AZ

Abituriyentlərin imtahan müqayisəsinə CAVAB: “Kənardan döyüş asan görünür”

9 mart tarixində imtahan vermiş abituriyentlər iddia edirlər ki, onların imtahanı daha çətin olub və onların haqlarına girilib. Lakin 15 mart tarixində imtahan verənlər isə bildirirlər ki, suallar eyni səviyyədə olub, hətta Azərbaycan dilinin qrammatikası daha çətin idi.

Maraqlıdır ki, hər iki imtahanın çətinlik dərəcəsi necə idi? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Xəzri Muradov açıqlama verib. 

O, qeyd edib ki, ötən illərlə müqayisədə bir qədər fərqli və düşünmə tələb edən sual görəndə dərhal onu “çətin” kimi qiymətləndiririk:

“Son günlər 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarının Azərbaycan dili sualları ilə bağlı müzakirələr aparılır. Xüsusilə 9 martda imtahan verən abituriyentlər sualların daha çətin olduğunu düşünür və narazılıqlarını ifadə edirlər. Açığı, bu cür fikirlərin yaranması gözlənilən idi və bunu əvvəlki müsahibələrimdə də qeyd etmişdim.

Döyüş həmişə kənardan daha asan görünür. Sualları yaxından analiz edən müəllimlər isə bilirlər ki, hər imtahan variantı müəyyən balans əsasında hazırlanır: asan, orta və çətin səviyyəli tapşırıqlar təqdim olunur. Azərbaycan dili mətnlərinin uzunluğu ilə bağlı da fikirlər səsləndirilir. Halbuki kitabçalar hər kəs üçün əlçatandır və sadə müqayisə aparmaq mümkündür. Mətnlərdəki sözlərin sayını analiz etdikdə onların demək olar ki, eyni həcmdə olduğunu görmək olar.

Bəs bəzi abituriyentlərdə “şok effekti”nin yaranmasının səbəbi nədir? Məncə, bunun əsas səbəbi son illərdə daha sadə suallara alışmağımızdır. Ötən illərlə müqayisədə bir qədər fərqli və daha çox düşünmə tələb edən sual gördükdə onu dərhal “çətin” kimi qiymətləndiririk. Halbuki cəmiyyət olaraq bir həqiqəti qəbul etməliyik: gələcəkdə güclü mütəxəssislər yetişdirmək və dünya ilə rəqabət aparmaq istəyiriksə, müəyyən çətinliklərə də hazır olmalıyıq".

Bu nəticələr biz müəllimlər üçün də bir mesajdır:

“Unutmayaq ki, sual çətindirsə, bu hamı üçün eyni dərəcədə çətindir. Belə olduqda nəticələr də ümumi səviyyəyə uyğun formalaşır. Yüksək, orta və aşağı nəticələr ortaya çıxırsa, bu o deməkdir ki, keçid balları da uyğun şəkildə tənzimlənəcək. Əgər imtahan çətin olub və nəticələr aşağı düşəcəksə, narahatlığa ciddi əsas qalmır.

Mən özüm repetitorluq fəaliyyəti ilə məşğulam və kifayət qədər 11-ci sinif şagirdim 15 mart imtahanında iştirak edib. Təbii ki, hər bir müəllim kimi mən də bütün şagirdlərimin ən yüksək nəticəni əldə etməsini istərdim. Bu, müəllim kimi mənim üçün də uğur olardı. Lakin nəticələr göstərir ki, yüksək nəticə əldə edənlər də var, orta nəticə göstərənlər də, gözlədiyindən aşağı yazanlar da. Buna görə kimisə, xüsusilə imtahanı təşkil edən qurumu tənqid etməyi doğru hesab etmirəm.

Əksinə, düşünürəm ki, bu nəticələr müəllimlər üçün də bir mesajdır. Deməli, gələcəkdə daha çox çalışmalı, metodikamızı yeniləməli və şagirdlərə yalnız mövzunu izah etməklə kifayətlənməməliyik. Onların testologiya bacarıqlarını inkişaf etdirməli, vaxtdan düzgün istifadə etməyi, sual strategiyasını və düşünmə sürətini daha çox məşq etdirməliyik.

Düzdür, bu il də bu istiqamətdə müəyyən işlər aparmışdıq və nəticələr ümumilikdə pis deyil. Lakin görünür ki, bu hələ kifayət etmir. Çünki suallar həddindən artıq asan olduqda şagirdlərdə məsuliyyət hissi də zəifləyə bilir. Sinfə daxil olan hər bir müəllim bunu yaxşı bilir".

Hər imtahanda ən azı 1 və ya 2 sual çətin olmalıdır:

"Biz əslində bir mübarizə aparırıq  şagirdlərin gələcəyi üçün, onların yaxşı mütəxəssis kimi formalaşması üçün, daha böyük zirvələrə qalxa bilməsi üçün. Sadə bir nümunə deyim: məktəbdə şagirdə bəzən bir səhifə dərsi oxutdurmaq çətin olur,amma həmin şagird universitetə qəbul olandan sonra bir günə 200 səhifəlik kitab oxuyub bitirir. Deməli, məsələ təkcə çətinlikdə deyil, hazırlıq səviyyəsində və məsuliyyətdədir.

Ümumi suallara gələndə isə razıyam ki, vaxt aparan tapşırıqlar var idi və bu hər iki imtahanda müşahidə olunurdu. Mən bunu ayrıca analiz etmişəm. Hətta o iki çətin sualı yazmayan abituriyent belə digər suallarla kifayət qədər yüksək nəticə göstərə bilərdi.

Biz bəzən bir şeyi unuduruq: hər imtahanda ən azı 1 və ya 2 sual çətin olmalıdır. Bu, imtahanın təbiətidir. Buna görə bir neçə sualı əsas götürüb bütün imtahanı mənfi qiymətləndirmək doğru deyil.
İnanıram ki, nəticədə hər şey öz yerini tapacaq. Orta və yaxşı oxuyan abituriyentlər mütləq tələbə adını qazanacaqlar".

Seçilən
11
azedu.az

1Mənbələr