AZ

ABŞ İrana əsgər göndərir: Quru əməliyyatı başlayır?

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin İrana qarşı quru qoşunları çıxaracağı ilə bağlı suallar yenidən gündəmə gəlib. 

Hərbi əməliyyatların birinci iki həftəsində daha çox hava və raket zərbələrinə üstünlük verilməsi İran ərazisinə quru qoşunlarının və ya xüsusi təyinatlı qüvvələrin göndərilməyəcəyinə dair qənaəti möhkəmlətdi. 

Çünki bu, ABŞ-nin İranda böyük itkilər verməsinə səbəb ola bilərdi. Buna səbəb İranın ABŞ-dən kifayət qədər uzaqda məsafədə yerləşməsidir. Yəni quru qüvvələri ilə ABŞ-nin xaricdəki hərbi bazaları arasında logistika əlaqəsi yaratmaq mümkün olmaya bilər. 

Bunun əsas səbəblərindən biri İran ərazisinin həddindən artıq böyük olması və paytaxt Tehranın əməliyyatların həyata keçirildiyi Fars körfəzindən 1050 kilometr məsafədə yerləşməsidir. 

Mürəkkəb dağlıq relyef şəraitində ABŞ əsgərlərinin İran ərazisində sərbəst hərəkət edəcəyi çox çətin olacaq. Nəhayət, müharibənin gedişi İranın hərbi arsenalında hələ xeyli silah ehtiyatının qaldığını göstərir. Bu halda quru qüvvələrinin İrana daxil olması üçün əlverişli şəriat yoxdur. 

Lakin bir sıra müşahidəçilər İranın Amerika ordusu tərəfindən nəzarətə götürülməyənə qədər Tramp adminstrasiyasının öz məqsədinə çatmayacağını düşünür. Son məlumatlar isə ABŞ-nin İran rejiminin süqutuna nail olmaq üçün bu ölkəyə xüsusi təyinatlı qüvvələr göndərmək barədə düşündüyünü deməyə əsas verir. 

Məqsəd isə İranın strateji əhəmiyyətə malik neft obyektlərini və nüvə mərkəzlərini nəzarətə götürməkdir. Tramp adminstrasiyası və İsrail birinci mərhələdə İran hakimiyyətinə qarşı daxildə mövcud olan silahlı qruplardan, dəqiq desək, kürd terror təşkilatlarından istifadə etmək istədi. 

Onlara İraq ərazisindən 5 kürd təşkilatını birləşdirən İran Kürdüstanı Siyasi Qüvvələri Koalisiyası adlı terror təşkilatı da dəstək verməli idi. Lakin hələlik bu planın icrası təxirə salınmış kimi görünür. 

Bəzi məlumatlarda isə kürd yaraqlıların ABŞ-dən hava dəhlizi istədiyi, ancaq bu təminatı ala bilmədiyinə görə hücuma keçmədiyi deyilir. Ancaq son proseslər ABŞ-nin əsas diqqətini İranın cənub sahillərinə, yəni Hörmüz boğazına yönəltdiyini göstərir. Respublikaçı senator Lendsi Qraham ABŞ-nin İrana quru qoşunları göndərmək planının olmadığını desə də, artıq bu istiqamətdə hazırlıq işlərinin aparıldığını görmək olar. 

Pentaqon Yaxın Şərqə minlərlə əlavə dəniz piyadası və hərbi gəmi yerləşdirməyə başlayıb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar üçün imkanlarını genişləndirmək istədiyi qeyd edilir. 

İran Hörmüz boğazını blokadasını gücləndirdiyindən, Pentaqon Yaxın Şərqə əlavə dəniz piyadaları və hərbi gəmilər yerləşdirir. ABŞ-nin müharibə naziri Pit Heqset bölgədəki Amerika qüvvələrinə cavabdeh olan Mərkəzi Komandanlığın bununla bağlı müraciətini təsdiqləyib. 

Bu, desant qrupu bölməsinin və ekspedisiyanın yerləşdirilməsini nəzərdə tutur. Belə bir qüvvəyə adətən təxminən 5000 dəniz piyadası və dənizçi, eləcə də bir neçə gəmi daxildir. Həmçinin, Yaponiyada yerləşən “USS Tripoli” amfibiya hücum gəmisi və göyərtəsindəki dəniz piyadaları hazırda Yaxın Şərqə doğru irəliləyir. 

Hərbi heyət 2200 əsgərdən ibarət 31-ci Dəniz Piyadaları Ekspedisiya Qüvvələrindən ibarətdir. Gəminin təxminən 1 həftə sonra İran sahillərinə çatacağı gözlənilir. “USS Tripoli” ilə yanaşı, bölgəyə başqa döyüş gəmilərinin və “F-35” qırıcılarının da yaxınlaşacağı gözlənilir. 

Prezident Trampın Hörümz boğazını açmaq və neft tankerlərinin dünya bazarına çıxışını artırmaq məqsədilə belə bir əməliyyat keçirmək istədiyi bildirilir. Əks təqdirdə, dünya enerji bazarında artmaqda olan qiymət artımı iqtisadi böhrana səbəb ola bilər. 

Paralel olaraq, ABŞ daxilində Trama qarşı etirazların artması Respublikaçılar Partiyasının oktyabrda Konqresə keçiriləcək aralıq seçkilərdə məğlubiyyəti ilə nəticələnəcək. ABŞ prezidentinin xüsusi təyinatlı qüvvələri göndərmək üçün NATO-dakı müttəfiqlərinə müraciət etməsi onun İrana quru qoşunları çıxartmaq planı üzərində işlədiyini göstərir. 

İkinci hədəf İranın neft sənayeüsi üçün strateji əhəmiyyətə malik olan Xarq adasına nəzarəti ələ keçirməkdir. ABŞ rəhbərliyi çox güman ki, İranın dərinliklərinə deyil, cənub sahili boyu neft yataqları və anbarlarının yerləşdiyi ərazilərə quru qoşunu çıxartmaq barədə düşünür. 

Bu halda İrandan Çinə neft tədarükü bloklana bilər. Çox güman ki, Donald Tramp Çin prezidenti Si Tszinpinlə görüşmək üçün Pekinə gözlənilən səfərinə əlini gücləndirmiş şəkildə getmək istəyir. Lakin ABŞ Prezidentinin xüsusi təyinatlı qüvvələr göndərərək İranın nüvə mərkəzlərindəki zənginləşdirilmiş uran ehtiyatını çıxartmaq istəyinə nail olacağını isə demək çətindir. 

Çünki 460 kiloqram zənginləşdirilmiş uranı çıxartmaq və daşımaq hərbçilərin deyil, yalnız xüsusi mütəxəssislərin və avadanlıqların vasitəsilə mümkün ola bilər. Üstəlik, həmin nüvə mərkəzləri İran ərazisinin dərinliklərində yerləşir. 

Bu baxımdan, Tramp administrasiyası dəniz piyadalarını İrana çıxartmalı olarsa, əməliyyatın əhatə dairəsi yalnız neft obyektləri ola bilər. 

Müşfiq Abdulla 

"Cebheinfo.az"

Açar sözlər:

ABŞ İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr