AZ

Hörmüzdə gərginlik, Avropanın ümidləri Bakıya yönəlir

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış vəziyyət qlobal enerji təhlükəsizliyi məsələsini yenidən beynəlxalq gündəliyin mərkəzinə çıxarıb. Dünyanın enerji ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji marşrutda yaranan hər hansı risk yalnız regional deyil, qlobal iqtisadi və siyasi balans üçün də ciddi nəticələr doğurur. Məhz belə bir şəraitdə Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti daha da artır və Bakı regionun mühüm diplomatik və enerji mərkəzlərindən biri kimi ön plana çıxır”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Onun fikrincə, son illərdə baş verən proseslər göstərir ki, Azərbaycanın artan rolu təsadüfi deyil. “Bu, ilk növbədə İlham Əliyev tərəfindən həyata keçirilən balanslı və çoxvektorlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin yürüdüyü strateji kurs yalnız regional maraqlara deyil, həm də qlobal təhlükəsizlik və əməkdaşlıq sisteminə uyğun şəkildə formalaşdırılıb. Bu siyasətin əsas xüsusiyyətlərindən biri isə dəyişən beynəlxalq şəraitdə böhranları imkanlara çevirmək bacarığıdır.

Məhz bu yanaşma nəticəsində enerji bazarında yaranan qeyri-müəyyənlik fonunda Avropa ölkələri yenidən Azərbaycanın enerji resurslarına və tranzit imkanlarına daha böyük diqqət göstərməyə başlayıblar. Bu reallıq Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”, - o vurğulayıb.

O əlavə edib ki, bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya rəsmi səfəri xüsusi diqqət çəkir: “Avropa İttifaqı Şurasının prezidenti kimi onun səfəri və verdiyi bəyanatlar Azərbaycan–Aİ münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Görüşlər zamanı tərəflər təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində siyasi dialoqun dərinləşdirilməsinə sadiq olduqlarını bəyan ediblər.

Eyni zamanda tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni hərtərəfli ikitərəfli saziş üzrə danışıqların sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Bu sənəd gələcəkdə tərəfdaşlığın strateji istiqamətlərini müəyyənləşdirəcək mühüm mexanizm kimi qiymətləndirilir.

Görüşlər zamanı Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ regionu və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri də xüsusi vurğulanıb. Regionun mina ilə çirklənməsi məsələsi diqqətə çatdırılaraq bu sahədə beynəlxalq əməkdaşlığın artırılmasının zəruriliyi qeyd edilib. Avropa İttifaqı humanitar minatəmizləmə sahəsində əsas beynəlxalq donor kimi bu prosesə dəstəyini davam etdirdiyini bildirib.

Digər mühüm məsələ isə Azərbaycanın Avrasiya məkanında nəqliyyat və logistika mərkəzi kimi rolu ilə bağlıdır. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında yeni strateji ticarət xətti kimi əhəmiyyət qazanır. Bu marşrut Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycana göstərilən dəstək də məhz bu strateji reallıqla bağlıdır.

Enerji sahəsində əməkdaşlıq isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırıb. Bununla yanaşı, külək və günəş enerjisi kimi bərpaolunan mənbələr üzrə əməkdaşlıq və Qara dəniz sualtı enerji kabeli layihəsi kimi təşəbbüslər də tərəfdaşlığın perspektivlərini genişləndirir.

Bütün bu proseslər onu göstərir ki, Azərbaycanın artan rolu təkcə enerji ixracı ilə məhdudlaşmır. Bakı eyni zamanda diplomatik dialoq, regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün mühüm platformaya çevrilir. Azərbaycanın həyata keçirdiyi siyasət təkcə milli maraqlara xidmət etmir, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir.

Beləliklə, Yaxın Şərqdə və xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr bir daha göstərir ki, dəyişən qlobal geosiyasi şəraitdə Azərbaycanın strateji əhəmiyyəti daha da artır. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Bakı artıq regional deyil, qlobal diplomatiya və enerji təhlükəsizliyi sistemində mühüm aktorlardan birinə çevrilir. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir və ölkəni qlobal əməkdaşlığın əsas körpülərindən birinə çevirir”.Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
3
olke.az

4Mənbələr