AZ

Netanyahu və Müctəba Xameneini birləşdirən “ölüm” – Yeni siyasi ssenari işə düşür?

“İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar var. Maraqlıdır ki, bənzər iddialar İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı da səsləndirilir. Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxmasının ardından ölümü ilə bağlı iddialara son qoyulacağı gözlənilirdi. Lakin canlı yayımın onun özü tərəfindən deyil, süni intellekt vasitəsilə hazırlanmış müraciət olduğu barədə daha ciddi iddialar ortaya çıxdı. Maraqlıdır ki, həqiqətən də videodakı bəzi detallardan bunun süni intellekt məhsulu olduğu açıq şəkildə hiss edilir. Müctəba Xamenei ilə bağlı iddialar isə fərqli istiqamətdədir. Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralanıb və daha sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Turan Rzayev deyib.

O, qeyd edib ki, Yaxın Şərqdə baş verən son proseslər fonunda belə iddiaların ortaya çıxması təsadüfi deyil. O qeyd edib ki, müharibənin əsas iştirakçılarının liderləri ilə bağlı yayılan məlumatlar regiondakı siyasi balansın dəyişməsi ilə bağlı müxtəlif ehtimalları gündəmə gətirir.

O bildirib ki, nəticə etibarilə həm İsraildə, həm də İranda rəhbərliklə bağlı səsləndirilən iddialar diqqət çəkir və bu proseslərdən ən çox fayda əldə edə biləcək tərəf kimi ABŞ göstərilir. Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton üçün artıq həm Benyamin Netanyahu, həm də Müctəba Xamenei müəyyən mənada problemə çevrilib, sadəcə fərq ondadır ki, Netanyahu köhnə, Müctəba Xamenei isə yeni problemdir.

Turan Rzayev qeyd edib ki, İsrail ilə İran arasında davam edən müharibə uzandıqca ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan daha böyük yük yaradır. Onun sözlərinə görə, İranın əvvəlki ali rəhbəri Əli Xameneinin ölümündən sonra müharibənin bitəcəyi gözlənilsə də, bu baş vermədi və əksinə, daha sərt mövqeli siyasi xəttin formalaşdığı iddia olunur.

Siyasi şərhçi bildirib ki, Benyamin Netanyahu isə açıq şəkildə İrana qarşı hərbi müdaxilənin tərəfdarı kimi çıxış edir və bu mövqe Vaşinqtonun daha ehtiyatlı siyasəti ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası regionda gərginliyin nəzarətdən çıxmaması üçün daha təmkinli mövqe nümayiş etdirməyə çalışır.

Rzayev hesab edir ki, 12 günlük müharibə zamanı ABŞ tərəflərin bir-birinə açıq zərbələr endirməsinə müəyyən qədər imkan versə də, eyni zamanda proseslərin tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa çalışır. O bildirib ki, bəzi iddialara görə, Vaşinqton pərdə arxasında müxtəlif kəşfiyyat məlumatlarının paylaşılmasına da şərait yarada bilər.

Onun sözlərinə görə, İsraildə hamı İranla genişmiqyaslı müharibəni dəstəkləmir, İranda isə xüsusilə islahatçı qanad mövcud siyasətin ölkəni daha böyük risklərlə üz-üzə qoyduğunu düşünür. Siyasi şərhçi qeyd edib ki, Vaşinqtonun hər iki tərəfdə müxtəlif siyasi qruplarla təmasda olması ehtimalı da istisna edilmir.

Turan Rzayev bildirib ki, hazırkı mərhələdə bəzi dairələr hesab edir ki, regionda gərginliyin azalması üçün həm Benyamin Netanyahunun, həm də Müctəba Xameneinin siyasi səhnədən kənarlaşması ehtimalı müzakirə oluna bilər. Onun sözlərinə görə, bu ssenari baş verməsə belə, gərginlik müvəqqəti azalsa da, gələcəkdə yenidən alovlana bilər.

Siyasi şərhçi əlavə edib ki, belə bir vəziyyətdə regionda yeni təhlükəli ssenarilər də gündəmə gələ bilər. Onun sözlərinə görə, Türkiyə istiqamətinə ballistik raket hücumları ehtimalı, regiondakı kürd qruplarının aktivləşməsi və ABŞ-nin İrana məxsus Xark adasına mümkün hərbi müdaxiləsi kimi ehtimallar gərginliyin daha da artmasına səbəb ola bilər.

Tunar
NOCOMMENT.az

Seçilən
48
nocomment.az

1Mənbələr