AZ

Orta əsrlərdə izsiz yoxa çıxan şəhər tapıldı

BAKI, 16 mart. TELEQRAF

Arxeoloqlar ucqar meşədə XIV- XV əsrlərdə tənəzzülə uğradığı və ya itdiyi ehtimal edilən Stolzenberq şəhərinin qalıqlarını tapıblar. Bu qədim şəhər vaxtilə müasir Słavoborje kəndi yaxınlığındakı meşə ərazisində yerləşib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Şəhər Pomeraniya ilə Noymark arasında – Almaniya və Polşa arasında mübahisəli sərhəd bölgəsində salınmışdı. Tədqiqatçılar əvvəlcə tarixi mənbələrə əsaslanaraq Stolzenberqin qalıqlarını indiki Słavoborje ərazisində axtarsalar da, orta əsr şəhərinin mövcudluğunu təsdiqləyən heç bir iz tapa bilməmişdilər. Amma daha sonra alimlər meşəlik ərazidə 5 metr dərinliyində xəndəklə əhatə olunmuş iri torpaq sədd və müdafiə qurğuları aşkar ediblər.

Arxeoloq Marçin Kşepkovskinin sözlərinə görə, yaxın vaxtlarda aparılan geofiziki tədqiqatlar itmiş şəhərin yerini təsdiqləyib:

“Araşdırmaların nəticələri bütün şübhələri aradan qaldırdı. Xəndəklə əhatə olunmuş ərazinin mərkəzində düzbucaqlı bazar meydanının ətrafında yerləşən tikililərin qalıqlarını göstərən müntəzəm maqnit anomaliyaları aşkar edildi. Belə planlaşdırma Alman qanunlarına əsasən salınmış orta əsr şəhərləri üçün tipikdir. Həmçinin şəhər qapısına aparan küçə boyunca da tikili izləri görünür”.

Qazıntılar zamanı 400-dən çox artefakt tapılıb. Onların bəziləri Tunc, bəziləri isə İkinci Dünya müharibəsi dövrlərinə aiddir.

Kşepkovski qeyd edib ki, ən qiymətli tapıntılar orta əsrlərə aid olanlardır. Onların arasında gümüş sikkələr, kəmər və orta əsr şəhər əhalisinin geyimində istifadə edilən elementlər var. Bundan əlavə, arxeoloqlar bıçaqlar və dəmir qıfıllar kimi alətlər də tapıblar. Amma tədqiqatçıya görə, ən maraqlı tapıntılar top mərmilərinin qırıntıları və qurğuşun tüfəng güllələridir.

Alimlər hesab edirlər ki, bu artefaktlar Yeddiillik Müharibə zamanı Rusiya və Prussiya qoşunları arasında baş vermiş döyüşlə bağlı ola bilər. Kşepkovski əlavə edib ki, bütün bu tapıntılar ərazinin təkcə gec orta əsrlərlə məhdudlaşmayan zəngin və mürəkkəb tarixə malik olduğunu göstərir.

Mütəxəssislər Stolzenberq şəhərinin niyə tərk edildiyini dəqiq bilmirlər. Alimin fikrincə, buna bir neçə amil səbəb olmuş ola bilər:

“Bəzən şəhərlər daha əlverişli yerlərə, hətta 10 kilometrə qədər məsafəyə köçürülürdü. Bu, məsələn, çaya yaxınlıq və daşqın təhlükəsi ilə, ya da daha sürətli inkişafa imkan verən yeni yer axtarışı ilə bağlı ola bilər. Bəzi hallarda isə ticarət yollarının dəyişməsi və ya qonşu şəhərlərin rəqabəti şəhərin tənəzzülünə səbəb olurdu”.

Arxeoloq vurğulayıb ki, Stolzenberqin tənəzzülünün dəqiq vaxtı və səbəbini müəyyən etmək çətindir:

“Biz yalnız XVI və ya XVII əsrə aid bir neçə artefakt tapmışıq. Bu isə həmin dövrdə şəhərin artıq mövcud olmadığını göstərir. Çox güman ki, şəhər XIV və ya XV əsrdə tənəzzülə uğrayıb. Bu yer hələ də çoxlu sirr saxlayan əsl zaman kapsuludur”.

Seçilən
23
teleqraf.com

1Mənbələr