AZ

Vitali Vernidub: “Atamın Azərbaycana uyğunlaşma problemi olmadı” - MÜSAHİBƏ

“Müqaviləm başa çatdı və "sağ ol" deməyin vaxtı yetişdi”.

Bunu "Qəbələ"nin sabiq futbolçusu, hazırda "Neftçi"də atası Yuri Vernidubun köməkçisi kimi çalışan Vitali Vernidub sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uzun müddətdən sonra Qəbələyə məşqçi kimi gəlmişdiniz. Hansı hissləri keçirdiniz?

- Bura qayıtmaq çox xoşdur. Mənim üçün bura doğma məkandır, çünki "Qəbələ"də 3 il keçirmişəm. Komanda ilə birlikdə keçirdiyimiz bir çox xoş anları nostalgiya ilə xatırladım. Yaxşı nəticələrə nail olmuşduq. Buna görə də yalnız müsbət emosiyalarım oldu.

- Keçmiş komanda yoldaşlarınızdan bəziləri hələ də oynayır. Məsələn, Asif Məmmədov yenə də "Qəbələ"də, Elvin Camalov isə "Neftçi"dədir. Özünüz kimlərlə görüşmüsünüz?

- Hər bir komandada "Qəbələ" Futbol Akademiyasının yetirmələri var. Amin Seydiyev, Qismət Alıyev kimi öz klublarının kapitanlarını da qeyd edə bilərəm. Onlarla tez-tez qarşılaşırıq. Buna görə də xoşdur. Çempionatın səviyyəsi qalxır. Uşaqlar bir-birilərini dəstəkləyirlər, öz oyun keyfiyyətlərini yüksəldirlər.

- Amma "Qəbələ" belə infrastruktur qarşılığında əvvəlki "Qəbələ" deyil: Autsayderlər qrupundadır...

- Belə deməzdim. Dərindən araşdıranda görürük ki, komanda keyfiyyətli oyun göstərir, gənc və təcrübəli futbolçu seçimləri ediblər. Afrikalı legionerlər var, yerli oyunçular da dəstək olurlar. Şəxsi fikrim belədir ki, ilk növbədə, oyunları var, futbol oynayırlar, çalışırlar. İnanın, onlarla mübarizə aparmaq taktiki cəhətdən çox çətindir. Bu komandaya qarşı ciddi hazırlaşmışdıq, analizlər aparmışdıq və oyun zamanı da çoxlu çətinliklə üzləşdik.

- "Qəbələ"dən gedişinizə səbəb nə oldu: Maliyyə baxımından anlaşa bilmədiniz, yoxsa...

- Müqaviləm başa çatdı və "sağ ol" deməyin vaxtı yetişdi.

- Futbolçu kimi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Fransada "Lill"in qapısından tarixi qol keçirmişdiniz, cavab görüşündə isə Filip Ozobiçin qolu ilə mərhələ adlamışdınız...

- Hazırda "Turan Tovuz"da çıxış edən Ozobiç ötən həftə məni çox ciddi məyus etdi. Onlar məşqçi kimi çalışdığım "Neftçi"ni məyus etdilər. Amma ümumilikdə Filiplə görüşmək xoş idi. O, ümumilikdə Azərbaycan futbolunun inkişafında böyük rol oynayıb.

- Filip Ozobiçlə çay-kofe içməyə vaxtınız olur?

- Futbolçuluqdan məşqçiliyə keçəndə vaxtın tamamilə azalır. Anlamalı olursan ki, qayğısız futbolçu həyatı artıq başa çatıb. Yeni mərhələ başlayır və sən də məşqçi kimi işləyirsən. Bu da futbolçu karyerası ilə müqayisədə bir neçə dəfə çox vaxt alır.

- Azərbaycandan sonra karyeranız uğurlu alındı, yoxsa "Qəbələ" ən yaxşısı idi...

- Ümumilikdə hesab edirəm ki, sonrakı karyeram da uğurlu alındı. Ukrayna "Zarya"sına qayıtdım, iki dəfə bürünc medal qazandıq, daim avrokuboklarda çıxış etdik. Həmin müddətdə həm atam Yuri Vernidubun, həm də yeni baş məşqçi Viktor Skripnikin rəhbərliyi altında futbol oynadım. Hesab edirəm ki, Azərbaycanda "Qəbələ"nin baş məşqçisi olmuş Roman Qriqorçukun rəhbərliyi altında qazandığım kifayət qədər böyük təcrübə mənə inkişaf etməkdə, güclənməkdə yardımçı oldu. Azarkeşlər üçün də güclü oyunçuya çevrilməyimi də müsbət hal kimi dəyərləndirirəm.

- Düşünmürsünüz ki, məşqçi kimi çalışmaq daha çətindir?

- Futbolçu kimi yalnız 2 saatını gedir, məşqçi kimi isə 24/7 çalışırsan.

- Atanız "Neftçi"yə gələndə sizdən hər hansı məsləhət aldımı?

- Əlbəttə. Azərbaycan kimi ölkədə uyğunlaşmağa elə də böyük vaxt lazım deyil. Hamı qonaqpərvərdir, xoş insanlardır, heç bir münaqişə olmur. Buna görə də atam və digər insanların adaptasiya problemi olmadı. Atam da, anam da mən "Qəbələ"də çıxış etdiyim vaxt Azərbaycana gəlmişdi, Qəbələdə olmuşdular. Elə bir dövr olmuşdu ki, onlar hətta burada bir həftə qalmışdılar. Onlar burada olarkən bütün infrastrukturu, istirahət məkanlarını görmüşdülər. Buna görə də buralar atama da tanışdır.

İdman.Biz
Seçilən
21
1
idman.biz

2Mənbələr