Buxarest, 16 mart, AZƏRTAC
ABŞ-yə məxsus ilk üç “Boeing KC-135 Stratotanker” tipli yanacaqdoldurma təyyarəsi Rumıniyaya gəlib. Bu təyyarələrin sonradan Yaxın Şərqə göndərilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, təyyarələr Rumıniyanın Konstansa vilayətində yerləşən Mihail Koqalniçanu hərbi aviabazasına eniş edib. ABŞ hərbi aviasiyasının bu bazadan istifadə etməsi NATO-nun regiondakı hərbi-logistik imkanlarının gücləndirilməsi ilə əlaqələndirilir.
“KC-135 Stratotanker” təyyarələri havada yanacaqdoldurma əməliyyatları üçün istifadə olunur və ABŞ Hərbi Hava Qüvvələrinin əsas strateji aviasiya platformalarından biri hesab edilir. Bu tip təyyarələr döyüş təyyarələrinin uçuş məsafəsini və əməliyyat imkanlarını artırmağa imkan verir.
Bildirilir ki, təyyarələrin Rumıniyaya yerləşdirilməsi ABŞ və NATO-nun regionda hərbi logistikanı gücləndirmək planlarının bir hissəsidir. Rumıniyada yerləşən Mihail Koqalniçanu aviabazası Qara dəniz regionunda alyans üçün mühüm hərbi-logistik mərkəzlərdən biri sayılır.
Qeyd olunur ki, son illərdə Rumıniya NATO-nun şərq cinahında strateji mövqeyə malik ölkələrdən biri kimi ön plana çıxır və burada ABŞ və müttəfiq qüvvələrin hərbi mövcudluğu tədricən artırılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest