Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanunvericiliyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər.
Sənədə əsasən, eyni inzibati xəta üzrə vəzifəli şəxslər üçün 1 000 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər üçün isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə müəyyən edilir.
Bundan başqa həmin qanuna edilmiş dəyişikliklərə əsasən, Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.
Qanunvericiliyə “emal edilməmiş almazlar” anlayışı əlavə edilib. Bu, müvafiq olaraq “işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin nomenklaturasının kodları mal üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar” – şəklində təsnif edilir.
Dəyişikliyə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabineti emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın formasını və verilməsi qaydalarını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.