AZ

Türkmənistanlı atçı sənətkar: Biz Azərbaycana gəlməyi xəyal edirdik

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycanda 47-ci Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafatının qalibi olan Türkmənistan Prezidentinin Ahal-təkə Atçılıq Kompleksinin “Galkynyş” (Dirçəliş) Milli Atüstü Oyunlar Qrupunun çıxışları uğurla keçirilir. Unikal atçılıq bacarıqlarını nümayiş etdirən məşhur qrup ölkəyə “Circus Sea Breeze” sirkinin direktoru, tanınmış sirk artisti və sirk “Oskarı”na layiq görülən ilk azərbaycanlı Allahverdi İsrafilov tərəfindən dəvət olunub.

AZƏRTAC-ın müxbirinə müsahibəsində “Galkynyş” qrupunun bədii rəhbəri, Türkmənistanın Əməkdar atçı-artisti Sərdar Pıqıyev kollektivin Azərbaycandakı təəssüratlarından danışıb.

“Bizi buraya dəvət edən Allahverdi İsrafilovla uzun müddətdir tanışıq. Biz Azərbaycana gəlib bu şounu göstərməyi xəyal edirdik. Nəhayət, xəyalımız gerçəkləşdi”, – deyə o bildirib.

“Türk ölkələrinin birgə işləməsi çox vacibdir”, – deyən müsahibimiz qeyd edib: “Bizə Azərbaycanda çox xoşdur. Burada işləmək rahatdır, bunun üçün bütün lazımi şərait və imkanlar var. Azərbaycan tamaşaçıları bizi çox gözəl qarşılayırlar. Mən Azərbaycan xalqını Novruz bayramının yaxınlaşması münasibətilə təbrik etmək istərdim – bu, bizim türk bayramımızdır və biz onu çox sevirik”. 

“Sirk Sea Breeze” sirkinin direktoru A.İsrafilov isə Türkmənistandan sənətçiləri Azərbaycana dəvət etmək ideyasının necə yarandığını bölüşüb.

“Galkynyş” qrupu ilə 2015-ci ildə Çində keçirilən Çjuhai Beynəlxalq Sirk Sənəti Festivalında tanış oldum. O vaxt hələ artist kimi çalışırdım. Lakin gələcək həyatımı sirk sənayesində necə qurmaq istədiyimi artıq bilirdim.

Bakıya qayıdıb rəhbər kimi sirklə məşğul olmağa başlayandan sonra dərhal “Galkynyş” rəhbərliyi ilə əlaqə saxladım. Mən bu gözəlliyi Azərbaycanda göstərmək, iki ölkəni birləşdirəcək qardaşlıq proqramı yaratmaq istədim. Qrup çox məşğul olduğu üçün təxminən dörd il danışıqlar apardıq. Onlara bütün dünyada tələbat var. Nəticədə, bu missiyanı yerinə yetirmək üçün Türkmənistandan 60 nəfər Azərbaycana gəldi”, – deyə həmsöhbətimiz vurğulayıb.

A.İsrafilov, həmçinin Türk dünyası ölkələrinin nümayəndələrini bir araya gətirən layihələrin əhəmiyyətindən danışıb.

“Sirk xalqlar arasında dostluqdur. Sirkdə heç vaxt milliyyət məsələsi olmayıb. Türk xalqları birləşib birgə layihələr yaratdıqda, bu, sadəcə möhtəşəmdir!

Biz türk şouları mövzusunu davam etdirəcəyik. Hazırda əvvəllər ölkəmizdə çıxış etmiş qazaxıstanlı sənətçilərlə danışıqlar aparırıq. Bu dəfə onları tam proqramla dəvət etməyi planlaşdırırıq. Bu, çox ciddi bir layihə olacaq. Çox güman ki, onu bu ilin oktyabr-noyabr aylarında reallaşdıra biləcəyik”, – deyə “Circus Sea Breeze” sirkinin direktoru əlavə edib.

Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
azertag.az

1Mənbələr