Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Sahibə Qafarova hazırda gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.
Tulia Akson Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin oynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək, bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunu bildirib.
Söhbət zamanı beynəlxalq əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Azərbaycan Milli Məclisinin Parlamentlərarası İttifaq çərçivəsində fəal təmsilçiliyindən, bu beynəlxalq təşkilatla Azərbaycan parlamenti arasında əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub. Həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında da əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.