AZ

Nazirliklər, komitələr soğan-kartof əkəcək?

Son illər ölkədə kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin qiymətində artım müşahidə edilir. 

Mütəxəssislər mövcud problemin əsas səbəbi kimi yerli istehsalın azalması ilə yanaşı idxalın artmasını və bunun da qiymət artımına gətirib çıxardığını bildirirlər. Bugünlərdə Milli Məclisdə çıxışı zamanı millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zəruri edir. 

Deputat təklif edib ki, qiymət artımının qarşısını almaq üçün müxtəlif dövlət qurumları - nazirliklər, dövlət komitələri, dövlət agentlikləri yardımçı təsərrüfatlar yaratsınlar. 

Müxtəlif dövlət qurumlarının yardımçı təsərrüfatlar yaratması qiymət artımının qarşısını ala biləcəkmi? 

Məsələ ilə bağlı millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Milli Məclisdə müəyyən nazirliklərin, komitələrin, agentliklərin, şirkətlərin özlərinin yardımçı təsərrüfatlarını yaratmaq və orada kənd təsərrüfatı məhsulları yetişdirmək haqqındakı fikirləri bilavasitə reallığa əsaslanır: 

“Belə bir təcrübə var. Həmin təcrübənin tətbiq edilməsi müəyyən qaydada ərzaq təhlükəsizliyinin təmin olunmasına, bazarda bahalığın qarşısının alınmasına, məhsul bolluğu yaradılmasına, kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsinə zəmin yarada bilər. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda bu gün kənd təsərrüfatını inkişaf etdirmək üçün yaxşı potensial var. 

Bu işə müəyyən nazirliklər, komitələr, agentliklər, şirkətlər də dəstək verə bilər. Orada müəyyən torpaq sahəsi götürüb kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmaq mümkündür. Bu həm xeyli sayda insanın işlə təmin olunması, həm də həmin məhsulların təşkilatın işçilərinə ucuz qiymətə satılmasını təmin edə bilər. 

Bu, çətin bir problem deyil. Əslində yeni iş yerlərinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının ucuz başa gəlməsinə, bazarda bahalığın qarşısının alınmasına, digər tərəfdən əməyə məhəbbət hissinin oyadılmasına bir dəstəkdir. Ola bilsin ki, bəzi qurumların, agentliklərin buna imkanı olmasın. 

Ancaq müvafiq nazirliklər, komitələr var ki, onların bilavasitə bu işlə məşğul olmaları üçün həm imkanları, həm də lazımi vəsaitləri var. Bu, bir təklifdir. Çünki müəyyən dövrlərdə bu təcrübədən istifadə edilib və yaxşı nəticələrini verib. 

Bu, həm gəlir gətirmək, həm işçiləri ucuz qiymətə məhSullarla təmin etmək, həm də iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir”. 

Seçilən
20
2
cebheinfo.az

3Mənbələr