AZ

Bukmekerlər Tofiq Musayevin qələbəsinə inanmır - İDMAN.BİZ-in İCMALI

Martın 28-də Sietldə keçiriləcək “UFC Fight Night” turniri çərçivəsində baş tutacaq Tofiq Musayev - İqnasio Bahamondes döyüşü öncəsi bukmeker proqnozları və MMA ictimaiyyətinin qiymətləndirmələri Çili təmsilçisinin xeyrinə formalaşır.

İdman.Biz xəbər verir ki, bukmeker kontorlarının orta göstəricilərinə görə Bahamondes təxminən -215 əmsalla favorit sayılır. Musayevin qələbəsinə isə təxminən +185 əmsal verilir.

Bu göstəriciləri şərti ehtimala çevirdikdə, bazar çilili döyüşçünün şansını təxminən 68 faiz, azərbaycanlı idmançının imkanlarını isə təxminən 35 faiz səviyyəsində qiymətləndirir. Xəttin açılışı zamanı fərq bir qədər az olsa da, son günlər əmsallar Bahamondesin xeyrinə təxminən 2-3 faiz dəyişib.

Oxşar mənzərə MMA üzrə proqnoz platforması olan Tapology.com istifadəçilərinin proqnozlarında da müşahidə olunur. Orada proqnozların təxminən 92 faizi Bahamondesə, cəmi 8 faizi isə Musayevə verilib. Bu balans əsasən çilili döyüşçünün məhz UFC-də daha çox təcrübəyə malik olması ilə izah olunur. Musayev üçün isə bu, promouşendə cəmi ikinci döyüş olacaq.

Digər amil kimi Bahamondesin fiziki göstəricilərdə üstünlüyü qeyd olunur. Çilili döyüşçünün boyu təxminən 191 santimetrdir, Musayevin boyu isə təxminən 175 santimetrdir. Qolların uzunluğu da nəzərəçarpacaq dərəcədə fərqlənir: Bahamondesdə təxminən 192 santimetr, azərbaycanlı idmançıda isə təxminən 175 santimetrdir.

Bununla belə, analitiklər Musayevin çox təhlükəli rəqib olaraq qaldığını vurğulayırlar. Azərbaycanlı döyüşçü güclü nokaut zərbələri ilə tanınır. Bu səbəbdən bir dəqiq zərbə autsayder statusuna baxmayaraq döyüşün gedişatını tam dəyişə bilər.

Xatırladaq ki, Tofiq Musayev UFC-də ilk döyüşünü ötən ilin iyununda Bakıda keçirilən turnirdə keçirib və birinci raundda qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olub. İqnasio Bahamondes isə UFC-də son döyüşünü də Bakıda keçirib və digər azərbaycanlı döyüşçü Rafael Fizievə hakimlərin yekdil qərarı ilə uduzub.

İdman.Biz
Seçilən
29
1
idman.biz

2Mənbələr