AZ

Körfəzdə savaş böyüyür: İran müharibəsi Putinin əlinə işləyir

Yaxın Şərq müharibəsi və qlobal enerji siyasəti: kim itirir, kim qazanır?

ABŞ–İsrail–İran qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilməsi təkcə Yaxın Şərqin təhlükəsizlik arxitekturasını deyil, həm də qlobal iqtisadi və enerji balansını ciddi şəkildə sarsıdır. Münaqişənin əsas cəbhəsi regionda olsa da, onun nəticələri qlobal güc mərkəzlərinin geosiyasi maraqlarına birbaşa təsir göstərir. Bu proses xüsusilə Körfəz ölkələrindən enerji asılılığı yüksək olan dövlətlər, xüsusən də Çin və Avropa üçün ciddi problemlər yaradır. Lakin eyni zamanda bu böhrandan strateji divident əldə edən aktorların da olduğu aydın görünür.

Körfəz enerji arteriyalarının təhlükə altına düşməsi

Yaxın Şərq qlobal enerji sisteminin əsas mərkəzlərindən biridir. Dünya neft tədarükünün böyük hissəsi məhz bu regiondan, xüsusilə də Hörmüz boğazından keçməklə beynəlxalq bazarlara çıxır. Regionda müharibə riskinin artması enerji təchizat zəncirini sarsıdır, nəqliyyat xərclərini yüksəldir və bazarlarda qeyri-müəyyənlik yaradır.

Bu vəziyyətdən ən çox təsirlənən ölkələrdən biri Çindir. Pekin öz enerji təhlükəsizliyini böyük ölçüdə Yaxın Şərqə bağlamışdır və idxal etdiyi neftin təxminən 90 faizini bu regiondan əldə edir. Buna görə də regionda hərbi eskalasiya Çinin sənaye və iqtisadi sabitliyi üçün ciddi risklər yaradır. Enerji qiymətlərinin artması və logistika zəncirinin pozulması Çin iqtisadiyyatının istehsal və ixrac potensialına birbaşa təsir edə bilər.

Müharibə Moskvanın geosiyasi maraqları ilə necə üst-üstə düşür?

Maraqlı məqam ondan ibarətdir ki, Tehranla strateji münasibətlərə malik olan iki böyük aktordan biri olan Çin  bu böhrandan zərər görərkən, digər müttəfiqi olan Rusiya  isə mövcud vəziyyətdən faydalanan tərəfdir.

Birincisi, Yaxın Şərqdə müharibə qlobal siyasi gündəmi dəyişir. Dünyanın diqqəti Yaxın Şərq böhranına yönəldikcə Ukrayna müharibəsi ikinci plana keçir. Bu isə Moskva üçün mühüm informasiya və diplomatik üstünlük yaradır. Qərbin siyasi və hərbi resurslarının diqqətinin bölünməsi Rusiyanın Ukrayna cəbhəsində manevr imkanlarını artırır.

İkincisi, enerji bazarında yaranan gərginlik Rusiyanın iqtisadi maraqları ilə uyğunlaşır. Yaxın Şərqdə təchizat risklərinin artması qlobal enerji qiymətlərini yüksəldir. Nəticədə alternativ mənbələrə, xüsusilə Rusiya neft və qazına tələbatın artması ehtimalı güclənir. Bu isə Moskvaya qarşı tətbiq olunan enerji sanksiyalarının effektivliyini zəiflədədir və dünya ölkələrinin diqqəti rus neftinə yönəlib.

Üçüncüsü, Kremlin diplomatik manevr imkanları genişlənir. İran ətrafında böhranın dərinləşməsi Rusiyaya özünü beynəlxalq münasibətlər sistemində vacib vasitəçi və güc mərkəzi kimi təqdim etmək üçün yeni platforma yaradır. Moskva bu prosesdən istifadə edərək həm Yaxın Şərqdə, həm də qlobal geosiyasətdə təsir imkanlarını artırmağa çalışır.

Avropa üçün yeni təhlükəsizlik və enerji dilemması

Yaranmış vəziyyət Avropa ölkələri üçün də ciddi narahatlıq doğurur. Bir tərəfdən, Avropa Ukrayna müharibəsində Kiyevə dəstəyi davam etdirmək məcburiyyətindədir. Digər tərəfdən isə Yaxın Şərqdəki müharibə enerji bazarında yeni risklər yaradır.

Əgər ABŞ diqqətini Yaxın Şərqə yönəltməyə məcbur olarsa, Ukrayna məsələsində transatlantik koordinasiya zəifləyə bilər. Bu isə Avropa üçün təhlükəsizlik baxımından yeni boşluqlar yarada bilər.

Bundan əlavə, Rusiya enerji resurslarına qarşı tətbiq olunan sanksiyaların zəifləməsi ehtimalı Avropada ciddi strateji narahatlıq doğurur. Çünki bu, Moskvanın iqtisadi imkanlarını genişləndirə və onun regional ambisiyalarını gücləndirə bilər.

Qlobal geosiyasi balansın dəyişən xəritəsi

ABŞ–İsrail–İran müharibəsi yalnız regional münaqişə deyil, eyni zamanda qlobal güc balansının yenidən formalaşmasının bir elementi kimi qiymətləndirilir. Bu müharibə enerji təhlükəsizliyi, geosiyasi təsir və iqtisadi maraqlar baxımından müxtəlif dövlətlər üçün fərqli nəticələr doğurur.

Bir tərəfdən Çin və Avropa kimi enerji asılılığı yüksək olan güclər risklərlə üzləşir. Digər tərəfdən isə Rusiya kimi enerji ixracatçısı və geosiyasi rəqib aktorlar bu böhranı strateji imkan kimi qiymətləndirə bilər.

Nəticə etibarilə, Yaxın Şərqdə baş verən bu qarşıdurma təkcə regional müharibə deyil, qlobal güclərin maraqlarının toqquşduğu daha geniş geosiyasi oyunun tərkib hissəsidir. Enerji bazarları, beynəlxalq təhlükəsizlik sistemi və böyük güclər arasındakı rəqabət bu münaqişənin gedişindən birbaşa asılı olacaq.

Mürtəza

Seçilən
1
3
hakimiyyet.az

4Mənbələr