Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və sürətlə dəyişən proseslərin təsiri altında formalaşır. Dünyada geosiyasi rəqabətin artması, yeni münaqişə ocaqlarının yaranması və qlobal təhlükəsizlik mühitində müşahidə olunan qeyri-müəyyənlik dövlətlər arasında dialoq və əməkdaşlıq platformalarının əhəmiyyətini daha da artırır. Bu baxımdan keçirilən XIII Qlobal Bakı Forumu qlobal gündəliyin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forum müxtəlif regionlardan dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, ekspertləri və siyasətçiləri bir araya gətirərək müasir dünyanın əsas çağırışları ətrafında fikir mübadiləsinə imkan yaradıb.
Forumda iştirak edən Prezident İlham Əliyev çıxışında müasir beynəlxalq vəziyyətin təhlilini apararaq qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərdən bəhs edib. Dövlətimizin başçısı vurğulayıb ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Təhlükəsizlik təmin olunmadan sosial-iqtisadi və siyasi sahələrdə əldə olunan uğurlar davamlı xarakter daşımır. Bu səbəbdən qlobal miqyasda artan risk və təhdidlər fonunda dövlətlərin birgə fəaliyyət göstərməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi zəruri amil kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizlik məsələlərinə də toxunub. Regional sabitliyin təmin olunması uzun illər ərzində dövlət siyasətinin əsas prioritetlərindən biri olub. İşğal dövründə sülhə nail olunması və suverenliyin bərpası istiqamətində aparılan mübarizə milli strategiyanın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Təxminən 30 il davam edən münaqişə dövründə ərazilərin işğal altında qalması regionda sabitliyin təmin olunmasına ciddi maneələr yaradıb. Bu müddət ərzində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etsə də, həmin sənədlər uzun illər icra edilməyib. Bu fakt beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı ciddi suallar doğurub və regionda ədalətli həll mexanizmlərinin zəruriliyini bir daha gündəmə gətirib.
Azərbaycan işğal olunmuş ərazilərin azad olunması üçün həm diplomatik, həm də siyasi vasitələrdən istifadə edib. Lakin sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə beynəlxalq hüququn təmin etdiyi özünümüdafiə hüququndan istifadə etmək zərurəti yaranıb. Nəticədə İkinci Qarabağ müharibəsi zamanı ərazilər işğaldan azad olunub. Bu proses BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib və beynəlxalq hüququn prinsiplərinə tam uyğun olub.
Forumda səsləndirilən fikirlərdən biri də ondan ibarət idi ki, Azərbaycan münaqişənin həlli prosesində nadir təcrübə əldə edib. Əvvəlcə hərbi yolla işğala son qoyulub, daha sonra isə siyasi və diplomatik yollarla sülh prosesinin təşviqinə başlanılıb. Prezident İlham Əliyev çıxışında bildirib ki, bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Uzunmüddətli münaqişədən sonra sülhə nail olmaq asan proses deyil. Buna baxmayaraq, siyasi iradə və qarşılıqlı anlaşma sayəsində normallaşma prosesində mühüm addımlar atılıb. Sülhün əldə olunması iqtisadi əməkdaşlığın genişlənməsi, regional əlaqələrin bərpası və yeni inkişaf imkanlarının yaranması üçün mühüm zəmin yaradır. Sülhdən daha yaxşı alternativ yoxdur və bu prinsip regionda davamlı sabitliyin təmin olunmasının əsas şərti hesab edilir.
Forumda müzakirə olunan əsas mövzulardan biri də enerji təhlükəsizliyi idi. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, qiymət dalğalanmaları və yeni enerji marşrutlarının formalaşması dövlətlərin enerji siyasətinə daha məsuliyyətli yanaşmasını tələb edir. Bu baxımdan Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq bazarda mühüm rol oynayır. Ölkə neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi daxil olmaqla bütün enerji seqmentləri üzrə istehsal və ixrac imkanlarına malikdir.
Son illər ərzində qaz ixrac edilən ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi enerji əməkdaşlığının genişlənməsinin bariz göstəricisidir. Bu qazın hamısı boru kəmərləri vasitəsilə nəql olunur və coğrafi əhatə baxımından Azərbaycan dünyada aparıcı qaz təchizatçılarından biri hesab edilir. Eyni zamanda, ölkə OPEC+ formatında məsuliyyətli tərəfdaş kimi çıxış edərək qlobal enerji bazarında sabit və proqnozlaşdırıla bilən qiymətlərin formalaşmasını dəstəkləyir.
Forum çərçivəsində toxunulan digər mühüm mövzulardan biri nəqliyyat və logistika sahəsi ilə bağlı idi. Müasir dünyada geosiyasi gərginliklər və münaqişələr ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə ciddi təsir göstərir və bu da qlobal ticarət zəncirlərində problemlər yaradır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün ölkə Şərq‑Qərb nəqliyyat dəhlizi və Şimal‑Cənub nəqliyyat dəhlizi üzrə əvəzolunmaz tərəfdaş kimi çıxış edir.
Bu dəhlizlər Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə, logistika marşrutlarının şaxələndirilməsinə və regional iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verir. Azərbaycanın bu layihələrdə fəal iştirakı qlobal nəqliyyat sistemində yeni imkanlar yaradır və ölkənin strateji əhəmiyyətini daha da artırır. Nəqliyyat və logistika sahəsinə yatırılan investisiyalar nəticəsində regionu birləşdirən müasir infrastruktur formalaşıb və bu infrastruktur qlobal ticarətin davamlılığının təmin olunmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Bakı platforması yalnız regional deyil, qlobal səviyyədə dialoq və əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq tədbirdir. Müxtəlif ölkələrin nümayəndələrinin bir araya gəldiyi XIII Qlobal Bakı Forumu müasir dünyanın əsas problemlərinin müzakirə olunduğu və yeni əməkdaşlıq perspektivlərinin formalaşdığı mühüm siyasi platforma kimi çıxış edir. Qlobal çağırışların artdığı bir dövrdə belə təşəbbüslər beynəlxalq sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.