multimodal konteyner axınlarını dəstəkləyir. Hazırda limanın illik yükötürmə qabiliyyəti təxminən 15 milyon ton təşkil edir.
Hazırda limanın inkişafının yeni mərhələsi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra limanın illik gücünün 25 milyon tona çatacağı, həmçinin ildə 500 min TEU konteyner emal etmək imkanının olacağı gözlənilir", – paylaşımda bildirilib.
Vurğulanır ki, dəniz nəqliyyatı qlobal konteyner ticarətində dominant olaraq qalacaq. Lakin Hörmüz boğazı kimi strateji dar keçidlərdə mümkün fasilələr logistika marşrutlarının şaxələndirilməsinə olan artan zərurəti göstərir. Bu kontekstdə Orta Dəhliz tədricən konteyner daşımaları üçün əlavə Avrasiya marşrutu kimi rolunu gücləndirə bilər.