AZ

Vaşinqton üçün həm Netanyahu, həm də Müctəba Xamenei artıq “baş ağrısıdır” ŞƏRH

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"ABŞ müharibənin uzanmasından narahatdır-iki liderin getməsi Vaşinqtona sərf edə bilər"

Turan Rzayev: "ABŞ İrana birbaşa müdaxilədən yayınır, amma prosesləri pərdə arxasından izləyir"

İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar var. Bənzər iddialar İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı da səsləndirilir.

Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxmasının ardından ölümü ilə bağlı iddialara son qoyulacağı gözlənilirdi. Lakin canlı yayımın onun özü tərəfindən deyil, süni intellekt vasitəsilə hazırlanmış müraciət olduğu barədə daha ciddi iddialar ortaya çıxdı. Maraqlıdır ki, həqiqətən də videodakı bəzi detallardan bunun süni intellekt məhsulu olduğu açıq şəkildə hiss edilir.

Müctəba Xamenei ilə bağlı iddialar isə fərqli istiqamətdədir. Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralanıb və daha sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.

Mövzunu şərh edən siyasi şərhçi Turan Rzayev “Sherg.az”a bildirib ki, müharibənin əsas iştirakçı ölkələrinin liderlərinin yaralanması və ya da ölməsi o qədər də təəccüblü görünmür. O, Müctəba Xameneinin və Benyamin Netanyahunun sıradan çıxmasının hazırkı mərhələdə Amerika Birləşmiş Ştatlarına sərf etdiyini deyib:

“Qəribə səslənsə də, Vaşinqton üçün artıq hər iki lider baş ağrısına çevrilib. Sadəcə fərq ondadır ki, Benyamin Netanyahu köhnə, Müctəba Xamenei isə yeni problemdir.

İsrail ilə İran arasında davam edən müharibə bitmək bilmir, əksinə, uzandıqca uzanır. Bu isə ABŞ üçün getdikcə daha böyük xərc deməkdir. Keçmiş ali rəhbər Əli Xameneinin ölümü müharibəni bitirmədiyi kimi, onun yerinə daha mühafizəkar və müharibə tərəfdarı olan oğlu hakimiyyətə gəldi. Daha doğrusu, o, SEPAH tərəfindən hakimiyyətə gətirildi. Yəni Əli Xameneinin ölümü ABŞ üçün heç bir müsbət nəticə yaratmadı, əksinə, prosesi faktiki olaraq sıfırladı.

Netanyahu isə israrla İrana qarşı hərbi müdaxiləni dəstəkləyir və bununla kifayətlənməyərək açıq şəkildə tələb irəli sürürdü. Vaşinqtonun və ABŞ Prezidenti Donald Trampın təmkinli mövqeyi fonunda isə müxtəlif şantaj və təhdidlərin səsləndirildiyi iddia edilir”.

Siyasi şərhçi qeyd edib ki, 12 günlük müharibə zamanı ABŞ tərəflərin bir-birinə açıq zərbələr endirməsinə necə şərait yaratdısa, indi də liderlərin sıradan çıxmasına imkan verən proseslərin formalaşmasına göz yumur:

“Hətta demək olar ki, bununla kifayətlənməyərək pərdə arxasında kəşfiyyat məlumatlarının paylaşılmasına da şərait yaradır.

İsraildə heç də hamı İranla müharibəni və ya regionda aqressiv genişlənmə siyasətini dəstəkləmir. İranda isə xüsusilə islahatçı qanad dövlətin hazırkı siyasətinin yanlış olduğunu anlayır.

İstisna deyil ki, Vaşinqton hər iki tərəflə təmasdadır. Lakin bunun üçün indiki mərhələdə Netanyahu və Müctəba Xameneinin siyasi səhnədən getməsi lazımdır.

Bu ssenari baş tutmaya da bilər. Lakin belə olan halda, gərginlik müvəqqəti bitsə də, sonra yenidən başlayacaq. ABŞ isə son ana qədər İrana birbaşa müdaxilə etməməyə çalışacaq.

Əgər Netanyahu və Müctəba Xamenei sıradan çıxmasa, gərginlik daha da böyüyəcək. Türkiyə istiqamətinə ballistik raketlərin atılması, regiondakı kürd qruplarının aktivliyi, eləcə də ABŞ-ın İrana məxsus Xark adasına hücum edib oranı işğal etmək və hərbi baza yaratmaq ehtimalı bu prosesləri daha da sürətləndirə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sherg.az

2Mənbələr