Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son məlumatlar göstərir ki, Yaxın Şərqdə gərginlik artıq yalnız İran və İsrail arasındakı qarşıdurma ilə məhdudlaşmır.
ABŞ-nin hərbi əməliyyatları, İranın strateji obyektlərinə zərbələr, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı müzakirələr və region dövlətlərinin mövqeləri bu qarşıdurmanı qlobal səviyyəyə çıxarır. ABŞ prezidenti Donald Trampın açıqlamalarında İranın Xərq adasındakı neft infrastrukturu üzərində nəzarətin mümkünlüyündən danışması göstərir ki, Vaşinqton İranın enerji damarını strateji təzyiq vasitəsi kimi görür. Xərq adası İranın əsas neft ixrac terminallarından biri hesab olunur və bu məntəqəyə nəzarət faktiki olaraq Tehran üçün iqtisadi blokada effekti yarada bilər.
Bu proses paralel olaraq Hörmüz boğazı məsələsini yenidən qlobal təhlükəsizlik gündəminə çıxarıb. Dünya neft ticarətinin böyük hissəsi məhz bu boğazdan keçdiyi üçün burada hər hansı hərbi eskalasiya qlobal enerji bazarlarında ciddi sarsıntı yarada bilər. ABŞ-nin digər ölkələri boğazın təhlükəsizliyi üçün hərbi əməkdaşlığa çağırması isə məsuliyyətin kollektivləşdirilməsi cəhdidir. Vaşinqton bu yolla həm region ölkələrini prosesə cəlb etməyə, həm də enerji təhlükəsizliyinin yalnız ABŞ-nin deyil, bütün müttəfiqlərin problemi olduğunu göstərməyə çalışır. Bununla belə, bəzi ölkələrin, məsələn Avstraliyanın bu missiyaya qoşulmaqdan imtina etməsi göstərir ki, Qərb blokunun daxilində belə risklərin bölüşdürülməsi məsələsində yekdil mövqe yoxdur.
Eyni zamanda İranın hərbi potensialının zəiflədiyi barədə səsləndirilən iddialar informasiya müharibəsinin bir hissəsi kimi də qiymətləndirilə bilər. ABŞ tərəfi İranın dənizdə mina və ya qeyri-ənənəvi vasitələrlə təxribat yarada biləcəyini vurğulayaraq, boğazın açıq saxlanmasını beynəlxalq koalisiya məsələsi kimi təqdim edir. Bu isə əslində regionda yeni təhlükəsizlik arxitekturasının qurulması cəhdinə bənzəyir. Nəticə etibarilə, Hörmüz boğazı yalnız enerji marşrutu deyil, həm də böyük dövlətlərin strateji rəqabət meydanına çevrilmiş vəziyyətdədir.
Ruslan Zəngəzur
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.