AZ

Ədibin Evində Yüksəliş: Bahar şairi Səməd Vurğun

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin üçüncü sessiyası baş tutub.

Müsabiqənin işçi qrupundan AzEdu.az-a bildirilib ki, görüş Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə təşkil olunan “Bahar şairi Səməd Vurğun” mövzusuna həsr edilib.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, “Ədibin Evi”nin təsisçiləri filoloq-ədəbiyyatşünas, professor Ədibə Paşayeva və ədəbiyyatşünas-alim, professor Təhsin Mütəllimov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər.

Şəfəq Mehrəliyeva belə görüşlərin ədəbi-mədəni mühitin zənginləşdirilməsi və maarifləndirici müzakirələrin təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Azərbaycan jurnalının baş redaktoru, tənqidçi-publisist İntiqam Qasımzadə Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna yeri, yaradıcılığının əsas istiqamətləri, poeziyasının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu və Azərbaycan poeziyasının inkişafına verdiyi töhfələr barədə danışıb, eyni zamanda, onun ədəbi irsinin gənc nəslin estetik zövqünün formalaşmasındakı əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Mühazirə zamanı Səməd Vurğunun poetik dili, zəngin obrazlar aləmi, Azərbaycan dilinin bədii imkanlarından məharətlə istifadə etməsi, eləcə də ədəbiyyatımıza gətirdiyi yeniliklər diqqətə çatdırılıb.

Tədbir çərçivəsində ADA Universitetinin tələbələri tərəfindən Səməd Vurğunun sevilən şeirlərindən nümunələr qiraət olunub.

Xatırladaq ki, altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi üzrə müraciətlər aprelin 16-dək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Seçilən
0
2
azedu.az

3Mənbələr