AZ

Abituriyentlər təşvişdə: Buraxılış imtahanı çətin keçdi, qəbul balları necə dəyişəcək?

11-ci sinif şagirdləri buraxılış imtahanını verərək, qəbul prosesinin ilk mərhələsini geridə qoyublar. Qarşıda isə onları ali məktəblərə qəbul üçün əsas mərhələ sayılan blok imtahanları gözləyir.

Bəzi abituriyentlər buraxılış imtahanının gözlədiklərindən daha çətin keçdiyini bildirirlər. Bu isə bir çoxunda qəbul ballarının arta biləcəyi ilə bağlı narahatlıq yaradıb. 

Abituriyentlər hesab edirlər ki, sualların çətin olması nəticələrə və ümumi keçid ballarına təsir göstərə bilər. Bu mövzu hazırda abituriyentlər və valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biridir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Əmrah Həsənli buraxılış imtahanlarında sualların çətin və ya asan olmasının hər il müzakirə olunan məsələlərdən biri olduğunu vurğulayıb:

"Lakin qəbul ballarının artıb-artmayacağını yalnız sualların səviyyəsi ilə izah etmək doğru olmaz. Çünki qəbul balları təkcə imtahanın çətinliyindən deyil, ümumi nəticələrdən, iştirakçıların performansından və ixtisaslar üzrə rəqabətin səviyyəsindən asılı olaraq formalaşır.

Əgər imtahan sualları daha çətin olarsa, bu adətən ümumi nəticələrin aşağı düşməsinə səbəb olur və nəticədə keçid ballarında ciddi artım müşahidə edilmir. Əksinə, suallar nisbətən asan olduqda daha çox abituriyent yüksək nəticə əldə edir və bu zaman bəzi ixtisaslar üzrə rəqabət artır, nəticədə keçid ballarında yüksəliş baş verə bilər. Yəni proses nisbi qiymətləndirmə prinsipi ilə formalaşır".

Ekspert, onu da bildirib ki, qəbul ballarına təsir edən əsas amillərdən biri də konkret ixtisaslara olan maraqdır:

"Bəzən imtahanın çətinliyindən asılı olmayaraq müəyyən ixtisaslara maraq çox olduqda həmin ixtisaslarda keçid balları yüksələ bilir. Buna görə də, bir və ya iki imtahanın çətinliyi əsasında əvvəlcədən dəqiq proqnoz vermək real olmaz. 
 

Ümumilikdə demək olar ki, buraxılış imtahanlarının nəticələri qəbul prosesinin yalnız bir hissəsidir və yekun qəbul balları bütün mərhələlərin nəticələri, eləcə də abituriyentlərin ümumi göstəriciləri əsasında formalaşır. 


Ona görə də, bu mərhələdə əsas diqqət imtahanın çətin və ya asan olmasına deyil, nəticələrin ümumi statistikasına yönəldilməlidir".

Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr