Son aylarda İranın hərbi-siyasi rəhbərliyində baş verən “yarpaq tökümü” müzakirəsiz ötüşməyib. Müxtəlif hücumlar, sui-qəsdlər və hərbi əməliyyatlar nəticəsində ölkənin bir sıra yüksək rütbəli məmurları və komandirləri həyatını itirib. Məlumatlara görə, təkcə son müharibə və hücumlar zamanı onlarla yüksək vəzifəli hərbi rəhbər və general öldürülüb. Bəzi mənbələr rəqəmin ən azı 40 olduğunu iddia edir. Metbuat.az xəbər verir ki, hücumlar zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirləri və raket proqramına cavabdeh olan generalların öldürüldüyü artıq təsdiqlənib. Bu hadisələr İranın hərbi rəhbərliyində ciddi boşluq yaradıb və ölkə tez-tez yeni komandirlər təyin etmək məcburiyyətində qalıb. İranda nə qədər general var? İranın hərbi sistemi iki əsas hissədən ibarətdir: - İran Ordusu - İslam İnqilabı Keçikçiləri Korpusu Bu iki struktur ölkənin əsas hərbi gücünü təşkil edir və müxtəlif rütbəli yüzlərlə yüksək zabitə birləşdirir. Təkcə SEPAH-ın aktiv heyətinin təxminən 190 min nəfər olduğu bildirilir və bu struktur İranın raket proqramı və regional əməliyyatlarında əsas rol oynayır. Amma bu rəqəmin 210 min civarında olduğunu yazan mənbələr də var. Ekspertlərin fikrincə, belə böyük hərbi sistemdə onlarla, hətta yüzlərlə general rütbəli zabit mövcuddur. Onların bir qismi orduya, bir qismi isə SEPAH və onun müxtəlif bölmələrinə rəhbərlik edir.Generallar niyə hədəfə çevrilir?Son illərdə İran generallarının tez-tez öldürülməsi təsadüfi hesab edilmir. Bunun bir neçə səbəbi var:- İranın raket və nüvə proqramları ilə bağlı gərginlik- Yaxın Şərqdə müxtəlif silahlı qruplara dəstək verməsi- Regional və beynəlxalq rəqiblərin kəşfiyyat əməliyyatlarıBu səbəbdən yüksək rütbəli hərbçilər tez-tez hədəfli sui-qəsdlərin və hava zərbələrinin əsas hədəfinə çevrilir. Yuxarıda da qeyd etdiyimiz kimi ABŞ və İsrailin fevralın 28-də İrana başlatdığı hücum nəticəsində ən azı 40 general həyatını itirib. Onları gələcəkdə nə gözləyir?İranın ali rütbəli şəxslərini, xüsusilə SEPAH generallarını yaxşı gələcəyin gözlədiyini söyləmək mümkün deyil. Bu şəxslər İsrailin bir nömrəli hədəfi olduğu üçün daim atəş altında olacaqları heç kimdə şübhə doğurmur. Mümkündür ki, müharibə başa çatandan sonra da SEPAH generalları “hədəf taxtası”nda qalsın. Analitiklər də o fikirdədir ki, regionda gərginlik azalmadığı müddətdə yüksək rütbəli komandirlərin hədəfə çevrilməsi ehtimalı böyükdür.Buna baxmayaraq, İranın hərbi sistemi çoxpilləli quruluşa malikdir və bir general öldürüldükdə onun yerinə tez bir zamanda yeni komandir təyin olunur. Bu isə ölkənin hərbi strukturlarının fəaliyyətini davam etdirməsinə imkan verir. Nazim Hüseynzadə / Metbuat.az