Sülh müqaviləsi mümkün qədər qısa müddətdə imzalanmalıdır…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən mühüm ictimai-siyasi hadisələr geniş və ətraflı şəkildə müzakirə olunub.
İdarə Heyəti ilk öncə ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı bölgədə yaranmış vəziyyət ətrafında geniş müzakirə aparıb. Müzakirələrdə qeyd olunub ki, baş verən hadisələr Yaxın Şərq regionunda təhlükəsizlik mühitini ciddi şəkildə gərginləşdirir, daha geniş miqyaslı qarşıdurma riskini artırır, hərbi əməliyyatların davam etməsi təkcə region ölkələri üçün deyil, ümumilikdə beynəlxalq təhlükəsizlik sistemi üçün də ciddi təhdidlər yaradır. Bu cür qarşıdurmaların dərinləşməsini humanitar fəsadların artmasına, yeni gərginlik ocaqlarının yaranmasına və regional sabitliyin pozulmasına səbəb ola biləcəyindən narahatçılıq ifadə edən müzakirə iştirakçıları mövcud vəziyyətin həllinin yalnız beynəlxalq hüquq normaları və diplomatik mexanizmlər çərçivəsində mümkünlüyünü vurğulayaraq, tərəfləri hərbi qarşıdurmanı genişləndirməkdən çəkinməyə, dialoq və danışıqlar yolu ilə problemi sülh yolu ilə həll etməyə çağırıb. Eyni zamanda regionda sabitliyin qorunması, təhlükəsizliyin təmin edilməsi və yeni humanitar böhranların qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin də bu prosesdə daha fəal rol oynamasının vacibliyi qeyd edilib.
İdarə Heyətində İran ətrafında baş verən hadisələr fonunda Azərbaycan və Türkiyə mediasında qarşılıqlı ittiham xarakterli fikirlərlə bağlı müzakirə aparılıb. Baş verənlərdən narahatlıq ifadə edən İdarə Heyətinin üzvləri bu tipli açıqlamaların Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna uyğun olmadığını qeyd ediblər. İdarə Heyəti hesab edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri uzun illər ərzində formalaşmış güclü siyasi, iqtisadi və mənəvi bağlara əsaslanır və bu münasibətlər region üçün mühüm sabitlik faktorudur. Bu səbəbdən belə mürəkkəb tarixi bir dövrdə hər iki xalqın təhlükəsizliyinin vacibliyi nəzərə alınmalı, iki ölkə arasında qarşılıqlı etimadı sarsıda biləcək bəyanatlardan uzaq durmaq, əksinə, həmrəyliyi və qarşılıqlı dəstəyi gücləndirən mövqelərin ifadə olunması daha məqsədəuyğundur.
İdarə Heyətində İran ətrafında baş verən hadisələrə Azərbaycanın tutmalı olduğu mövqe bir daha müzakirə mövzusu olub. İdarə Heyəti qeyd edib ki, regionda gərginliyin artdığı belə həssas bir mərhələdə Azərbaycan üçün ən düzgün yanaşma dövlət və xalq maraqlarına əsaslanan balanslı və düşünülmüş siyasətin həyata keçirilməsidir. Müzakirələr zamanı vurğulanıb ki, mövcud münaqişə fonunda Azərbaycanın hər hansı bir tərəfi açıq şəkildə dəstəkləməsi ölkənin milli maraqları və regional sabitlik baxımından məqsədəuyğun deyil. Bu baxımdan qeyd olunub ki, Azərbaycan bu qarşıdurmada bitərəf mövqeyini qoruyub saxlamalı, münaqişənin birbaşa tərəfinə çevrilməkdən çəkinməli, İranla qonşu dövlət kimi humanitar və siyasi münasibətlərini davam etdirməli, eyni zamanda münaqişənin sülh və diplomatik yollarla həlli istiqamətində beynəlxalq təşəbbüsləri dəstəkləməlidir.
Toplantıda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və iki ölkə arasında sülh prosesinin gedişi ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə regionda və dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Cənubi Qafqazda sabitliyin təmin olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasının regionun təhlükəsizliyi və inkişafı baxımından vacibliyini qeyd edən toplantı iştirakçıları, iki ölkə arasında sülh müqaviləsinin mümkün qədər qısa müddətdə imzalanmasının, bəzi həssas və uzunmüddətli müzakirə tələb edən məsələlərin isə növbəti mərhələlərdə, daha sabit və konstruktiv mühit formalaşdıqdan sonra müzakirə olunmasını daha məqsədəuyğun hesab edib.
İdarə Heyəti ötən həftə Avropa İttifaqı Şurası Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ətrafında da müzakirə aparıb. Müzakirələr zamanı bu səfər ümumilikdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirilib. Eyni zamanda qeyd edilib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmamalı, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu və demokratik institutların inkişafı kimi mühüm istiqamətləri də əhatə etməlidir.
İdarə Heyəti Azərbaycanda demoqrafik vəziyyətin son illərdə mənfiyə doğru dəyişməsi və bu istiqamətdə aparılan ictimai müzakirələrə də diqqət çəkib. Qeyd edilib ki, son dövrlərdə doğum səviyyəsinin azalması və ümumilikdə demoqrafik göstəricilərdə müşahidə olunan mənfi tendensiyalar cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən biridir. Demoqrafik sabitliyin qorunmasının hər bir dövlət üçün strateji əhəmiyyət daşıdığını qeyd edən toplantı iştirakçıları Azərbaycan hökumətini demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində konkret dövlət proqramlarını hazırlamağa, ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, gənc ailələr üçün sosial və iqtisadi stimulların artırılmasına, eləcə də əhalinin rifah səviyyəsinin yüksəldilməsinə yönələn islahatları həyata keçirməyə çağırıb.
İdarə Heyəti son günlər orta məktəblərdə keçirilən buraxılış imtahanları ilə bağlı cəmiyyətdə yaranmış narahatlıqları da müzakirə edib. Müzakirələr zamanı qeyd edilib ki, son imtahan prosesləri ətrafında müəllimlər, şagirdlər və valideynlər tərəfindən səsləndirilən narazılıqlar diqqətə alınmalı və bu məsələyə ciddi yanaşılmalıdır. Müzakirələr zamanı bildirilib ki, bəzi hallarda imtahan sualları sırasında məktəb proqramına tam uyğun gəlməyən və ya şagirdlərin faktiki olaraq tədris prosesində qarşılaşmadıqları mövzulara aid sualların yer alması barədə iddialar imtahan prosesinin obyektivliyi və şəffaflığı ilə bağlı cəmiyyətdə narahatlıqlar yaradır. Bu baxımdan, İdarə Heyəti Azərbaycan hökumətini təhsil sistemində mövcud olan problemlərin aradan qaldırılması, imtahan prosesinin daha ədalətli və şəffaf şəkildə təşkil olunması, eləcə də təhsil sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ciddi və ardıcıl islahatlar aparmağa çağırıb.
İdarə Heyəti son vaxtlar Azərbaycanda xarici ölkə vətəndaşlarının, o cümlədən Özbəkistandan olan bir şəxsin ölkəyə gələrək insanların guya müxtəlif xəstəliklərinin müalicəsi ilə məşğul olması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edilib ki, tibbi fəaliyyəti həyata keçirmək üçün qanuni icazəsi və peşəkar tibbi kvalifikasiyası olmayan şəxslərin müxtəlif üsullarla insanları aldadaraq “müalicə” adı altında fəaliyyət göstərməsi qəbuledilməzdir. Bu cür halların yayılmasını səhiyyə sistemində və bu sahəyə nəzarət mexanizmlərində müəyyən boşluqların mövcud olması ilə əlaqələndirən İdarə Heyəti aidiyyəti dövlət qurumlarını səhiyyə sahəsində nəzarət mexanizmlərini gücləndirməyə, qeyri-qanuni tibbi fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görməyə və bu sahədə mövcud boşluqların aradan qaldırılması üçün zəruri islahatları həyata keçirməyə çağırıb.
İdarə Heyəti sonda bir sıra cari məsələləri müzakirə edib və müvafiq qərarlar qəbul edib.